Bakıda daha bir qəsəbənin sakinləri ayağa qalxdı

ABU-nun yaxınlığında, Rəsulzadə qəsəbəsi, 24/36 saylı məhəllədə yaşayan və evlərinin sökülməsinə etiraz edən sakinlər Prezident Administrasiyası qarşısından Nazirlər Kabinetinin, oradan isə “Elmlər Akadmeiyası” metrostansiyasının qarşısına gəliblər.

Onlar Nazirlər Kabinetinə şikayət ərziələrini təqdim ediblər, həmçinin baş nazirin müavini Abid Şərifovun qəbuluna düşmək üçün ərizə veriblər.

“Elmlər Akadmeiyası” metrostansiyasının qarşısına isə onlar metropolitenin rəisi Tağı Əhmədovla görüşmək üçün gediblər.

***

Azərbaycan Beynəlxalq Universitetinin binası yaxınlığında yeni metro depusunun tikintisi ilə əlaqədar 129 ev söküləcək. Evlərdə ümumilikdə 500 ailə yaşayır. Sakinlərə iyunun 5-də xəbərdarlıq edilib ki, iki günə evlərini tərk etsinlər. Kompensasiya məsələsinə gəlincə, sakinlərə deyilib ki, əslində onlara kompensasiya düşmür, amma dövlət güzəştə gedərək hər kvadratmetr yaşayış sahəsi üçün 500 manat ödəyəcək.
Sakinlər bunu ədalətsiz sayır və normal kompensasiyanın verilməsini istəyirlər. Bu məqsədlə sakinlərdən bir qismi iyunun 7-də Prezident Administrasiyası qarşısında etiraza toplaşıblar. Sakinlər rəsmi şəxslərdən kiminsə onları qəbul etməsini istəyiblər. Administrasiya qarşısında mühafizə çəkən polislər onlara bildiriblər ki, hazırda rəsmilər nahardadırlar, heç kim onları qəbul edə bilməz. Sakinlər Administrasiya qarşısında gözləməyə davam ediblər. Bu zaman polislərin şikayətçilər arasındakı qadınlara ədəbsiz formada söz atması ciddi gərginliyə səbəb olub.

Baş verənlərlə bağlı əməkdaşımızın geniş reportajı olacaq.