Bizim elli yadellilər

Dünən ən yeni Azərbaycan tarixinin ən qara səhifələrindən birinin yazıldığı gündən 19 il keçdi. 4 iyunun ildönümündə yaşanan iki hadisə əslində 19 il əvvəl Azərbaycanın necə əzablı, məşəqqətli bir yola qədəm qoyduğunu, necə zibilə düşdüyünü gözlərimiz önünə sərdi.
Hadisələrdən birincisi Bakıda Respublika Klinik Xəstəxanasının qarşısında baş verib, orada Oruc Salahov adlı Şərur sakini intihar etmək istəyib. Onun özünə qəsd etmək istəməsinə səbəb isə xəstəxanada ölən oğlunu aparmaq üçün təcili yardım maşınının verilməməsi olub.
Çarəsiz ata yolu bağlayaraq şüşə kəsiyini boğazına dirəyib və özünü öldürəcəyini deyib. Daha sonra isə İTV-nin qarşısına gedərək onlardan bu olayı çəkməyi tələb edib. Şərur sakininin qəzəbi bununla da səngiməyib, o, azad mətbuata səslənərək rüşvətxor və səriştəsiz həkimləri ifşa etməyi istəyib. Deyib ki, onun 1 milyon dollarını əlindən alsaydılar, təəssüflənməzdi, ancaq azyaşlı oğlunun ölümünə, həkimlərin laqeydliyinə, haqsızlığa tablaşa bilmir.  
Buyurun, bu da sizə 19 il əvvəlki 4 iyunun dəhşətli məntiqi sonluğu! Adam deməyə söz tapmır. Öz vətəndaşlarını öldürən, ölümə məhkum edən, ona ölümü xilas yolu, son çarə kimi göstərən çirkin, iyrənc bir rejimin təməlinin atıldığı günü utanmadan bir də tarixə və xalqa az qala toy-bayram kimi sırımağa çalışırlar.
19 il əvvəlki 4 iyunun ildönümündə baş verən ikinci simvolik hadisə isə gənc vicdan məhbusu Bəxtiyar Hacıyevin azadlığa buraxılmasıdır. Bu hadisə növbəti dəfə təsdiqlədi ki, əslində biz öz vətəndaşlarını girov götürən, əsir alan düşmən təbiətli sistemlə, bir növ, bizim elli yadellilərlə qarşı-qarşıyayıq. Əlbəttə, haqsız yerə 1 ildən çoxdur içəri atılmış Bəxtiyarın dəmir barmaqlıqlar ardından çıxması sevindiricidir, amma öz vətəndaşlarını şərləyərək həbsə atıb sonra da ondan əfv ərizəsi yazmağı, əlahəzrətin mərhəmətinə sığınmağı tələb etmək nə deməkdir? Bu, necə bir idarəetmə anlayışıdır? Bu, nə biabırçılıqdır?
İlham Əliyev bir daha sübut etdi ki, o, bu ölkənin məhkəməsindən də, Konstitusiyasından da yuxarıdadır. O, özünü hüququn üzərində gördüyünü bir daha sübut etdi. O, sübut etdi ki, Azərbaycanı orta çağ təfəkkürü, şahlıq dövrünün qaydaları ilə idarə edir, qanunlar-zad boş şeydir, yalnız ondan mərhəmət ummaqla nəyəsə nail olmaq mümkündür.
Oysa heç kim 19 il əvvəl 4 iyunadək bu günləri təsəvvür etmirdi, Azərbaycanın azadlıq, demokratiya xəyallarının hər gün bir az da suya düşəcəyini, Sovet rejiminin nostaljisi ilə yaşamağa məcbur olacağını heç kim ağlının ucundan belə keçirmirdi.
19 ildir davam edən Əliyevçi istilanın bu xalqa etdiyi pislikləri saymaqla bitən deyil, amma onların arasında ən bağışlanmazı insanların müstəqillik kimi tarixi bir uğurdan iyrəndirilməsidir. Müstəqilliyin gözdən salınmasıdır. 19 ildə baş verənlər bu xalqın özünə, öz gücünə inamını sarsıtdı. Azərbaycanlılarda müstəqilliyin onların yemi olmadığına dair qorxulu bir fikir formalaşdırdı.
Müstəqillikdən gözləntilər böyük idi, ancaq 19 ildə onların heç biri reallaşmadısa, xalq nə sərvətlərinin sahibi, nə də hakimiyyətin mənbəyi olmadısa, ondan yenə də bir nəfərin ağlı ilə düşünüb bir nəfərin ağzı ilə danışmaq tələb edilirsə, bu məmləkətin 20 faizini yadellilərə, yerdə qalan 80 faizini də bizim elli yadellilərə qapdırdısa, deməli, xalqı qınamalı deyil. Onun müstəqilliklə bağlı xəyal qırıqlığını, pərişanlığını təbii qarşılamaq lazımdır.
Sadəcə, bu ölkənin gerçək aydınlarının, bu ölkəni modern, mədəni dünyanın bir parçasına çevrilməsi üçün dirəşən, döyüşən insanlarının borcudur ki, prosesi yarımçıq qalmağa qoymasınlar, mübarizəni davam etdirsinlər, xalqa tunelin sonundakı işığı göstərə bilsinlər ki, hər kəsdə bu iyrənc gedişatı durdurmağın mümkünlüyünə inam yaransın.
Başa düşürəm, 19 il çox uzun oldu, proses çox uzun çəkdi, amma davam etməkdən başqa yol varmı?