Ermənistan prezidenti Serj Sərkisyan “Panorama.am” agentliyinə Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrlə bağlı açıqlama verib.
“Media forum” saytının məlumatına görə, Sərkisyan təmas xəttində təhlükəli təxribat törədildiyini vurğulayıb: “Mən demişdim ki, onlar kəskin cavab alacaq. Baş verənlər buna sübutdur. Ya bu təxribatlar Azərbaycan rəhbərliyinin razılığı ilə baş verib və Azərbaycan rəhbərliyi atəşkəs rejiminin pozulmasına görə şəxsən məsuliyyət daşıyır, ya da bu ölkənin silahlı qüvvələri komandanlığın nəzarətindən kənardır və bizim qarşımızdakı mütəşəkkil ordu deyil, ayrı-ayrı səhra komandirləridir.
Bizim silahlı güc tətbiq etməyə heç bir əsasımız yoxdur, çünki hesab edirik Dağlıq Qarabağ probleminin həllinin yeganə yolu danışıqlardır və münaqişənin belə həlli Qarabağ xalqına öz müqəddəratını təyin etmək hüququ verməlidir. Problemin həllində irəliləyiş əldə etmək üçün, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəfələrlə qeyd etdiyi kimi, əhalini sülhə hazırlamaq lazımdır. Azərbaycan tərəfi vətəndaşların diqqətini daxili problemlərdən yayındırmaq üçün bunun əksinə hərəkət edir.
Biz vəziyyətin kəskinləşməsini istəmirik, amma vətəndaşlarımıza qarşı yönəlmiş istənilən hərəkət cavabsız qalmayacaq. Ermənistan Silahlı Qüvvələrinə təmkin və ayıq-sayıqlıq nümayiş etdirmək tapşırılsa da, ona düşmənin istənilən təxribatını dəf etmək əmr olunub”.


