Xanlar Qasımov keçmiş prokurorluq işçisi imiş; O, Leyla Şıxlinskayanın da mülkünü ələ keçiribmiş
“Azadlıq”ın ötən sayında Rusiyanın Moskva vilayətinin Voskresensk şəhəri Xripunov küçəsi ev 5-də yaşayan, “Dilerskaya firma S&M” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Romaşko Ivan Dmirtreyeviçin Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevə yazdığı məktubu dərc etmişdik. Qeyd edək ki, bu məktub argumenti.ru saytında işıq üzü görüb.
Ivan Romaşko məktubunda deyir ki, Qasımov Xanlar Idris oğlu onun 850 min dollarını mənimsəyib: “Mən ”Dilerskaya firma S&M” səhmdar cəmiyyətinin sədriyəm. Iş prosesində Azərbaycan vətəndaşı Qasımov Xanlar Idris oğlu ilə tanış olmuşam. O, mənim etibarımdan istifadə edərək guya birgə iş görəcəyimiz adı altında aldatmaq yoluyla 850 000 dollar pulumu alıb.
Qasımovdan pulumu istəyəndə isə arxasında Arif Paşayevin və digər yüksək rütbəli dövlət məmurlarının durduğunu deyirdi”. Zərərçəkən rektora müraciət edərək ondan pullarını qaytarılması ilə bərabər Qasımovun həbs edilərək cəzalandırılmasını da xahiş edib.
Dünən əldə etdiyimiz məlumatlara görə, Xanlar Qasımov adlı bu şəxs tanınmış aktrisa, “Leyla Şıxlinskaya klinikası”nın rəhbəri Leyla Şıxlinskayanı aldadıbmış. Xanlar Qasımov onun mülkünü ələ keçiribmiş. Bu işdə Leyla xanımın vəkili Aslan Ismayılov olub. Məlumatı dəqiqləşdirmək üçün Aslan Ismayılovla əlaqə saxladıq. Tanınmış vəkil xəbəri təsdiqləməklə yanaşı məsələnin bəzi təfərrüatlarını da diqqətimizə çatdırdı: “Xanlar Qasımov əvvəllər prokurorluq orqanlarında çalışıb və oradan qovulub. Bu adamın Azərbaycanda aldatmadığı şəxs yoxdur. Özü də onun qurbanı adətən vəzifəli şəxslər olub. Xanlar Qasımov Leyla xanımın Içərişəhərdəki bir neçə milyon manatlıq mülkünü məhkəmə yolu ilə ələ keçirib. O zaman mən bu işə çıxanda görürdüm ki, vəzifəli şəxslər bu məsələyə müdaxilə edir. Xanlar Qasımov həmin mülki Rəhim Qazıyevin Rusiyada olan bir qohumuna satdı. Lakin sonradan bəlli oldu ki, onu da aldadıb”.
Aslan Ismayılov əlavə edib ki, Xanlar Qasımov həqiqətən də Arif Paşayevin adından istifadə edir: “O, vaxtilə Arif Paşayevə yaxın şəxs olub. Bu baxımdan onun adından məharətlə istifadə edir”.
Azad


