Hüseynbala Səlimov: «Düşünürəm ki, Hillari Klinton bu sözü söylərkən cəmiyyətdəki kəskin siyasi qütbləşməni nəzərdə tutub»
Leyla Əliyeva: «Hillari Klinton bu açıqlaması ilə Azərbaycandakı vəziyyəti birmənalı qiymətləndirmədiyini göstərir»
Bir çox hallarda diplomatlar açıq tekstlə söyləmədiklərini deyimlər vasitəsilə dilə gətirirlər. Bu baxımdan ABŞ dövlət katibi Hillari Klintonun söylədiklərini də bu qəbildən hesab etmək olar. Hillari Klinton rəsmilərlə görüşlərinin birində Azərbaycanı yarımçıq bir stəkana bənzədib. Bəs diplomatik dildən tərcümədə xanım Klintonun söylədiklərini necə qiymətləndirmək olar?
Siyasi analitik Hüseynbala Səlimov hesab edir ki, Klinton obrazlı şəkildə Azərbaycanda baş verənlərə diqqət yönəldərək, ölkə reallıqlarını təsvir edib. H.Səlimovun fikrincə, H.Klintonun çəkdiyi misal daha çox cəmiyyətdəki siyasi durumu əks etdirir: “Düşünürəm ki, Hillari Klinton bu sözü söylərkən cəmiyyətdəki kəskin siyasi qütbləşməni nəzərdə tutub. Hazırda cəmiyyətdə bütün resursları əlinə alan iqtidar və təbliğat vasitələrindən məhrum edilən müxalifət var. Eyni zamanda ölkədəki sosial qütbləşmə də bu misalın yozumu ola bilər”.
Klintonun Bakıda demokratiya ilə bağlı da bir sıra mesajlar verdiyini deyən H.Səlimov vurğuladı ki, yenə birmənalı şəkildə qeyd olundu ki, ABŞ Azərbaycanda demokratiyanı dəstəkləyir və bu dəyərin bərqərar olunması üçün bundan sonra da əlindən gələni edəcək.
Politoloq Leyla Əliyevanın da qənaətincə, Klintonun söylədikləri mühüm diplomatik mesajdır. Çünki ABŞ dəfələrlə çatdırmaq istədikləri mesajlarını bu cür ifadələrin vasitəsilə gündəmə gətirir: “Belə bir qayda qəbul olunub. Əgər nəyisə tənqid etmək istəyirsənsə, o zaman bildirirsən ki, su ilə dolu stəkan yarıya qədər boşdur. Müsbət mənada nəsə söyləmək istəyəndə isə stəkanın yarıya qədər dolu olduğunu bildirirsən. Hillari Klinton bu açıqlaması ilə ABŞ-ın Azərbaycandakı vəziyyəti birmənalı qiymətləndirmədiyini göstərir”.
Hikmət


