Türmədə olan oğlu hələ də ona “adam kişi kimi yaşayar” deyir…
Pərviz
Onun haqqında qəhrəman kimi danışmaq fikrində deyiləm. Di gəl, o yerdə qəhrəmanlıq dastanları yaranır ki, orda insan kimi yaşamaq, həm də düz yaşamaq mümkün deyil. Düzgün yaşamaq isə insanın ən adi borcudu. Neynəyəsən ki, bəzən ən adi yaşantı sayılacaq şey üçün qəhrəmanlıq lazım olur. Belə çıxır, günümüzün Azərbaycanı əsl qəhrəmanlıq dastanı fabrikidi. Adamı istəmədən qəhrəman eləyirlər…
Kişi kimi yaşamaq
“Kişi kimi yaşamaq” ifadəsi patriarxal çağların yadigarıdı. Haqsızlıq doludu. Artıq bu ifadənin ciddi şəkildə redaktəyə ehtiyacı var. Zaman o zaman deyil. Xanımlarımızdan gördüyümüz ərənlik, cəsurluq ifadəni dəyişməyi zəruri edir. Təkcə qadınlarımızdan deyil, hətta uşaqlarımızdan da. Bunu təkcə onların ictimai aktivliyinə görə demirik. Kişi öz evində, ailəsində təklənərsə, onun kişi kimi yaşaması artıq müşkülə çevrilir. Evin qadını, uşaqlar evin kişisinə elə təpki göstərə bilər ki, o kişinin mənliyi, ərənliyi təpədən-dırnağa sarsılar. Ona görə də gəlin, bu ifadəni sadəcə belə səsləndirək: Insan kimi yaşamaq!
Xəstə təfəkkür
Hər şey sonuncu parlament seçkisindən başladı. Onda baş verəcək faciələrə hələ bir xeyli vardı. O, sadəcə, insan kimi yaşamağın yolunu tutmuşdu. Cəmiyyətdəki neqativlərlə barışmaq istəmirdi. Zatən pozitiv bir şey də yoxkən başqa cür yaşamağı ağlının ucundan belə keçirmirdi. Hərə öz mübarizəsini bir cinahda, bir şəkildə aparır. O da AXCP-də özü kimi yüzlərlə insanla çiyin-çiyinə mübarizə aparırdı. Rejimin apardığı təbliğata görə hansısa müxalif partiyada fəaliyyət göstərmək, öz ideyalarını həyata keçirmək üçün hakimiyyətə gəlməyə çalışmaq az qala küfr, Vətənə xəyanət, dövlətçiliyə qarşı düşmənçilik sayılır. Sanki biriləri hakimiyyətə gəlibsə, daha başqaları ölüncə yerində farağat oturmalı, ağzını açmamalıdı. Bu xəstə təfəkkürü insanlarımızın beyninə yeridənlər əslində, Azərbaycanın və elə həm də özlərinin sabahını necə kor qoyduqlarını anlamırlar. Min illərin ən sadə həqiqəti onlara heç cür çatmır ki, çatmır. Axı Süleymana qalmayan dünyadı bu. Heç Qəzzafiyə də qalmayıb. Sabah hakimiyyətdən gedərsənsə, bir də necə hakimiyyətə iddia edəcəksən? Axı onda eyni məntiqlə sənə də deyəcəklər ki, bəs müxalif olmaq vətən xainliyidi.
Ailənin nəbzi
Seçki prosesindən başladı hər şey. Ona elçilər yollamağa başladılar. Rayon təhsil şöbəsinin müdiri şəxsən danışdı. Sonunda Respublikanın ədliyyə orqanlarından birində çalışan yaxın qohumunu onun başına ağıl qoymaq və ağıllanarsa, mükafatlandırılacağını çatdırmaq üçün yolladılar. Tələb sadəydi. Partiyasına aid imza vərəqələrini gecikdirməli, Seçki komissiyasına çatdırmamalı idi. Əvəzində torpaq sahəsi, ev, maşın, vəzifə və para! 70 minə çatırdı məbləğ. Bunu bir dil biləcəkdi, bir ağız. Ondan sonra yaşa da özünçün bəy kimi… Evə gəldi. Aldığı təklifi böyük oğluna dedi: Bir rayon üçün ən təmtəraqlı sayılacaq həyat! Oğlunun cavabı qısa və aydın oldu: “Kişi kimi yaşamaq hər şeydən gözəldi!”
Onda oğlu qarşıda onu nələr, necə qanlı-qadalı günlər gözlədiyindən qətiyyən xəbərdar deyildi. Hardan biləydi ki… Ona elə gəlirdi ki, hər kəs istədiyi həyatı yaşamaqda azaddı. Kimi kişi kimi, kimi (ən murdar sözü oxucular özləri seçə bilər)… Evin qadını da kişi həyatını seçdi. Onsuz da məcburi qəhrəmanlıqlar kimi, Azərbaycan qadını da qadın kimi yox, kişi kimi yaşamağa məcburdu bu ölkədə.
O, artıq elçilərə yekə bir “YOX” deyib gəlmişdi evə. Nəbzləri yoxladı. Hamının ürəyi bir vururdu!
Alın yazısıyla görünən adam
Nədənsə, heç cür onun adını çəkmək istəmirəm. Nə özünün, nə kişi kimi yaşamağı üstün tutan oğlunun. Onsuz da bu cür ailələr indi ölkəmizdə yüzlərlədi. Elə Şirinbacı nənənin ailəsi… Lakin adını çəkməsəm də, oxucu söhbətin kimdən getdiyini biləcək. Ən azı Cəlilabadda baş vermiş o qanlı olayı nişan verəndən sonra hər şey bəlli olacaq. O dəhşətli olay çox unikaldı, ama bu unikallığıyla da Azərbaycandakı hərbi-siyasi-polis rejiminin bu ölkəni, bu ölkənin insanlarını hansı faciəli uçurumun kandarına gətirib çıxardığını çox aydın şəkildə ifadə eləyir. Bu, sadəcə dəhşətdi! Işi-peşəsi körpü salmaq olan rejimin cəmiyyətdə yaratdığı uçurum, cəbhələşmə, qütbləşmə, iyrənc siyasiləşmə siyasi zəmində iki məktəbli uşağın qanlı toqquşmasına və sonucda birinin ölümünə səbəb oldu.
Seçki alverindən imtina eləyən Təzəxan Mirələmlinin rayon mərkəzində kirayədə qaldığı ev günlərcə pusulmağa başladı. Güdükçülər gəldi-getdi. Onu kirayədə yaşadığı evdən çıxartdırdılar. Özü kənddə dərs deyirdi, riyaziyyatdan. Övladları isə Zərifə Əliyeva adına orta məktəbdə oxuyurdular. Böyüyü məktəbə bir il gec getmişdi deyə, hər iki övladı 8-ci sinifdəydi. 2 aprel mitinqi üç gündü bitmişdi. Təzəxan Mirələmli amansızcasına döyülmüşdü. Gözünün biri az qala, yerindən çıxmışdı. Şişib üzünün bir tərəfini tutmuşdu. Saytlar, sosial şəbəkələr onun dəhşətli şəklinin üstündəydi. Mən də onu ilk dəfə həmin şəkildə gördüm. Nədənsə, indi də ona baxanda mənə elə gəlir ki, o, elə həmin şəkildədi. Bəlkə o şəkil onun alın yazısıdı ki, mən onu ancaq o cür görürəm. Bəlkə indi hər kəs onu elə görür.
Uşağı qatilə çevirmək
Aprelin 4-ü. Bazar ertəsi. Vasiflə qardaşı şənbə-bazarı kənddə olublar. Əmisi uşaqları əsgərlikdən qayıdıbmış. Iyirmi dəqiqə gecikiblər dərsə. Direktor onları sorğu-suala çəkir. Dərsə niyə gecikdiklərini soruşur. Uşaqlar kənddə olduqlarını və bu üzdən bir az gecikdiklərini deyirlər. Kimin uşaqları olduqlarını soruşur direktor… Təzəxan Mirələmlinin… Direktor onları məktəbdən qovur: “Müxalifətçi uşaqlarının Zərifə Əliyevada nə işi?!”
Uşaqlar suları süzülə-süzülə evə qayıdıb atalarına zəng vurur. Yaralı ata “eybi yox, sabah gedərsiz, özüm də gəlirəm səhər” deyir. Elə həmin gün, aprelin 4-də Cəlilabadın bütün məktəblərində Təhsil şöbəsi müdirinin göstərişi ilə yığıncaqlar keçirilir və Cəlilabaddan bir müəllimin müxalifət cəbhəsində olması şiddətlə qınanılır.
Aprelin 5-i. Dərsdə sinif yoldaşı, keçmiş polis işçisinin oğlu Həmid və haqqında istintaq hərəkəti olmuş başqa bir polis oğlu Vasif onu yamanlamağa, lağa qoymağa başlayır, təhqir edirlər. Söyürlər. Ən yumşaq sözləri: “Atanın … dağıtdılar”. Vasif Mirələmli müəllimə şikayət edir. Müəllim söyüşcül Vasifi və Həmidi sakitləşdirməyə çalışır, xeyri olmur. Hədyanlar davam edir. Mirələmli Vasif müəlliminin eşidilmədiyini görüb, aqressiv sinif yoldaşı Həmidi yerində oturdur. Tənəffüsdə Həmid bir neçə dostunu, 10-cu sinifdə oxuyan qardaşı Cavanşiri çağırır və Vasifi bir küncə qısnayıb eynən Azərbaycan polisinin amansızlığı ilə döyüb atası kimi qanına bələyirlər. Vasif bu qaragüruhdan canını qurtarıb evə gedir. Üzünün qanını yuyur. Evdən bıçağı götürüb cibinə qoyur. Fikri məktəbə gedib yeni hücumlardan qorxu yaradaraq qardaşını və özünü qorumaq olur. Anası dovğa bişirir. Əlini ayırsa, ayran çürüyər. Yan otaqdakı oğlunun halını görmür, sadəcə, bir olay olduğunu bilir. Hər gün məhlədə, küçədə baş verən uşaq olaylarından biri. Ayran çürümür. Lakin indi iki ana, iki ata dərd içində çürüyür…
Kənardan gələn qüvvələrin hesabına bir az da böyüyən qaragüruh onu məktəbin həyətində qarşılayır. Müəllimlərin gözü qarşısında yeni hərzə-hədyanlar və hücumlar başlayır. Vasif bıçağı çıxarır. Qorxu gəlir. Xeyri olmur. Müəllimlər sakit-sakit, heç nə olmamış kimi olayı izləyir. Cavanşir onun üstünə gəlir. Vasif bir də ayılır ki, artıq əlindən xəta çıxıb. Heç nə dərk eləmir. Dəli kimi qışqırır… Gedib rayon parkında bir az dolaşır. Sonra polisə yollanır…
Müəmmalı ölüm
Bu əhvalat çox uzundu. Bəlkə bir romanlıqdı. Sonrakı əhvalatlarsa oxuculara bəllidi. Təzəxanın evinin qarşısında rayon ağsaqqallarının və təhsil şöbəsi müdirinin iştirakı ilə mitinq olur. Onlar Təzəxan bəyin rayondan çıxmasını tələb eləyirlər. Həkimlərin laqeydliyi gözgörəsi Cavanşirin ölümünə səbəb olur. Hətta yaxınlarından alınan qan belə, ona vurulmur. Atası bunu müsahibəsində də deyir: “Hadisədi də olub, mən həkimlərdən şikayətçiyəm”. Cəsəd yarılmadan dəfn edilir. Saxta ekspert rəyi yazılır. Dəfndə iştirak edənlərin sözünə görə, əslində, saat iki, üç radələrində dəfn edilən uşağın ekspertiza sənədlərində meyitin yarılma vaxtı saat 17 göstərilir.
Barışıq üçün ağsaqqallar mərhumun evinə göndərilir. Yeddisində. Artıq vəziyyətin dəyişdiyi üzə çıxır: “Ağsaqqalımız Əziz müəllimdi (Əziz Əzizov – icra başçısı), o nə desə, elə olsun…”
NKVD maşını
Təzəxanın çalışdığı məktəbin direktoru işdən çıxarılır – müxalifətçiylə işlədiyinə və onun intizamlı müəllim olduğunu, işdən çıxarmayacağını dediyinə görə. Elə sabahı günü təhsil nazirinin məktubu daxil olur Təhsil şöbəsinə. Sonradan təhsil şöbəsinin müdiri Ədalət müəllim məktubu “Yeni Müsavat”ın müxbirinə göstərib, beləcə də deyir: “Burada mənlik heç nə yoxdu”.
Məktubda deyilir: “Təzəxan Mirələmlinin dövlətçilik əleyhinə fəaliyyəti araşdırılsın, onun özü və yaxınları haqqında tədbir görülsün”.
Ona dərs deməyə imkan verilmir. Jurnallar gizlədilir. Mirələmli müəllimlikdən azad edilir. Direktoru əvəz edən gənc xanım müəllimə yuxarıdan göstəriş verildiyini, Təzəxanın məktəbdə dava saldığı haqda aktlaşdırılma həyata keçirilməsinin tapşırıldığını, lakin ağlaya-ağlaya bunu etməyəcəyini deyir. Bütün bunlar videoya alınıb, sonradan “Youtube”da yayılır. Tapşırığın yerinə yetiriləcəyini zənn edən rayon rəhbərliyi kəndə polis və prokurorluq işçilərini göndərir – “davanı” sakitləşdirməyə. Dava isə yoxdu. Tələ baş tutmur.
Təzəxan məhkəməyə müraciət edir. Hakim onun qazanacağını söyləsə də, sabahı günü qərar əksinə çıxır. Hakim suçlu-suçlu boynunu bükür.
Aprelin 29-da təklif gəlir: Təzəxan ağıllanıbsa, uşağı buraxa bilərlər. Ağıllanmağın nə demək olduğunu zənn eləmək çətin deyil. “Lider”ə çıxmaq, yanlış yol tutduğunu demək, Əli Kərimlini “ifşa” etmək. Onunsa ağıllanmaq fikri yoxdu.
Sentyabr 29-da atası narkotik ittihamıyla həbs edilir. “Övladlarımı rahat buraxın, – deyir, – hər şeyə razıyam”. Indi o hadisədən 9 ay ötür. Atanın istintaqı hələ də bitməyib. Təzəxanın qardaşı Fikrət atasını başqa yolla, yəni Azərbaycansayağı yolla həbsdən azad etməyə çalışır. Qarşılığında ona müxtəlif iyrənc təkliflər edilir. Nəhayət, bu il mayın 29-da onu da aparırlar. Sonra polislərlə birgə yoldan qayıdıb anasından təzəlikcə satdıqları “Niva”dan qalan 6 min manatı istəyir. Ona atasını və özünü buraxacaqlarını deyiblər. Bununçün para lazımdı. 9 aydı ki, nə oğlanları, nə qoca, xəstə həyat yoldaşı Məhərrəm əmiylə görüşə buraxılır. Indi də qardaşı. Onunla da heç bir əlaqə yoxdu. Vəkili dövlət tərəfindən təyin olunub…
Indi
Indi Təzəxan bəy Bakıda kirayədə yaşayır. Həbsi üçün hələ səbəb olmayan o biri oğlu rayondan qovulandan bu yana təhsildən aralı düşüb. Onu heç bir məktəbə götürmürlər. Təzəxan Mirələmli isə işsizdi. Müxalifətçi müəllimi bu boyda həngamədən sonra işə götürməyə hansı direktorun … cəsarəti çatar ki… “Yenə də dostlar sağ olsun, – Təzəxan deyir, – yardım eləyirlər”.
Bax belə. Sanki 37-ci ildə yaşayırıq. Bir ailənin qətlinə fərman verilib. Elə bil bu ocağı yerlə bir eləməsələr, ürəkləri soyumayacaq. Onun qəddi rəsmən bükülüb. Bunu görmək üçün bir göz də bəs eləyir. Üzündəki, gözündəki ifadə isə elədir ki, elə bil heç nə baş verməyib, o isə hələ bu gün mübarizəyə qoşulub. Sanki dərdini gizləməyə and içib.
Adamda elə təəssürat yaranır ki, ölkədə hakimiyyət-müxalifət savaşı deyil, iki ailənin savaşı gedir: biri o birinin sonuna çıxmaqda qərarlıdı. Təzəxan da qələbə çalacağına… Vasif isə gənc ömrünün səkkiz ilini məhbəsdə keçirməlidi. O, yenə də atasına eyni sözləri deyir: “Adam gərək kişi kimi yaşaya…”