İyunun 8-də Türkiyənin Trabzon şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri – Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Qriqol Vaşadzenin görüşü Trabzon bəyannaməsinin imzalanması ilə başa çatıb. Sənəddə qeyd olunur ki, görüş 3 ölkə arasında diplomatik münasibətlərin 20 illiyinə həsr olunub. Tərəflər birgə inkişafa, təhlükəsizliyə, regionda sabitliyə və çiçəklənməyə yardım göstərmək üçün üç dövlət arasında mövcud tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi barədə razılığa gəliblər. Onlar regional və beynəlxalq, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıblar, BMT, ATƏT, AŞ, QİƏT, NATO, Aİ və digər təşkilatlar çərçivəsində məsləhətləşmələri canlandırmaq barədə razılığa gəliblər.
Nazirlər Yaxın Şərq də daxil olmaqla, qonşu ölkələrdə vəziyyətin inkişafına dair fikir mübadiləsi aparıblar. Üç dövlət beynəlxalq təşkilatlarda bir-birinin namizədliyini dəstəkləməyi davam etdirəcək. Avropa və Avroatlantik qurumlara inteqrasiya səylərində bir-birlərini dəstəklədiklərini bildiriblər, eyni zamanda tərəflər dövlətlərin öz taleyini seçmək hüququnun toxunulmazlığını etiraf ediblər. Nazirlər tezliklə Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq aləm tərəfindən tanınmış sərhədlər əsasında nizamlanmasının vacibliyini vurğulayıblar.
Onlar həmçinin terrorizm, ekstremizm və separatizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, silah və insan alverinə qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə tərəfdar olduqlarını bildiriblər.
Bəyannamədə iqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində əməkdaşlıq məsələləri üzrə dəstək ifadə olunub. Bu marşrut yüklərin Əfqanıstana tranzitində mühüm rol oynaya bilər. Tərəflər boru kəmərlərinin tikintisində, əsasən Cənub qaz dəhlizinin reallaşması məsələsində əməkdaşlığı inkişaf etdirməkdə əzmli olduqlarını bildiriblər.
Tərəflər təsdiqlənmək üçün üç nazirə təqdim olunacaq razılaşdırılmış bəndlərin reallaşdırılması üçün 2013-2015-ci illərdə fəaliyyət planının hazırlanması üzrə birgə ekspert qrupunun yaradılması barədə qərar qəbul ediblər.
Xarici işlər nazirlərinin üçtərəfli görüşünün ikinci sessiyası 2012-ci ilin ikinci yarısında Gürcüstanda, üçüncü sessiya 2013-cü ilin birinci yarısında Azərbaycanda keçiriləcək (contact.az).


