«The Independent»də Qarabağ polemikası
Ingiltərənin “Independent” qəzetində Tom Layns adlı bloggerin Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycan həqiqətlərindən bəhs edən yazısı yayımlanıb. Qeyd edək ki, bu yazı bir müddət əvvəl elə bu qəzetdə dərc olunmuş Adrian Pont adlı bloggerin məktubuna cavabdır. Iyunun 1-də yayılan məktubda müəllif açıq-aşkar ermənipərəst mövqedən çıxış edir. O, Dağlıq Qarabağ problemində Ermənistanı müdafiə edərək, münaqişənin uzanmasına görə rəsmi Bakını günahlandırmışdı.
Bu məktubun yayılmasından bir həftə sonra – iyunun 8-də Tom Layns adlı blogger də “The Independent” qəzetinə məktub göndərərək, Adrian Pontun iddialarının əsassız olduğunu bildirib. Qeyd edib ki, görünür, Pont Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyindən xəbərsizdir: “Ümid edirəm ki, Adrian Pont Ermənistanın Azərbaycan ərazisini işğal etdiyindən xəbərsizdir. Belə olmasaydı, o, məktubunda Azərbaycanın Ermənistana qarşı aqressiyasına ironiya ilə yanaşmazdı”.
Tom Layns Qarabağ savaşı zamanı Bakıda çalışdığını və o zaman baş verənlər barədə məlumatlı olduğunu diqqətə çatdırır. Müəllif məktubunda yazır ki, 20 il əvvəl Ermənistan Azərbaycan ərazisinin təxminən 4/1 hissəsini, o cümlədən Dağlıq Qarabağ ətrafındakı rayonları işğal edib. O vaxtdan indiyə qədər regionda hərbi idarəçilik hökm sürür.
Ingilis blogger məktubunda Qarabağ müharibəsi zamanı Bakıda baş verən ictimai-siyasi proseslərə də toxunub: “Həmin dövrdə Bakıda işləyən azsaylı qərblidən biri idim. Qarabağ müharibəsi 1993-cü ildə SSRI-nin sabiq rəhbəri Brejnevin yaxın məsləhətçilərindən olan Heydər Əliyevin Azərbaycanda hakimiyyəti ələ keçirməsi faciəsilə nəticələndi. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs haqda razılıq əldə olundu. Indiyə qədər dəyişən çox az şey olub. Əliyev diktaturası möhkəmləndi və onun oğlu Ilhamla davam etdi. Onlar da torpaqları işğaldan azad edə bilmədi və bu gün Ermənistan Azərbaycan ərazilərini işğal etməsinin 20 illiyini qeyd edir. Ümid edirəm ki, ədalət öz yerini tapacaq, Ermənistanın 20 il ərzində öz qonşusunun torpaqlarını işğal altında saxlamasına son qoyulacaq”.
Turan