Hökumət Cocuq Mərcanlıda uşaq oyunları təşkil edir

cocuqmercanliTəmas xəttinə yerləşdirilən insanlardan hansı məqsədlərlə istifadə edilir?

Son günlərdə hökumət mətbuatı ötən ilin aprel döyüşlərində Cəbrayılın Cocuq Mərcanlı kəndinin işğaldan azad edildiyi, kəndin məskunlaşdırılması üçün xalqa elan verildiyi barədə yeni təbliğat tezislərini yaymağa başlayıblar. Amma bu xəbərin arxasında nəsə başqa, xoşagəlməz niyyətlərin olduğu görükür. Bəri başdan xoşagəlməz niyyət budur ki, aprel döyüşləri zamanı «işğaldan azad edilən» Cocuq Mərcanlı haqqında söhbət niyə indi ortalığa atıdı. O zamanlar heç kimin, hətta həmin əraziyə arabir, seyrək şəkildə səfər edən, dizini qatlayıb kürəyini Lələ Təpəyə söykəyən deputatların və jurnalistlərin də heç biri bu kənd haqqında heç nə danışmamış və yazmamışdılar.

Söhbət ortalığa indi atılıbsa, deməli, elə indi də gərəkdir. Böhran qapını kəsdirib, insanlara yeni nəsə deyib onların başını qarışdırımaq lazımdır və bu əsnada Cocuq Mərcanlı kəndini «vətənpərvər və hərbiyyun» bir hakimiyyətin varlığı faktı kimi insanların gözünə soxmaq tam yerinə düşür. Amma Cocuq Mərcanlı kəndi aprel döyüşləri zamanı işğaldan azad edilməyib. Aprel döyüşləri zamanı, ümumiyyətlə, heç bir yaşayış məntəqəsi azad edilməyib. Talış kəndini işğaldan azad edilmiş kimi təqdim etmək istəyirdilər, ona da ermənilər imkan vermədilər. Yazdılar, çəkdilər, göstərdilər və məlum oldu ki, Talış kəndi ermənilərdə qalıb. Hətta o zaman da hərbi təbliğat bülbülləri iddia edə bilmədilər ki, «Talış kəndi ermənilərdə qalıb, amma biz də Cocuq Mərcanlını azad etmişik». Demədilər, çünki belə bir şey yox idi.

Vikipediyada bu kənd haqqında məlumat bu şəkildə tərtib edilib.

«Cocuq Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Çaxırlı inzibati ərazi vahidində kənd. Yerli ləhcədə “Cojux Mərcannı” kimi tələffüz edilir[1].

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.

Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim “kicik Mərcanlı kəndi” mənasındadır.[2]2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.[3]”.

Bu qədər…

İndi bu kənd ermənilərlə təmas xəttində yerləşir. Doğrudur, 1994- cü ildən üzü bəri o kənddə bir azərbaycanlı ailə yaşayıb. Oqtay Həziyev adlı vətəndaş 1994-cü ildə kənd işğaldan azad edilən kimi oraya qayıdıb və kənddə həyatını yoluna qoyub. Onun bu kənddə məskunlaşmasına isə yəqin ki, heç kim yardım etməyib və heç bir hökumət orqanı onunla maraqlanmayıb.

İndi Azərbaycan hökuməti Cocuq Mərcanlı kəndində yaşamaq üçün “müsabiqə elan edib”. Bunun nəyə lazım olduğu aydındır. Vətənpərvərlik haqqında foto və viodeomateriallar lazımdır. Kəndə kimlərin gedəcəyi və nə zamana qədər orada məskunlaşacağına hələ baxarıq. Əsas odur ki, hansısa məbləğdə pullar ayrılacaq (yəqin ki, artıq ayrılıb) və bu vəsait hansısa dövlət orqanlarının, məsələn və o cümlədən, “Qaçqınkom”un sərəncamına veriləcək. Həmin vəsaitin sonrakı taleyindən məlumat olmayacaq.

Hərbi baxımdan, Cocuq Mərcanlı kəndində əhalinin yerləşdirilməsinin nə qədər təhlükəsiz olduğunu isə müzakirə etməyə dəyər. Məsələ belədir. Azərbaycan hökuməti qərar verir ki, Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi (1994-də) və məskunlaşdırılması ilə Azərbaycan ordusunun Dağlıq Qarabağ istiqamətində hərbi missiyası başa çatdı. Yəni, Lazım gəlməyəcək, hərbi ritorika başa çatdı, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə təsəvvür edilir… O halda Cocuq Mərcanlı kəndinin məskunlaşdırılması doğru seçimdir. Eləcə də baxmaq lazımdır ki, oralarda daha hansı kəndlər və qəsəbələr var ki, ermənilərin və bizim atəş zolağımız altına düşür, onları da yavaş-yavaş məskunlaşdırmaqla həm ermənilərə, həm də regionda sülh təminatı ilə uğraşan bütün beynəlxalq qüvvələrə, tərəflərə mesaj vermiş oluruq ki, bizim üçün hərb erası başa çatdı.

Əgər Əliyevin xoşladığı “sülh yolu ilə olmasa, hərb yolu ilə azad edəcəyik” ritorikası davam edəcəksə, o halda Cocuq Mərcanlıya göndərilən əhalini güllənin-topun ağzına verməyə nə ehtiyac var? Onsuz da cəbhə xəttinə yaxınlıqda yaşayan əhali atəşkəs pozuntularından və lokal hərbi münaqişələrdən gen-bol əziyyət çəkir…

“Ermənilər sosial şəbəkələrdə o maşını öz adlarına çıxmışdılar. Guya bizim atdığımız mərmidən onların mülki vətəndaşının bu maşını belə vəziyyətə düşüb. O maşının sahibi mənəm. Hələ də qapımdadır. Özü də elə həmin vəziyyətdə… Özümsə o maşından betər vəziyyətdəyəm. Hökumət dəymiş zərərə görə nə özümə, nə də əmlakıma bir qara qəpik belə, ödəyib. Ailəm evimizdə 5-10 manata satılası nə vardısa, hamısını satıb, məni 6 dəfə əməliyyat etdirdi. Vəziyyətim o qədər dözülməzdir ki, sizdə təsəvvür yaratmağa söz tapmıram…”.

Bu da Ağdam köçkünü, Tərtərin Qarağacı kəndində məskunlaşan 56 yaşlı Cəlal Rəhimovun Azadlıq Radiosuna dedikləridir. Əlbəttə, o, təmas xəttinə yaxınlıqda yaşadığı üçün ilk hərbi əməliyyatlardan zərbəni üzərinə götürənlərdən biridir.

Aprel döyüşləri zamanı zərər görən mülki əhaliyə yardım məqsədilə 2,5 milyon manat vəsait ayrılmışdı. Az idi, ya çox idi, başqa məsələdir. Hər halda, 2,5 milyon manat ayrılmışdı. Təmas xəttində döyüş əməliyyatlarına görə zərər çəkən bircə nəfər belə həmin o 2,5 milyon manatdan bir qəpik xeyir görməyib. Amma pullar “xərclənib” qurtarıb…

Cocuq Mərcanlı sakinləri üçün də belə olacaq.

Ona görə də bu yazıq adamları həvəsləndirib oralara qovmağın mənası yoxdur. Bəlli bir müddətdən sonra həmin insanlar dövlət qayğısının olmaması səbəbindən geri qayıdacaqıar. Ən yaxşı halda. Amma daha pisi də ola bilər ki, birinci atəşkəs pozuntusu bu yeni sakinləri ilk atəş yağışının altına salar. Hərbi vətənpərvərlik təbliğatını körükləyənlər özlərini həmin adamların yerinə qoysalar yaxşıdır…

Azad Akifoğlu