PA rəhbəri təhsil nazirini «imtahanlarla» vurdu
Orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi və dərsliklərin monitorinqinin aparılması Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına (TQDK) veriləndə bunun Misir Mərdanov üçün acı sonluqla nəticələnəcəyini yazmışdıq. Yazdıqlarımız təsdiqin tapmaqdadır.
Artıq TQDK sədri Məleykə Abbaszadə imtahanların nəticələri ilə bağlı açıqlama verib və Misir Mərdanova sarsıdıcı zərbə vurub. TQDK sədri bildirib ki, bu vaxta kimi buraxılış imtahanları qeyri-real keçirilib. O həmçinin əlavə edib ki, bu ilin fevralında Təhsil Nazirliyi tərəfindən keçirilən yoxlama buraxılış imtahanlarının heç bir elmi əsası olmayıb və bu özünü TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında bir daha göstərib.
Məleykə Abbaszadənin bu fikirləri təhsil nazirinin istefaya göndəriləcəyi barədə ard-arda məlumatların yayıldığı bir vaxta təsadüf edir. Görünür, bu məlumatlar əsassız deyil. Məleykə Abbaszadə isə sadəcə bu açıqlaması ilə Misir Mərdanovun vurulmasını bir qədər də sürətləndirməyə çalışa bilər. Daha doğrusu, təhsil nazirinin karyerasına son qoyulmasında onun əzəli rəqibi olan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev maraqlıdır. PA rəhbəri ilə Misir Mərdanov arasında ziddiyyətlərin olması təzə xəbər deyil. Məleykə Abbaszadənin Misir Mərdanovun əleyhinə verdiyi açıqlamaların da PA rəhbərinin xidməti olması artıq hər kəsə bəlli olan məsələdir. Ona görə də buraxılış imtahanlarının nəticələrilə bağlı TQDK sədrinin zərbəsi elə Ramiz Mehdiyevin zərbəsi kimi dəyərləndirilməlidir. Və bu PA rəhbərinin təhsil nazirinə son zərbəsi də ola bilər.
Azad