Tağı Əhmədov “Azadlıq”dan 200 min istəyir

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini məhkəməyə verib. Məhkəmə Tağı Əhmədovun iddiasını haqlı hesab etsə, qəzet 200 min manat cərimələnə bilər.

Media Hüququ İnstitutundan “Media forum” saytına bildiriblər ki, Tağı Əhmədov “Azadlıq”ın 8 aprel 2012-ci il tarixli sayında dərc olunan “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli məqalədən narazı qalıb.

Sözügedən yazıda 2012-ci ilin yanvarında metroda gediş haqlarının artırılmasından bəhs olunub. Yasamal Rayon Məhkəməsinə təqdim olunan iddia ərizəsində qeyd olunur ki, qəzet yazısında Tağı Əhmədovun fəaliyyətinə qərəzli yanaşılıb. İddiaçı hesab edir ki, yazıdakı “…yanvar ayında metroda gediş haqqı on beş qəpikdən iyirmi qəpiyə qaldırılanda çoxlarının kartında beş qəpiklər qaldı. Bax, metropoliten rəisi həmin pulları mənimsəyib…” cümlələri onun şərəf və ləyaqətini aşağılayıb.

İddiaçı ərizəsində qeyd edib ki, məqalədə o, Bakı Metropoliteninin rəisi kimi vəzifəsindən sui-istifadə etməklə mənimsəmə cinayəti törətməkdə ittiham olunub. Ərizədə deyilir: “Bu fikirlər jurnalistin uydurmasından, onun qərəzli münasibətindən və məni aşağılamaq, şərəf və ləyaqətimi, uzun illər ərzində dövlətə sədaqətlə xidmət göstərməyimlə, peşəmi, vəzifə borcumu vicdanla yerinə yetirməyimlə topladığım işgüzar nüfuzumu ləkələmək cəhdindən başqa bir şey deyil”.

İddiaçı məhkəmədən xahiş edib ki, məqaləni onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab etsin, “Azadlıq” qəzetinin üzərinə təkzib vermək və vurduğu mənəvi zərərə görə 200 min manat təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul etsin.

Qəzetin hüquqlarını Media Hüququ İnstitutu müdafiə edir. Yasamal Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Media Hüququ İnstitutunun vəkillərindən Fariz Namazlı iddiaya etiraz edib. Etirizda bildirilir ki, sözügedən məqalədə iddiaçının işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən ifadələrə yer veriməyib: “Yazı milyonlarla insanın istifadə etdiyi metropolitendə gediş haqlarının artırılması kimi ictimai önəmli mövzuya həsr olunub. Gediş qiymətlərinin dəyişməsi ilə ictimaiyyət arasında doğrudan da “beş qəpik” polemikası yaranıb və əksər media qurumu bu mövzuda müzakirələr açıb”.

Etirazda həmçinin Bakı Metropoliteninin, xüsusilə də metropolitendə pul vəsaitlərinin xərclənməsi ilə bağlı bilgilərin media üçün qapalı olduğu, bu qapalılığın bəzi ehtimalların irəli sürülməsinə səbəb olduğu vurğulanıb.
Qəzetin müdafiəçiləri iddianın rədd olunmasını xahiş ediblər.