“Heydər Əliyev hadisələrin birbaşa təşkilatçısı idi”

Lənkəranın sabiq icra başçısı Hüseynqulu Məmmədli Aslan İsmayılova cavab verdi

Tanınmış vəkil Aslan İsmayılov Gəncə hadisələri ilə bağlı “Azadlıq”a verdiyi müsahibədə Lənkəranın sabiq icra başçısı Hüseynqulu Məmmədli adını da hallandırmışdı. Bu günlərdə sabiq icra başçısı redaksiyamıza Aslan İsmayılova cavab yazısı göndərib. Həmin yazını bəzi ixtisarlarla təqdim edirik:

Cəsarətli vəkilimizin yaddaşdankənar açıqlamalarıma cavab

Hörmətli redaksiya! “Azadlıq” qəzetinin 9, 10 may 2012-ci il tarixli saylarında vəkil A.İsmayılovun şəxsi təşəbbüsü ilə verdiyi müsahibə dərc edilib. Bu tipli müsahibələrin qəzetinizdə yer almasını təqdirəlayiq hal hesab edirəm. Çünki, hakim avtoritar rejim 1988-93-cü illərdəki milli istiqlal mücadiləsinin yönünü dəyişmək, onu əcaib donda göstərmək üçün 20 ildir ki, ardıcıl mübarizələr aparmaqdadır. Ara-sıra “Azadlıq” kimi qəzetlərdə o hadisələrin gündəmə gətirilməsi alqışlara layiq olsa da, müsahiblər müsahibələrində aranı qarışdırıb özünüreklam məqsədi güdməməlidirlər. Mən Aslan İsmayılova cavab vermək fikrində deyildim, hərçəndi O, mənə cavab vermək üçün kifayət qədər əsas verib. Lakin müsahibənin sonunda redaksiyanın, əlaqədar şəxslərin də mövqeyini işıqlandırmağa hazır olduğunu bildirməsi, məni bəzi məqamları işıqlandırmağa sövq etdi.

Bütün diqqətlər Cənuba yönəlmişdi

Əvvəlcə onu bildirim ki, 1993-cü il 4 iyun Gəncə qiyamına uyğun qiyam, əslində Cənub bölgəsindən – daha dəqiqi Lənkərandan başlamalı idi. Bakı, Gəncə və Naxçıvanda oturub dövlət çevrilişi hazırlayan qüvvələrin bütün diqqətləri də bura yönəlmişdi. Bu həm də o demək idi ki, çevrilişin silahlı yolla yatırılacağı şəraitdə milli faktoru ortaya qoyub sudan quru çıxa bilərdilər. Gözlənilmədən Ağcabədidəki “Lənkəran batalyonu” 3 Tank, 3 BTR, 7-8 hərbi maşın və 30 nəfərlik silahlı əsgərlərlə döyüş mövqelərini tərk edib Lənkərana doğru irəlilədilər. Onların qarşısını almaq üçün Beyləqanda, Biləsuvarda, Cəlilabadda edilmiş bütün cəhdlər  nəticəsiz qaldı. “Yuxarı Qarabağ” korpusunun komandiri general R.Ağayev 26 may səhər saat 6-da hərbi vertalyotla Lənkərana gəlməli oldu. Aparılan uzun və üzücü danışıqlardan sonra hərbi texnikanı Göytəpə şəhərində saxlamağa nail olduq və bu dəstəyə rəhbərlik edən və faktiki olaraq Ağcabədi rayonunun hərbi komendantı vəzifəsini icra edən polkovnik Mikayıl Hacıyevi Lənkəran ŞİH-nə, danışıqlar aparmağa dəvət etdik. 2 saata qədər davam edən danışıqlarda onun qarşısında tələb kimi qoyuldu ki, hərbi texnikanı və əsgərləri təcili olaraq geri qaytarsın, əks halda hərbi vertalyot tərəfindən məhv ediləcəklər. Polkovnik Hacıyev “tələbləri” yazılmış kağızı təqdim etdi və məlum oldu ki, bu bəhanə xarakterli tələblərdə həlli mümkün olmayan heç nə yoxdur və buna görə döyüş bölgəsini tərk etməyə dəyməz. Ümumi razılıqdan sonra mən, general Ağayevlə birlikdə müdafiə naziri ilə görüşmək üçün Bakıya uçduq, pokovnik Hacıyev isə gətirdiyi hərbi qüvvə və maşınlarla tərk etdikləri mövqelərə qayıtdı. Bakıda müdafiə naziri Dadaş Rzayevlə görüşüb hərbiçilərin “tələblərini” dərhal yerinə yetirdik. Qeyd etdiyim kimi bu tələblər bəhanə xarakterli idi və əsasən əsgərlərə əlavə ərzaq, daha yaxşı tibbi yardım, əsgər məvaciblərinin gecikdirilməməsi, əsgərlərin döyüşlərdən sonra qısamüddətli evlərinə buraxılması və s. istəklərdən ibarət idi.

Əlövsət Əliyevə üsyançılara müqavimət göstərməmək əmri verilmişdi

Dadaş Rzayevlə görüşdən sonra, biz Ağcabədiyə uçduq və döyüşən əsgərlərlə görüşüb onlarla birlikdə şam yeməyində də iştirak etdik. Beləliklə, S.Hüseynovun, R.Qazıyevin, Ə.Hümbətovun general V.Musayevin və bu planın hazırlanmasında iştirak edən digərlərinin qurduqları əməliyyat iflasa uğradı. Və sevindirici hal idi ki, hər şey sakitçiliklə, qan tökülmədən öz həllini tapdı. Bölgədə ağır texnikalar olmadan hakimiyyət çevrilişi etmək mümkün deyildi. Polis şöbələrinin rayonlarda qalmış (polislərin əksəriyyəti döyüş bölgələrində idilər)  kontingenti gücləndirilmiş rejimdə işləyirdilər və Lənkərandakı Daxili Qoşunların 60-70 nəfərlik heyəti hökumət binalarını qorumaq gücündə idi. Yeri gəlmişkən, onu da əlavə edim ki, iyunun 15-də gecə saat 3-4 radələrində Lənkəran şəhər İcra hakimiyyətinin binasına hücum təşkil edilən gün daxili qoşunların bütün heyəti cəbhəyə göndərilmişdi və Lənkəran şəhər PŞ- nin rəisi Əlövsət Əliyevə üsyançılara müqavimət göstərməmək əmri verilmişdi. Gəncə qiyamından 20 gün sonra polkovnik Hacıyevin tabeliyində olan bütün döyüş texnikası və canlı qüvvələri Lənkərana gətirildi və Talış Muğan Respublikası adlanan oyuncaq qurumun hərbi kontingentini təşkil etdi. Bu artıq Gəncə qiyamından sonra baş verənlər idi. Sürət Hüseynovun Qarabağdakı döyüş bölgəsini tərk edib Gəncəyə çəkilməsi sanki Əlikram Hümmətova da əsas verirdi ki, tabeliyində olanları döyüş mövqelərindən çıxarsın. Bu hərbi texnika və silahlı dəstələr vasitəsi ilə Ə.Hümmətov Cənub rayonlarında İcra hakimiyyəti binalarını mühasirəyə aldırır, icra başçılarını dəyişib öz adamlarını yerləşdirirdi. Hətta, bir neçə tank “TMR-in sərhəddi” adıyla Biləsuvarla Səlyan arasında da qoyulmuşdu. Yeri kəlmişkən, bir məqama da aydınlıq gətirim. Lənkəran şəhər əhalisi Hümmətovun TMR yaratmaq fikrindən bərk narahat idi. Hamı H.Əliyevin bu məsələyə münasibətini gözləməkdəydi. Hətta ağsaqqallar, tanınmış ziyalılar bir neçə dəfə onunla görüşə də getmişdilər. Lakin H.Əliyevin MM tribunasından: “Ələkrəm də bizim qeyrətli oğlanlarımızdan biridir” deməsi əhalinin gözləmə mövqeyinin vaxtını uzadırdı.

Hümmətov vurğulayırdı ki, Heydər Əliyevlə birgə hərəkət edir

Aslan İsmayılov deyir: “Heç nədən çəkinmirəm. Heydər Əliyevi də ən çox tənqid edən mən olmuşam. Bəli, fakt odur ki, Heydər Əliyev sadəcə fürsətdən yararlandı, Gəncə hadisələrindən istifadə etdi”. Unutmayın ki, indi hər bir vətəndaşımız (elə siz də) yaxşı bilir ki, H.Əliyev hadisələrin birbaşa iştirakçısı və təşkilatçısı idi. Rəhim Qazıyevin, İsgəndər Həmidovun, Surət Hüseynovun, Əlikram Hümmətovun və başqalarının məhkəmə materiallarını arayıb-axtarsanız bu barədə istənilən qədər faktlar tapa bilərsiz. Nədən təşkilatçını fürsətdən yararlanan hesab edirsiz? Deyəsən, icazə verilmiş cəsarətinizdə bu barədə danışmaq yasaqlanıb. Nəzərinizə çatdırım ki, bütün görüşlərində, çıxışlarında, hətta çağırdığı təsərrüfat müşavirələrində də Ə.Hümmətov ilk olaraq vurğulayırdı ki, H.Əliyevlə birgə, razılaşdırılmış şəkildə hərəkət edir. Bu da əsəbləri tarıma çəkilmiş şəhər sakinlərini bir qədər geri çəkilməyə məcbur edirdi.

Hökumətin separatçılara münasibətini açıqlamağa cəsarət etsəydiniz…

Deyirsiniz ki, iyunun 7-də sizi Lənkərana ezam ediblər ki, vəziyyəti öyrənib yerli hakiniyyət orqanlarına kömək edəsiniz. Siz də gəlib mənimlə, prokurorla, “KQB” rəisi ilə, hətta Ə.Hümbətovla görüşüb söhbətləşibsiz. Bu həqiqətən də belə olub. Sizinlə saatlarla söhbət edib baş verən olaylar haqqında məlumatlar vermişəm. Təəssüflə demək istəyirəm ki, Aslan İsmayılov Prezident aparatının işçisi kimi hökumətin mövqeyini ortaya qoymaq əvəzinə, heç bir məsələyə müdaxilə etmir, hamını sakitcə dinləyərək başını tərpədir, seçkiləri müşahidə edən xarici jurnalist təsiri bağışlayırdı. Elə bil o dövlət nümayəndəsi yox, müşahidəçi kimi buraya göndərilmişdi. Dediyi kimi Ə.Hümmətovla görüşməsi də bunu təsdiq edir. Aslan İsmayılov nədən “Qiyamçılara müqavimət göstərməmək” əmrini almış polis rəisi Ə.Əliyevdən və Daxili Qoşunların komandiri polkovnik Elxandan “Olaylara müdaxiləni qadağan edən” əmri kimlərdən və nə məqsədlə aldıqlarını soruşmayıb və çox asan bir yolla – bircə əməliyyatla qiyamı yatırmaqda bizlərə kömək etməyib. Bu onun birbaşa vəzifəsi deyildimi? Aslan bəy, əgər siz Prezident Aparatının işçisi kimi hökumətin separatçılara münasibətini açıqlamağa cəsarət etsəydiniz, onda Ə.Hümmətovla görüşə bilməzdiniz. Görüşsəydiniz öz dediyiniz kimi Araz Əlizadənin buraxdırdığı 2 polis işçisinin yanında olardınız.

“KQB” rəisi rusdilli deyildi

Lənkərandakı rayon təhlükəsizlik şöbəsini “KQB”, onun sədrini “rusdilli” adlandırıb yalnız onun dediklərinin həqiqət olduğunu bildirirsiniz. Birincisi, bu adam qətiyyən rusdilli deyildi, və onun dedikləri ilə mənim münasibətim arasında elə bir fərq olmayıb.
“Mən yenidən icra başçısı ilə görüşəndə vəziyyəti ona izah etdim və bildirdim ki, yerli güc strukturlarının rəhbərləri ilə, xüsusilə “KQB”nin rəisilə birgə işləmək lazımdır. Lakin Hüseynqulu bəy dedi ki, həmin “KQB” rəisi düşməndir. Qalanları isə sadəcə intriqa aparırdılar. Onda mən Hüseynqulu bəyə dedim ki, cənub bölgəsinin rəhbər işçilərini toplasın”. Bu sözlər sizə məxsusdur. Vicdanımı qarşıma qoyub cavab verirəm: İcra başçısı işlədiyim 1,1 il müddətində  “KQB” sədri dediyiniz Əliyev Hüseynağa Məhərrəm oğlu ilə sıx münasibətlərdə olmuşam və üstündən 20 il keçməsinə baxmayaraq dostluq münasibətlərimiz indi də davam edir. Qaldı mənim sizin sözünüzlə hansısa bölgə rəhbərlərini toplamağıma, belə şey qətiyyən olmayıb və ola da bilməzdi. Çünki mən onlarla sıx əlaqələrdə işləyirdim, xüsusilə də separatizmlə mübarizədə.
Həqiqəti çılpaqlığı ilə ortaya qoymaq lazımdır. Sizsə hadisəni təsvir etməzdən əvvəl münasibətinizi ortaya qoyub hər kəsdə də buna inanmaq məcburiyyəti yaradırsınız. Axı siz hüquqşünassınız. Aslan bəy, belə yaramaz axı.