Respublika Diaqnostika Mərkəzini Paşayevlərə yaxın MMC özəlləşdirib
Rayonlardakı diaqnostika mərkəzlərinin də özəlləşdiriləcəyi bildirilir
Respublika Diaqnostika Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra özəlləşdirilib. Bu barədə məlumatı Modern.az saytı yayıb. Məlumatı mərkəzin özündən də təsdiqləyiblər. Bildirilib ki, mərkəz özəlləşdirildikdən sonra işçilərin bəziləri bu tibb müəssisəsindən çıxıb, bəziləri isə öz vəzifələrində qalıb.
Mərkəzdən yeni rəhbərliyin kimliyini açıqlamaqdan imtina edilib. Amma Modern.az-ın əməkdaşı bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən dəqiqləşdirə bilib.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib ki, Respublika Diaqnostika Mərkəzi 2008-ci ildə mülkiyyət hüququndan keçib və daha sonra onun özəlləşdirilməsi üçün keçirilən tenderin qalibi müəyyənləşib. Onun sözlərinə görə, hazırda Respublika Diaqnostika Mərkəzinin yeni sahibi “AzIntermed” MMC-dir.
Respublika Diaqnostika Mərkəzi
Lakin Komitə rəsmisi mərkəzin özəlləşdirlidyi qiymət barədə məlumat verməyib. “AzIntermed” MMC-dən də bu barədə danışmaq istəməyiblər.
Modern.az-ın araşdırması nəticəsində məlum olub ki, Respublika Diaqnostika Mərkəzi 2006-cı ilin avqustunda prezident Ilham Əliyevin bir sıra səhiyyə, təhsil, idman və mədəniyyət obyektlərinin özəlləşdirilməsinə dair fərmanı əsasında özəlləşdirilməyə çıxarılıbmış. Fərmana görə, müəssisə profili saxlanılmaqla özəlləşdirilə bilər.
Qeyd edək ki, 2011-ci il dekabrın 27-də Respublika Diaqnostika Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Indi Mərkəz müasir avadanlıq və cihazlarla təchiz olunub.
“Azadlıq”ın araşdırmaları nəticəsində isə bəlli olub ki, Respublika Diaqnostika Mərkəzinin yeni sahibi “AzIntermed” MMC hakim ailəyə yaxın şirkətdir. Hakim ailənin nəzarətində səhiyyə sahəsinə aid bir neçə şirkət var ki, onlardan biri də məhz “AzIntermed” MMC-dir. Həmçinin əldə etdiyimiz məlumatlarda deyilir ki, adıçəkilən MMC ardıcıl olaraq ki, rayonlardakı diaqnosatika mərkəzlərini də özəlləşdirməyi planlaşdırır. Yada salaq ki, rayonlardakı diaqonostika mərkəzləri Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında idi. Bir qədər əvvəl həmin diaqnostika mərkəzləri ARDNŞ-dən alınaraq Səhiyyə Nazirliyinin tabeliyinə verildi. Məlumatlara görə, bu addım “AzIntermed”ə diaqnostika mərkəzlərini özəlləşdirməkdən ötrü atılıb. Bildirilir ki, böyük ehtimalla Səhiyyə Nazirliyi rayonlardakı diaqnostika mərkəzlərini saxlamaq imkanında olmadığını bəyan edərək özəlləşdirilməyə çıxarılmasını təklif edəcək. Bundan sonra mərkəzlər ucuz qiymətə “AzIntermed” tərəfindən özəlləşdiriləcək.
Xatırladaq ki, hakim ailə eyni üsulla “Kapital Bank”ı ələ keçirişdi.
Azad