İyunun 8-də həbs olunmuş vətəndaş fəalı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini İlham Əmiraslanov DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. İ.Əmiraslanovun qohumları şənbə günü idarəyə gəlsələr də, onlara hər hansı informasiya verilmir.
DİN mətbuat xidmətindən məlumatın olmamasına əsaslanaraq İ.Əmiraslanovun həbsini şərh etməyiblər.
Qeyd edək ki, qanunvericiliyə görə, vətəndaş saxlandıqdan dərhal sonra onun qohumlarına bu barədə məumat verilməli, özü isə vəkillə görüşmək imkanlarına malik olmalıdır. İndiki halda faktiki olaraq söhbət vətəndaşın hüquq-mühafizə orqanları tərəfindən oğurlanmasından gedir.
İ.Əmiraslanov iyunun 8-də səhər saxlanılıb, saat 14.00-a yaxın isə onu 6 avtomobilin və kamuflyajda olan silahlı adamların müşayiəti ilə evə apararaq axtarış aparıblar. Şahidlərin dediklərinə görə, onu evin zirzəmisində hansısa əşyanı götürməyə məcbur ediblər və bu hərəkətin fotosunu çəkiblər.
İ.Əmiraslanov daşqının ilk günlərindən zərərçəkmiş həmyerlilərinin hüquqları uğrunda fəal mübarizə aparıb. Bu müddətdə yerli hakimiyyət ona təzyiq göstərərək hüquq-müdafiə fəaliyyətini dayandırmağı tələb ediblər (contact.az).


