ABŞ səfirliyinin mətbuat katibi: “İnsan haqları ABŞ üçün ciddi məsələdir”
İdrak Abbasov: «Yəqin ki, Klinton təəccübündən gülümsəyib»
Döyülən jurnalist bu gün ABŞ səfirliyinə çağırılıb
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-in “Əhatə dairəsi” həftəlik proqramına müsahibəsində skandallı fikirlər səsləndirib. Müsahibə sosial şəbəkələrdə əməlli-başlı “fırtına” yaradıb.
N.Məmmədov təkidlə bildirib ki, ABŞ dövlət katibi Hillari Klinton Azərbaycanda jurnalistlərə qarşı təzyiqlər və jurnalist Idrak Abbasovun vəhşicəsinə döyülməsi ilə bağlı faktları “elə-belə, ayaq üstü, söhbətlərin axırında və gülə-gülə soruşub. Üstəlik N.Məmmədov I.Abbasovun jurnalist olduğunu da şübhə altına alaraq onun barəsində ”özünü jurnalist adlandıran biri” deyə danışıb.
Sosial mediada geniş müzakirə və şərhlərə səbəb olan bu açıqlama ümumən Azərbaycan rəsmisinin ABŞ dövlət katibini şantaj, onun adından manipulyasiya cəhdi kimi dəyərləndirilib. Sosial media nümayəndələri və jurnalistlər bu açılama ilə bağlı tərəflərin rəsmi izahat verməli olduğunu da bildirirlər.
“Azadlıq” qəzetinə açıqlamasında İdrak Abbasov N.Məmmədovu bu fikirlərinə görə məhkəməyə verəcəyini deyib: “Mən Novruz Məmmədovdan öz kabinetində dəfələrlə müsahibə götürmüşəm. Əgər jurnalist deyildimsə, mənə niyə müsahibə verirdi? Bununla yanaşı, KIV-ə Dəstək Fondunun dövlət rəsmilərinin də iştirak etdiyi tədbirində mənə mükafat verilib. Jurnalist olmayan adama niyə mükafat verirdilər? Bu fikirlərinə görə Novruz Məmmədovu məhkəməyə verəcəm. O boyda vəzifə tutan adamın bütün ölkəyə yayılan telekanalda bu sözü deməyi mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma zərbədir.
Məhkəmədən simvolik olaraq bir dollar tələb edəcəm. Onlar bizdən milyonlar tələb etsələr də, mən ondan bu məbləği istəyəcəm”.
I.Abbasov N.Məmmədovun yalan danışdığını və bu yalanın onun danışıq tərzindən açıq şəkildə göründüyünü deyir: “O, vicdanını tam itirmiş adam olmadığına görə dili topuq vura-vura danışırdı. Çünki yalan danışa bilmirdi. Mən onu şəxsən tanıyıram. Dəfələrlə kabinetində də olmuşam, müsahibə də götürmüşəm. Xanım Klintonun gülməyinə gəlincə, yəqin o, Neft Şirkətinin mənimlə bağlı açıqlamasına gülüb. O açıqlamada deyilir ki, mənim atlı dəstələrim var, qardaşlarımla birgə oranı işğal etmişəm və s. Çox güman ki, Klinton təəccübündən gülümsəyib. Prezident də deyib ki, aha, biz Klintonu güldürə bildik. O da sevincək olub gülüb. Klintonun jurnalistin döyülməsinə gülməsi mənə inandırıcı görünmür”.
I.Abbasov artıq ABŞ səfirliyindən onunla əlaqə saxlanıldığını və bu gün səfirlikdə görüşün baş tutacağını bildirib.
Məsələ ilə bağlı mövqe öyrənmək üçün ABŞ səfirliyinə də müraciət etdik. Səfirliyin mətbuat katibi Kis Bin bunları dedi: “Dövlət katibi Hillari Klinton Bakıya səfəri zamanı Azərbaycanın dövlət başçısı və bir sıra dövlət rəsmiləri ilə görüşüb. Həmin görüşlərdə insan haqları, o cümlədən Idrak Abbasovla bağlı məsələ müzakirə olunub. Insan haqları ABŞ üçün ciddi məsələdir”.
İnformasiya şöbəsi