Səbayel Rayon Polis Idarəsinə çağırılan fəal gənclərdən Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) foto-reportyoru, gənc blogger Mehman Hüseynova qarşı ifadə almağa cəhd göstəriblər. Bəzi məlumatlara görə, onun həbsinə hazırlıq gedir. Gənc bloggeri müxalifətin etiraz aksiyalarından birində çəkiliş apararkən polisi təhqir etməkdə günahlandırmaq planı da gələn xəbərlər sırasındadır.
Qeyd edək ki, Mehman Hüseynov beynəlxalq tədbirdə iştirak etdiyindən hazırda ölkədə yoxdur.
RATI-nin rəhbəri Emin Hüseynovun (o, həm də Mehmanın qardaşıdır) “Azadlıq”a verdiyi məlumata görə, iyunun 6-da axşam saat 22 radələrində sahə müvəkkili evlərinə gələrək, bildiriş təqdim edib: “Orada göstərilib ki, Mehman iyunun 9-da saat 11-də Səbayel Rayon Polis Idarəsində olmalıdır. Amma onun kim qismində və hansı iş üzrə çağırıldığı göstərilməyib. Bütün bunlara görə anam bildirişin düzgün tərtib olunmadığını qeyd etməklə, onu aldığı da imza atıb. Ertəsi gün mən baş prokurora və daxili işlər nazirinə məktub göndərdim ki, bildiriş poçtla göndərilməlidir, polis poçtalyon deyil ki… Üstəlik, ciddi zərurət olmadan polis gecə vətəndaşı niyə narahat etməlidir?”
Mehman Hüseynovun həbs olunmaq ehtimalına gəlincə, hüquq müdafiəçisi deyir ki, bu cür siyasi həbslər ən yüksək səviyyələrlə verilmiş sifarişlə həyata keçirilir: “Istisna deyil ki, RATI-nin, eləcə də Mehmanın özünün həm blogger, həm də reportyor kimi fəaliyyətinə görə bizdən qisas almaq üçün zəif bənd kimi 23 yaşlı gənci seçiblər. Bu, bəlli məsələdir ki, ”yuxarıdan” göstəriş olmasa, mitinqdə polisi hətta ən ağır söyüşlərlə təhqir edən olsa belə, onu tutmayacaqlar. Yox, belə bir göstəriş varsa, o zaman həmin adamın polisi həqiqətən söyüb-söymədiyi artıq fərq eləməyəcək. Digər tərəfdən, kimisə söyməyə görə həbs olunmağa qalsa, o zaman mitinqlərdə insanları, qadınları ağıza alınması mümkün olmayan ifadələrlə təhqir edən çavuşlardan tutmuş, polkovniklərə qədər onlarla polis məsuliyyətə cəlb olunmalıdır”.
Gənc fotoreportyora qarşı həbs təhlükəsi
•