Ermənistanın təxribatçı qrupu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd edib
Cəbhə xəttində atəşkəs yenidən pozulub və Azərbaycan ordusunun 5 əsgəri şəhid olub. Müdafiə Nazirliyinin hadisə ilə bağlı yadığı məlumatda deyilir ki, iyunun 5-də saat 06.30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində şəhid olub.
Şəhid olan Azərbaycan hərbçilərindən 4-ü 1993-cü il təvəllüdlü çağırışçılar, 1-i isə müddətdən artıq hərbi xidmət keçən 1988-ci il təvəllüdlü çavuşdur. Şəhidlərin adları: Əliyev Amil Novruz oğlu (1988, Neftçala ), Əzizov Xalid Mətləb oğlu (1993, Şəki ), Bağırov Vahid İntiqam oğlu (1993, Ağsu), Ataşlı Zülfüqar Vəli oğlu (1993, Cəlilabad ), İsmayılov Elçin Əlövsət oğlu (1993, Yevlax ).
Ermənistan Müdafiə Nazirliyi bu atışmanı təsdiqləyib, lakin erməni tərəfinin itki vermədiyini bildirib.