Əliyevlər sülaləsi xalqımıza nədən bu dərəcədə nifrət edir?

Mühacirətdə yaşayan professorumuz ziyalılara səsləndi

Xalqı Heydərizmin hipnozundan ayıldın

Professor Tofiq Şahtaxtinski, Vaşinqton

Bu gün dünyanın ən qabaqcıl demokatik ölkələri, beynəlxalq qeyri-hökumət təşkilatlar ölkəmizin rüşvət və korrupsiya çirkabına qərq olması, xalqın düçar olduğu misilsiz haqsızlıqlar, hüquqlarının tapdalanması haqda bəyanatlar verir, canlı yayımla nümayiş etdirirlər. Ölkə daxilində əli dəyənəkli polis və mülki geyimli prezident qoçularının zorakarlığına baxmayaraq insanlar nümayişlərə çıxır, mitinq və piketlər təşkil edirlər. İctimai Palata, Ziyalılar Forumu, Demokratiya Uğrunda Müqavimət Hərəkatı, gənclər təşkilatları ətrafında toplaşan insanlar öz sözlərini deyir, ölkəmizdəki hazırki duruma görə həyacan təbili çalırlar. Çox təəssüf ki, sülalə üzvləri, dövlət məmurları, Prezident Aparatının məsul işçiləri, YAP liderləri və hökumət qəzetlərinin redaktorları gözlərini bağlayıb, qulaqlarına pambıq tıxayaraq özlərini bütün bunlardan xəbərsiz kimi aparırlar…
Bununla belə, inanmaq olmur ki, bu adamlar ölkənin sərvətlərini talamaq məqsədilə quraşdırdıqları, heç bir ideologiya və konsepsiyaya malik olmayan “dövlətçiliklərinin” tezliklə dağılacağını bilmirlər. Bəli, həmin gün artıq gəlib. Hamımızın – sülalə hakimiyyətinin və bu hakimiyyətə inanıb aldanan xalqın qapısını döyməkdədir…

TÜRK OĞLU TÜRK ÖZ XALQINA TARİXƏN BU DƏRƏCƏDƏ AMANSIZ, QƏDDAR OLMAYIB…
 
“Ərəb baharı” baş verən ölkələrin heç birisində insanların sosial- iqtisadi vəziyyəti bizim ölkədəki kimi biabırçı vəziyyətdə deyildi. Həyat fəaliyyətimizin əsas məğzini təşkil edən, artıq qanun şəklini almış korrupsiya, rüşvət, oğurluq o ölkələrin heç birində bizdəki səviyyəyə qalxmamışdı. İnsanların evlərini başlarına uçurub müvafiq müavinətlərini verməmək, konstitutsiya və qanunları pozmadan küçə yürüşləri edənləri tutub damlamaq, dövlət başçısı və onun övladlarının xalqın yeraltı- yerüstü sərvətlərini belə AŞKAR ŞƏKİLDƏ mənimsəməsi halları yox idi.
 Xalq öz qisməti olan neft sərvətlərinə kənardan baxa-baxa qalıb. Hətta neft və qaza malik keçmiş sovet respublikalarında da xalq öz halal sərvətlərindən kommunal xərclərin yüngülləşdirilməsi və maaşların artırılması şəklində bəhrələnirlər. Bizim ölkədə isə… Keçmiş sovet respublikaları içərisində büdcədən maliyyələşdirilən ən aşağı məbləğdə maaş, təqaüd və digər sosial ödənişlər, eyni zamanda da ən yüksək kommunal istismar xərcləri bizim ölkədədir.  Keçmiş sovet respublikalarının əksəriyyətində sovetlər dövründən əmanət kassalarında qalan pullar xalqı razı salan səviyyədə ödənildiyi halda, başından milyardlar yağan SÜLALƏ MONARXİYASI bu pulları o dövrün pulunun alıcılıq qabiliyyətilə müqayisədə 10 dəfə aşağı məbləğdə qaytaracağını elan edib. Bu ödənişi uzun illərdən bəri gözləyən ən kasıb ailələr belə, etiraz əlaməti olaraq elan edirlər ki, başlarına dəysin, onu da almayacağıq, yaqin AİLƏNİN “ƏLİ AŞAĞIDIR”. Belə iqtisadi sanksiyalarla yanaşı, son günlər paytaxtın küçə və meydanlarında mülki geyimli, qoluzorlu adamlar dəstə- dəstə gəzir, istədikləri adamı döyüb, qollarını buraraq mülki maşınlara basıb nəməlum istiqamətlərə aparırlar. Bütün bunlar təbii olaraq insanı düşündürür ki, nə səbəbdən Əliyevlər sülaləsi xalqımıza bu dərəcədə nifrət edir? AXI TÜRK OĞLU TÜRK ÖZ XALQINA TARİXƏN BU DƏRƏCƏDƏ AMANSIZ, QƏDDAR OLMAYIB… Zənnimcə, dünyada analoqu olmayan bu fenomeni tarixçilərimiz, etnoqraflarımız, antropoloqlarımız araşdırıb ona aydınlıq gətirməlidirlər…

ÖLKƏDƏ QANLI VƏTƏNDAŞ QARŞIDURMASI YARANARSA, MƏSULİYYƏTİ İQTİDARIN ÜZƏRİNƏ DÜŞƏCƏK…
 
Tarix dəfələrlə sübut edib ki, dayağı olmayan, yalançı vədlərlə və ya zorakılıqla qurulan hakimiyyətlərin uzun sürmədən süquta üğraması labüddür, tarixi zərurətdir. Yaxın tariximiz göstərdi ki, bu gün bu, iki yolla həyata keçir: ərəb ölkələrindəki kimi minlərlə insan tələfatı ilə nəticələnən qanlı üsyan və inqilablar yolu, ya da “məxməri inqilab” adlanan, qan tökülmədən hakimiyyətin dəyişdirilməsi yolu ilə. ƏRƏB BAHARINA OXŞAR ÜSYANLAR VƏ YA İNQİLABIN BİZİM ÖLKƏDƏ DƏ ALOVLANMASININ qarşısını almaq məqsədilə müxalifətin dəfələrlə hakim sülalə monarxiyasına  idarəçiliklərində əməli islahatlar aparmaq təklifləri verməyinə baxmayaraq, bunlara qətiyyən məhəl qoyulmayıb. Odur ki, ölkəmizdə sosial siyasi və iqtisadi vəziyyət get-gedə pisləşməkdədir…
Bu gün tam qətiyyətlə demək olar ki, əgər, ÖLKƏDƏ BELƏ QANLI VƏTƏNDAŞ QARŞIDURMASI YARANARSA, ONUN MƏSULİYYƏTİ BÜTÖVLÜKDƏ İQTİDARIN ÜZƏRİNƏ DÜŞÜR.
Qan tökmədən dəyişikliyə misal olaraq leninizmin yalançı vədləri və zor gücünə qurulmuş dünyanın ən nəhəng imperiyalarından biri olan SSRİ-nin çökməsi və qonşumuz Gürcüstandakı “məxməri” inqilabı göstərmək olar. İtirdiyimiz vaxta, əldən verdiyimiz şanslara baxmayaraq, bu gün xalqımız öz yeraltı-yerüstü sərvətlərinin sahibi olaraq, rüşvət alıb-vermədən, korrupsiya və oğurluqdan uzaq, öz halal əməyilə yaşadığı, azad və demokratik cəmiyyətli vətənə nail ola bilər. BUNU İSƏ, HƏR ŞEYDƏN ƏVVƏL, BU GÜNKÜ CƏMİYYƏTİMİZİN ÖZÜ, ONUN ZİYALI TƏBƏQƏSİ, ELİTASI İSTƏMƏLİ VƏ TƏLƏB ETMƏLİDİR. Yenə də qonşu Gürcüstana istinadən deyirəm ki, orada gürcü xalqı, ziyalıları, elitası bunu edə bildi. İNDİ NÖVBƏ BİZİMDİR. Birinci növbədə, ZİYALILARIMIZ xalqı HEYDƏRİZMİN HİPNOZUNDAN ayıldıb, onun yeritdiyi – “XALQI MANQURTLAŞDIRMAQ VƏ OĞURLUĞA, YALTAQLIĞA, SATQINLIĞA TƏHRİK ETMƏKLƏ ƏBƏDİ İSİSMAR ETMƏK”  siyasətindən 180 dərəcə döndərib DÜNYƏVİ DƏYƏRLƏRƏ yönəltmək lazımdır. ƏGƏR BU DƏFƏ DƏ ŞANSIMIZI ƏLDƏN VERSƏK, VƏTƏNİMİZİ ƏBƏDİ İTİRƏ BİLƏRİK…