“Azadlığı xəyal etməsək, azad ola bilmərik…”

azadliqYaxın günlərdə maraqlı bir məqalə oxudum. Məşhur amerikan yazıçısı Ursula K. Le Guinin insan azadlığı, mübarizə və xəyal gücünün məqsədlərimizə çatmaq üçün nə qədər önəmli olduğu haqqında “konspektlər” verən bir məqalə. “Konspekt”ləri Guinin fikirləri əsasında yazar Maria Popova hazırlayıb. Məqalənin bir çox hissələri eynilə bizim topluma aid olduğundan, onları ixtisarla işləyib hazırladım ki, siz də oxuyasınız…

“Tanrı, hər insanın köksünə bizim “Azadlıq sevgisi” dediyimiz bir prinsip yerləşdirmişdir ki, bununla insan basqıya-təzyiqə dayana bilməz və qurtulmaq üçün yanıb tutuşar.”( Bir zamanlar kölə olmuş afrikalı şair Phillis Wheatley)
Ursula K. Le Guin:

“Ədaləti xəyal etməsək, içində yaşadığımız ədalətsizliyi görə bilmərik. Azadlığı xəyal etməsək, azad ola bilmərik. Ədalət və azadlığı əldə qazanılacaq şeylər olaraq xəyal etmə şansı heç olmayan insanlardan ədalət və azadlığa çatmaq səyləri gözləyə bilmərik.”

“Ölkəmin qurum larında və siyasətində yaxşı olan nə varsa, ona [azadlığa] söykənir. Və yenə də görürəm ki, azadlığı sevsək də çox vaxt basqıya dözür və hətta xilas olmağı rədd edirik. Bizi basqıya müqavimət göstərib qurtuluşu axtarmaqdan saxlayan hər cür gücün və ya ətalətin azadlıq sevgimizə üstün gəlməsini bir təhlükə sayıram. Güclü, ağıllı və layiq insanların basqını qəbul etmədikləri, əzilənlərin zəif, səfeh və bacarıqsız olduğu anlamına gəlməz. Yalnız üstün insanların alçaldılmağı rədd etdiyi doğru olsaydı, cəmiyyətdə aşağıda olanlar, həqiqətən də, aşağı insanlar olardılar. Bu baxışa görə onlar da üstün olsaydılar, etiraz edərdilər, aşağı bir mövqeyi qəbul etdikləri üçün aşağı insanlar olmalıdır. Bu məntiq kölə sahibinin düşüncəsidir, mürtəce fikirdir, irqçilərin və qadın düşmənlərinin totolojisidir…”

“Hakim sinif daim azdır, yoxsullar daim varlılardan çoxdur. Güclülər hökm etdiklərindən az saydadırlar. Hökumətlər və dinlər bərabərsizliyi, ictimai statusları, cinsiyyət statuslarını və imtiyazları tamamilə və ya seçici olaraq təsdiqləyib davam etdirirlər. Çox insan, çox yerdə, çox vaxt aşağı mövqedədir. Və çox insan, bu gün belə, “azad dünyada”, “azadlığın ana yurdunda” belə, bu vəziyyəti və ya bunun müəyyən ünsürlərini təbii, gərəkli və dəyişdirilə bilməz qəbul edir. “Belə gəlmiş, belə gedər” deyir. Bu, qənaət də ola bilər, cəhalət də; çox zaman ikisi birlikdədir. Əsrlər boyunca aşağı statusda olan çox insan, ictimai nizamın başqa bir şəklinin var olduğu, ola biləcəyi və dəyişikliyin mümkün olduğu mövzusunda bir bilgi əldə etmək şansına sahib olmamışdır. Bu bilgini və nizam dəyişərsə, riskə girəcək şeyin öz iqtidarları və imtiyazları olduğunu yalnız üstün mövqedə olanlar bilmişdir…”

“Ədalətsizliyi inkar etdinizsə, onun qəbuluna geri dönüş yoxdur. Artıq gözünüz açılmışdır. Ədalətsizliyi bir kərə gördükdən sonra bir daha əsla səmimi şəkildə basqını inkar və əzəni müdafiə edə bilməzsiniz. Bir zamanlar sədaqət olan artıq xəyanət halına gəlmişdir. O vaxtdan sonra dirənməsəniz, iştirak etmiş olursunuz…İqtidar yalnız çürütməz, həm də asılılıq yaradar. Çalışmaq çöküşün özü halına gələr. Heç bir şey öz-özünə inşa edilməz. Xalqlar zorla və ya zorsuz şəkildə dəyişir. İnşa etmək mümkündür. Çəkic, mıx, mişardan başqa hansı alətlərlə inşa etməliyik –təhsil, düşünməyi öyrənmək, bacarıqlar qazanmaq?… Uşaqlarımızın içində yaşamasını istədiyimiz evi inşa etmək üçün icad etmək zorunda olduğumuz və icad edilməmiş alətlər gerçəkdən varmı?””
Düşünün və unutmayın “cəsarət də qorxu qədər keçicidir”
( Susan Sontag)

Hazırladı: Səadət Cahangir