Sifarişin Prezident Administrasiyasından gəldiyinə şübhə yeri qalmır
Leyla Yunus: «Repressiyalara qarşı müqavimət hərəkatı yaratmaq lazımdır»
Hakimiyyətin AXCP üzvlərinə qarşı repressiyası yenidən vüsət alıb. Bir neçə gündür partiyanın fəallarına və onların ailə üzvləri polis idarələrinə çağrılır, onlara hədə-qorxu gəlinir və mitinqlərə qatılmamaq barədə xəbərdarlıq edilir. Lakin partiya fəallarının bunlara məhəl qoymadığını görən hüquq-mühafizə yeni təzyiq metodlarına əl atmağa başlayıblar. Artıq polis idarələrinə fəalların valideynləri və ailə üzvləri çağrılır.
Dünən AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayevin anası Zülfiyyə Babayeva Neftçala rayon polis bölməsinə dəvət olunub. Gənc fəalın verdiyi məlumata görə, polislər rayondakı evlərinə gələrək anasının bölməyə gəlməli olduğunu və sahə müvəkkilinin onunla danışmaq istədiyini bildiriblər. Səbəb kimi isə oğlunun AXCP fəalı olması və hakimiyyət əleyhinə keçirilən etiraz aksiyalarına qatılmasını göstəriblər: “Anam polis bölməsinə gedəndə sahə müvəkkili ona deyib ki, Dəyanət müxalifətin mitinqlərinə qatılır. Oğlunuza deyin sakit dursun. Onun başına ağıl qoyun, yoxsa axırı çox pis olacaq. Anam yetkinlik yaşımda olduğumu deyərək, mənə təsir edə bilmədiyini deyib. Sahə müvakkili isə deyib ki, əgər belədirsə Dəyanət ölkəni tərk etsin. Anama deyiblər ki, Dəyanətin özünə bir şey eləməsək də, bütün qohumlarını tanıyırıq, onları həbs edəcəyik. Sahə müvəkkili deyib ki, Dəyanət rayonumuz üçün ləkədir. Hər dəfə ona görə rayonumuza söz gəlir. Daxili Işlər Nazirliyindən zəng vurub, danlıyırlar”.
D.Babayev buna bənzər hədələrin öncələr də baş verdiyini deyib. Onun sözlərinə görə, bir neçə gün əvvəl rayon rəhbərliyi adından AXCP fəalına rayona gəlməmək barədə xəbərdarlıq ünvanlınıb. Xəbərdarlıqda deyiblər ki, rayona gəlsə, həbs olunacaq.
Dünən məlum olub ki, AXCP Cəlilabad rayon şöbəsinin Gənclər Komitəsinin sədri Türkel Əlisoya və yaxınlarına da təzyiq edilir. T.Əlisoyun sözlərinə görə, ötən gün MTN və polis əməkdaşları onun evinə gəliblər: “Əvvəl evə gəliblər, sonra qohumlarımla söhbət ediblər. Məqsədləri məni tutduğum yoldan çəkindirməkdir”.
T.Əlisoy deyir ki, qohumlarını da polis idarəsinə dəvət ediblər: “Onları idarəyə çağırıb, işdən çıxarılma, həbslə hədələyirlər. Artıq iki gündür ki, evə getmirəm, başqa ünvanda gecələyirəm. Fəal olmağım yerli hakimiyyətin xoşuna gəlmir”.
Qeyd edək ki, son bir həftə ərzində müxalif siyasi fəallara qarşı təzyiqlər pik həddə çatıb. Ayrı-ayrı günlərdə AXCP üzvləri Xanım Mustafayeva, Vasif Alışlı, Ramin Musayev, Bəyim Həsənli və adıçəkilən şəxslərin valideynləri polis bölmələrinə çağrılaraq təzyiqlərə məruz qalıblar. Iyunun 8-də AXCP üzvü Zərifə Məhəddinova Türkiyədən qayıdarkən hava limanında bir neçə saat saxlanılıb və sonra sərbəst buraxılıb. Iyunun 9-da iki mülki geyimli şəxs “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında AXCP üzvü Kəmalə Xəlilovanı polis bölməsinə aparmaq istəyiblər. K.Xəlilova təkidlə rəsmi qaydada çağırışın göndərilməsini və polis maşının gəlməsini tələb edib, bundan sonra mülki geyimlilər uzaqlaşıblar.
Qeyd edək ki, son repressiya dalğası Əli Həsənovun aksiyaya çıxan qadınlarla bağlı məlum çıxışından, ümumiyyətlə müxalifət fəallarını ittiham edən fikirlərindən sonra başlayıb. Bu da sifarişin Prezident Administrasiyasından gəldiyinə şübhə yeri qoymur.
Hüquq müdafiəçisi Leyla Yunus da sifarişin birbaşa hakimiyyətdən gəldiyini və bu repressiya dalğasının əvvəlcədən proqnozlaşdırıldığını deyir: “Biz əvvəldən demişdik ki, ”Eurovision”dan sonra bütün istiqamətlər üzrə təzyiqlər və repressiyalar başlayacaq. Indi bizim əsas vəzifəmiz bu barədə ucadan danışmaq və hər kəsi məlumatlandırmaqdır. Repressiyalara qarşı müqavimət hərəkatı yaratmaq lazımdır. Internetdə aktiv çıxışlar və çağırışlar edilməlidir. Fürsətdən istifadə edərək təzyiqə məruz qalan insanlara müraciət etmək istəyirəm ki, ölkəni tərk etmək haqda düşünməsinlər. Əvvəl erməni işğalçılarından qaçırdılar, indi də mafioz rejimin işğalından. Ailələrini, uşaqlarını daha təhlükəsiz yerə apara bilərlər. Çünki yoldaşının, uşağının, ananın girovda olduğunu görmək çox çətindir. Amma kişilər Avropa ölkələrinə getməməli, burada qalıb ölkəsini mafioz rejimin işğalından qurtarmalıdılar”.


