“Azərbaycandan tutmuş Zimbabveyə qədər öz ideyalarını, fikirlərini ifadə və müdafiə etdiklərinə görə həbsxanada saxlanılan siyasi məhbusların olduğunu görürük”;
“Biz Azərbaycan hökumətini vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa və dinc aksiyalarda həbs olunanları azad etməyə çağırırıq”.
(Hillari Klinton)
Biz Hillari Klintonun Bakıya səfərindən öncə konkret olaraq, ölkəmizlə bağlı etdiyi çağırışlardan ikisini nəzərinizə çatdıraraq, avtoritar rejimlər haqqında söylədiyi sərt bəyanatları isə bir kənara qoyuruq.
Klintonun səfəri haqda söhbətimizə başlamamışdan əvvəl, onun almaniyalı həmkarı Qido Vestervellin bir neçə ay öncə Bakıya səfəri və müxalifət nümayəndələrilə görüşünü yada salmaq yerinə düşərdi. Milli Məclis, YAP rəsmiləri, iqtidar mətbuatı bunu Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirdi. Deputat Fəzail Ağamalı isə Elmar Məmmədyarovu Almaniyadakı destruktiv qüvvələrlə (!) adekvat görüşə təhrik edirdi.
“Azərsu”nun sabiq şefi, indiki spiker Oqtay Əsədovun həmin günü od püskürən digər deputatların üstünə “su səpməklə” (peşə vərdişi!) keçdi desək, yanılmarıq.
Hazırda antiQərb təbliğatı tam sürətlə davam edir, yerli telekanallar bu ölkədəki ayrı-ayrı sosial kəsimlərin maaşların artırılması tələbilə keçirdikləri dinc yürüşləri belə, dünyanın ən qüdrətli dövlətlərinin faciəsi kimi təqdim edirlər. Allah axırını xeyir eləsin!
Qayıdaq, Hillari Klintonun səfərinə…
O, ATƏT-in seçki müşahidəçisi yox, ABŞ-ın dövlət katibidir
Iqtidar nümayəndələrinin bu səfər ərəfəsində isterik açıqlamaları, hökumətyönlü və rəsmi KIV-lərin antiAmerika, antiAvropa, antiIran təbliğatı yalnız bir məqsədə xidmət edirdi – ölkənin əsas problemi olan demokratiya və insan haqlarını arxa plana keçirmək, ənənəvi 19 illik formatı, yəni, Dağlıq Qarabağ, enerji təhlükəsizliyi və Iranı müzakirə etmək…
Səfərə veriləcək “siyasi don”un konturları iki versiya üzrə hesablanmışdı – müxalifətlə görüş baş tutacağı təqdirdə Almaniya variantı qaçılmaz olacaqdı. Təhlükəsizlik, enerji müzakirəsi kimi ənənəvi 2-ci varianta ümid az olduğundan, sürprizlərin olacağı görünürdü. Klinton bu versiyaları “oxudu” və qarşıdurmaya getməməklə bərabər, həm də optimal varianta üstünlük verdi.
Bu, əvvəlcədən məlum idi, ona görə də səfərin proqramı öncədən açıqlanmadı. Klintonun gəlişilə Azərbaycan-Ermənistan sərhədində (fikir verin, təmas xəttində yox – X.Ə.) silahlı toqquşma oldu, şəhidlər verdik, bütün günü sosial şəbəkələrdə az qala, müharibənin başlanması kimi spekulyativ xəbərlərə şahidlik etdik. Sual olunur, Ermənistanın bu təhriki hansı məqsədə xidmət edir?
Cəbhədə olan bu toqquşma Klintonun səfər gündəliyinə də təsir etdi, ehtimal olunan görüşlərin formatını dəyişdi, demokratiya və insan haqları sanki arxa plana keçmiş kimi göründü. Xanım Klintonun səfəri öncəsi Azərbaycan iqtidarının isterikası, Iranla gərginlik və məhz Bakıya səfər günü düşmən dövlətin təxribatı… maraqlıdır, deyilmi? Bu “diversiya” hansı məqsəd daşıyırdı, xüsusən də məkanın seçilməsi nə ilə izah olunur? Düşünürəm ki, çox yaxın zamanlarda bu məsələlərə aydınlıq gətirilməlidir.
Xanım Klintondan anlamlı jest
ABŞ-ın dövlət katibi öz növbəsində, əsəərlərin ölümünə diplomatik reaksiya verdi. O, təəssüfləndiyini bildirməklə yanaşı, bunun təsadüf olmadığına da işarə vurdu.
Bütün bunlara baxmayaraq, xanım Klinton keçmiş siyasi məhbus Bəxtiyar Hacıyevlə görüşdü. Hakimiyyət Bəxtiyarı Klintonun israrla azadlıq tələb etdiyi 2 aprel məhbuslarıyla müqayisədə daha ağır sayıla biləcək maddə ilə ittiham etmişdi.
Daim şən görünən dövlət katibi Bəxtiyar Hacıyevlə çəkdirdiyi şəkildə, super dövlətin ikinci şəxsindən çox, cəzasını çəkən oğlunun görüşünə gələn anaya bənzəyirdi. Bəli, siyasətdə bəzən dilin deyə bilmədiyini jestlərlə ifadə edirlər.
Mən Klintonun müxalifətlə görüşməməsini bayram edən iqtidar rəsmilərinə deyirəm ki, gec deyil, heç olmasa, bir günlük matəm elan edin, şəhidlərimizin ruhu bizdən inciməsin.

Bu xanımı 8 il ABŞ-ı idarə etmiş əri belə, aldada bilmədi
•