Hökumət xalqın pullarını lobbiçilərə xərcləyir

Leyla Yunus: «Hökumətə heç yüzmilyonlar xərclədiyi «Eurovision» kömək edə bilmədi»

Azərbaycan hökuməti üzdə Avropanı və onun nüfuzlu qurumlarını “topa tutsa da” “əlaltdan” öz işini görür. Əldə etdiyimiz məlumatlara görə, hökumət Avropadan olan bəzi siyasətçilərin və diplomatların Azərbaycana gəlib hökumətə dəstək verməsi üçün böyük pullar xərcləməyə başlayıb. Elə rəsmi qəzetlərin son saylarına diqqət etsək, bu məlumatın nə dərəcədə həqiqətəuyğun olduğunu görərik. Həmin qəzetlərdə prezident Ilham Əliyevin Almaniyanın keçmiş xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti, Böyük Britaniyanın lordlardan ibarət nümayəndə heyətini qəbul etdiyi barədə xəbərlər Azərbaycan hökumətinin məlum lobbi siyasətindən xəbər verir.
Hüquq müdafiəçisi Leyla Yunus isə hesab edir ki, Azərbaycan hakimiyyətinə heç yüzmilyonlar xərclədiyi “Eurovision” kömək edə bilmədi: “Bu yüzmilyonların sayəsində Azərbaycan hökuməti dünyada özünə müsbət imic yaratmaq istəyirdi. Amma nəticə bunun tam əksi oldu. Beynəlxalq KIV-lər Azərbaycandakı avtoritar-polis rejimindən və insan haqlarının pozulmasından yazdılar. Bununla yanaşı, Avropa Parlamentinin Azərbaycanla bağlı sərt qətnaməsi oldu. Faktiki olaraq Azərbaycan hökumətinin imicinin yüksəlməsinə yönələn bütün addımlar boşa çıxdı”.
L.Yunusun sözlərinə görə, hazırda Azərbaycan hakimiyyəti Avropanın ayrı-ayrı ölkələrinin siyasətçilərini, eləcə də deputatlarını ölkəyə dəvət etmək üçün böyük pullar xərcləyir: “Bu pullar sayəsində onların bir qismini bura dəvət edir, burada qalmaq və digər xərclərini maliyyələşdirirlər. Bu yolla da öz imiclərini yaxışlaşdırmaq istəyirlər. Amma bununla nə yerli, nə beynəlxalq ictimaiyyəti aldada bilməyəcəklər. Artıq indidən xarici jurnalistlər bizə müraciət edərək Azərbaycana bu şərtlərlə gələn adamlarını siyahısını istəyirlər. Məsələn, Almaniyalı jurnalistlər mənə deyiblər ki, Azərbaycana gələn və rejimə dəstək verən almaniyalı siyasətçilərin adlarını onlara təqdim edək. Mən artıq belə bir siyahını onlara göndərmişəm. Proses davam etdikcə siyahılar da getməkdə davam edəcək”.