Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadənin “MIX-MUSIC” adlı konserti olacaq. Konsert 23 iyunda Bakı Caz Mərkəzinin “Jazzy Beach” yay meydançasında keçiriləcək. Sənətçi konsertlə bağlı ANS PRESS-ə açıqlama verib: “Konsertdə mən öz estrada mahnılarımı ifa edəcəm. Təbii ki, bu kompozisiyalar yeni aranjimanda təqdim ediləcək. Həmçinin mənim etno-caz albomumdan ən məşhur mahnılar ifa olunacaq”.
Əməkdar artist konsertində ” Lənkaran nənələri”nin də səhnəyə çıxacağını deyir: “Mən onlarla “Lolo” kompozisiyasını ifa edəcəm. Nənələr öz mahnılarını da oxuyacaq. Konsertin qonağı bacım Emma Ələkbərzadə olacaq. Biz onunla duet ifa edəcəyik. Emma həmçinin öz mahnılarını oxuyacaq”.
Konsert proqramının çox maraqlı olacağına söz verən Sevda Ələkbərzadə tamaşaçıları gözləyən sürprizdən danışıb. “Konsertdə çox yaxşı səsə malik olan 14 yaşlı bacım qızımın debütü olacaq”, – deyə əməkdar artist qeyd edib.