Vahid Məhərrəmov
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda İlham Əliyev deyib ki, “şəkərlə özümüzü 115 faiz təmin edirik. Ancaq bunun tərkibində 73 faiz xarici faktor var”.
Təəssüflə qeyd etməliyəm ki, Azərbaycan özünün şəkərə olan təlabatını tam daxili istehsal hesabına ödəyə biləcəyi halda, bunu indiki hökumət reallaşdıra bilmir. Uzun müddətdir ki, şəkər istehsalında istifadə olunan əsas xammalın 95-97 faizi xaricdən idxal olunur. Keçən il isə vəziyyət bu sahədə daha da pisləşib. Belə ki, ölkədə naturada 206,6 min ton şəkər istehlak olunduğu halda, keçən il ölkəyə 365,2 min ton şəkər idxal olunub, bunun da 108,3 min tonu ixrac edilib. Bu da o deməkdir ki, bizim şəkər istehlakımız da ixracımız da 100 faiz idxaldan aslı vəziyyətə salınıb. Belə olan halda, sual yaranır, şəkərlə özümüzü 115 faiz necə təmin edirik?
Həmin konfransda İlham Əliyev deyib ki, özümüzü “bal ilə 97 faiz təmin edirik”. Bilirsinizmi bu nə qədərdir? Ölkədə 2600 ton bal istehsal olunur. Bal idxalı 66,9 ton, ixracı isə 3,6 tondur. Ümumilikdə olkə üzrə istehlak 2666 tondur. Bu qədər məhsulu adambaşına böldükdə il ərzində adama 266 qram bal düşür. Müqayisə üçün qeyd etməliyəm ki, Gürcüstanda, Ermənistanda, Türkiyədə adambaşına il ərzində bal istehlakı 1,5-1,7 kiloqramdır. Bu da Azərbaycandan 5-6 dəfə çoxdur. Belə olan halda, biz bal ilə özümüzü 97 faiz yox, 20 faiz təmin edirik.
Yazı iqtisadçı-ekspertin facebook səhifəsindən götürülüb