“Aksiyalarımız Azərbaycanın imicini yüksəltdi”

“Bu hakimiyyət ya dəyişməlidir, ya da dəyişdiriləcək!”

Pənah Hüseyn: “Nəzərə alsınlar ki, biz İctimai Palatanın gücünün cüzi hissəsini işlətmişik”

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq baş nazir Pənah Hüseyn “Azadlıq”a müsahibəsində ölkədə hazırkı siyasi vəziyyəti dəyərləndirib. Pənah Hüseynin fikrincə, artıq Azərbaycan dəyişikliklər ərəfəsindədir, hakimiyyətin müxalifəti hədələmək cəhdləri isə mənasız və effektsizdir.

– Pənah bəy, ölkəmiz üçün mühüm sayılan hadisənin – “Eurovision”un yekunlarını necə dəyərləndirirsiniz?
– “Eurovision” zamanı bir çox məsələlər yeni bir şəkildə meydana çıxdı. Bir qayda olaraq deyirlər ki, dünya mediasının Azərbaycana diqqəti artdı, buradakı həqiqətlər dünya ictimaiyyətinə daha dəqiq, daha təfərrüatlı formada çatdı. Mənsə fərqli düşünürəm, deyirəm ki, ölkəmiz barədə beynəlxalq rəy xalqımıza çatdırıldı.

– “Beynəlxalq rəy” deyərkən nəyi nəzərdə tutursunuz?
– Bu, beynəlxalq ictimai rəydən fərqlənən anlayışdır. Bu, məhdud dövlətlərin, güc mərkəzlərinin, nəhəng media holdinqlərinin ölkələr, onların inkişaf perspektivləri barədə rəyidir. Əslində, “WikiLeaks” sənədləri ortaya çıxanda biz Azərbaycan hakimiyyəti haqqında beynəlxalq rəyin nə olduğunu görmüşdük. İndiki prosesdə isə beynəlxalq rəyin beynəlxalq ictimai rəyə çevrilməsindən söhbət gedir. İntensiv, sistemli və əsasən neqativ planda Azərbaycan hakimiyyəti haqda yazıların getməsi, beynəlxalq ictimai rəyin formalaşmasından sonra biz artıq müəyyən əməli addımların atılması istiqamətində hərəkətləri də görürük. Məsələn, ayrı-ayrı məmurlara qarşı sanksiya tətbiq olunacağı haqda gəlişmələri…
Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə idi ki, “Eurovision” zamanı ölkəmizdə başqa hal müşahidə olundu. Eyni zamanda, maraqları bir-birinə tam zidd olan qüvvələrin Azərbaycana hücumu müşahidə olundu. Bu sıraya biz İranı, Rusiyanı, Qərbi daxil edə bilərik. Bu müddətdə Azərbaycan hakimiyyətinə dəstəyi – hərçənd, buna heç dəstək də demək olmaz – müəyyən qədər İsrail verdi.
Bu müddətdə üzə çıxan daha bir önəmli məqam ondan ibarətdir ki, Azərbaycan müxalifəti özünü sistemli və pozitiv bir şəkildə gündəmə gətirdi. Hər kəsə bəlli oldu ki, Azərbaycanda ciddi alternativ müxalifət var. Müxalifət eyni zamanda, Azərbaycan cəmiyyətinin demokratik potensialını dünyaya nümayiş etdirdi. Bu baxımdan “Eurovision” dönəmində Azərbaycan hakimiyyətinin dünyada mənfi imici yarandı və güclənməklə yanaşı, həm də müxalifətin və cəmiyyətin demokratik imici dünyaya göstərildi. Azərbaycan müxalifətinin keçirdiyi aksiyalar nəinki ölkəmizin imicini zədələdi, əksinə, xalqımızı xilas etdi, onu yeni bir şəkildə dünyaya duyurdu.
Və sonda… Mütləq nəzərə alınmalıdır ki, müxalifətin avanqard hissəsi olan İctimai Palatanın çox savadlı və düşünülmüş taktikası müşahidə olundu. İctimai Palata “Eurovision” ərəfəsində və dövründə öz potensialının çox cüzi hissəsindən istifadə etdi və olduqca böyük uğurlar əldə etdi.

– Niyə çox cüzi hissəsindən?
– Biz hesab etdik ki, bu mərhələni “olum-qalım” məsələsinə çevirməyə ehtiyac yoxdur. Çünki məqsədimiz təkcə deyildiyi kimi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, demokratik potensialın nümayişi deyil, həm də qısa bir zamanda konstitusion imkanlardan istifadə edib hakimiyyəti dəyişməkdir. Bunu bizim opponentlərimiz də, başqa siyasi qüvvələr də nəzərə almalıdır.
“Eurovision” həm də onu göstərdi ki, Azərbaycan artıq köklü dəyişikliklər mərhələsinə daxil olub. Azərbaycanın demokratik düşərgəsi marginal bir təbəqə deyil, xüsusən burada gənclər hərəkatının, vətəndaş cəmiyyəti qurumlarının iştirakı çox ciddi kütləviləşmənin təzahürüdür.

– Siz “Eurovision” ərəfəsində İctimai Palatanın fəaliyyətini uğurlu qiymətləndirdiniz. Ancaq İctimai Palata uzun müddət vicdan məhbuslarının “Eurovision”a qədər azad olunmasını məqsəd seçmişdi. Bu isə baş vermədi…
– Ötən mərhələdə bu iqtidarın çevik olmaması, dəyişikliklərə adekvat reaksiya verməməsi də üzə çıxdı. Vicdan məhbuslarının azad olunmaması ən geridə qalmış avtoritar rejimlərə xas inadkarlıq idi.

– Bu, inad idi, yoxsa öz gücünə arxayınlıq?
– Quru inad idi, düzgün və çevik qərar verə bilməməyin ortaya çıxardığı səhv idi. Biz “Eurovision” öncəsi dəfələrlə mövqeyimizi bildirdik ki, vicdan məhbusları azadlığa buraxılsa, kütləvi tədbirləri həmin müddətdə saxlaya bilərik. Hakimiyyət isə buna getmədi və indi mübahisəsiz görünür ki, bu gün aldığı zərbələrin çoxu bu səhv qərara görədir.
Azərbaycan hakimiyyəti də avtoritar oxşarları kimi klassik yolla gedir. Bu yol isə fatal sonluqla bitəcək. Düzdür, müəyyən məlumatlar var ki, sentyabrda hakimiyyət islahatlara hazırlaşır. Nəzəri cəhətdən hələ onların vaxtı, imkanı var ki, “yuxarıdan inqilab” etsinlər. Sonra bu imkan və vaxt da olmayacaq.

– Belə bir fikir var ki, “Eurovision” günlərində dünyada Azərbaycanın hakimiyyətinin tənqid olunması müvəqqəti haldır. Yəni, bundan sonra dünyanın ölkədəki ictimai-siyasi duruma reaksiyası səngiyəcək. Bu fikirlə razılaşırsınızmı?
– Xeyr, mən əvvəl söylədiklərimdə də göstərməyə çalışdım ki, beynəlxalq rəydə Azərbaycanla bağlı mövqe lap çoxdan formalaşıb. Beynəlxalq aləmin Azərbaycanla bağlı verdiyi demokratikləşmə mesajını cəmiyyətimizin qəbul etməsi, ölkəmizdə keçmiş SSRİ-nin ən güclü müxalifətinin olması, ziyalı, gənclər hərəkatının varlığı bu xəmirin hələ çox su aparacağını deməyə əsas verir. Azərbaycanda daxili faktora ciddi önəm verməyimiz vacibdir. Xalq açıq-aydın dəyişiklik istəyir. Bilirsinizmi, bəzi universal dəyərlər var, məsələn,  kapitalın mayası, hətta haram da olsa, o yaranandan sonra azadlıq, təminat istəyir. Azərbaycanda da eybəcər də olsa, müəyyən bir kapital, orta təbəqə formalaşıb. Bu təbəqə də dəyişiklikdə maraqlıdır. Bu rejimin dayaqları sayılan – istər polis, hərbi olsun, istərsə də məmur – təbəqələr arasında da narazılıq pik həddə çatıb. Yeni nəsil meydana gəlib, o nəsil təhsilinə, dünyaya baxışına görə indiki rejimi qəbul etmir. Mənə bu yaxınlarda bir hadisə danışdılar. Yüksək səviyyəli bir məmurun oğlu xaricdə təhsil alıb gəlir. Atası ona elə xaricdə iş tapır, amma övladı getməkdən imtina edir ki, niyə getməliyəm, elə burda qalıb, işləyib buranı düzəltməliyik.
Bütün bu sadaladıqlarım şablona çevrilsə də, bir fikri deməyə əsas verir: bu hakimiyyət ya dəyişməlidir, ya da dəyişdiriləcək!

– Müxalifət beynəlxalq aləmin Azərbaycandakı avtoritarizmə sərt münasibətindən təbliğat tezisi kimi istifadə edir. Sizcə, bu tezis nə qədər effektiv ola bilər?
– Açıq demək lazımdır ki, rejim dəyişikliyilə bağlı daxili və xarici faktorlar ilk dəfədir ki, bu qədər əlverişlidir. Bir qayda olaraq, bizdə daxili faktor, həmişə xarici faktordan öndə olub.

– 2003, 2005-ci illərdə də?
– Bəli. Təhlillər göstərir ki, rejim dəyişikliyilə bağlı xarici və daxili faktorlar ilk dəfədir çox münbitləşib. Son dövrlərdə Prezident Administrasiyasının məmurları səviyyəsində, küçə üslubunda, jarqon dolu ifadələrin işlədilməsi də təsadüfi deyil. Bu, dəyişikliklərlə bağlı çox ciddi narahatlıqlardan xəbər verir. Biz yeni situasiyalar, təhlükələr ərəfəsindəyik. Hesab edirəm ki, İctimai Palata qarşıdakı sessiyasında yeni dövrlə bağlı ciddi dəyərləndirmələr etməli, “Yol xəritəsi”nə yenidən baxış keçirməlidir. Mənim fikrimcə, biz nəhayət, alternativ komandamızı, kölgə kabinetimizi yaratmalıyıq, eləcə də 2013-cü ildə müxalifətin namizədinin kim olacağıyla bağlı sual üzərində düşünməliyik. Bəziləri bunu aktual saymır, amma biz istəməsək belə, bu sual özü qarşımıza çıxacaq.

– Siz ad çəkmədiniz, amma belə başa düşdüm ki, “jarqonlu danışan” dedikdə, Əli Həsənovu nəzərdə tutdunuz?
– Gəlin, şəxsləndirməyək.

– Söhbət Əli Həsənovdan gedirsə, bilmək istərdik ki, Sizcə, onun həmin çıxışı bir şəxsin isterikası idi, yoxsa təmsil etdiyi sistemin?
– Bu sistem böhranının əlamətlərindən biri idi. Əli Həsənov bu hakimiyyətin ortaya çıxara bildiyi azsaylı adamlardan biri kimi, nakautdadırsa, indi görün, o birilər nə haldadır.

– Əli Həsənovun çıxışını sistemin münasibəti kimi dəyərləndirsək, o zaman sizlər üçün ciddi risk var. Çünki Həsənov cəmiyyəti sizlərə ictimai nifrət bəsləməyə, küçəyə çıxmağınıza imkan verməməyə səslədi. Belə bir təhlükəni real sayırsınızmı?
– Belə təhlükə çoxdan keçib gedib.

– Necə?
– Yəni, bundan sonra bizə heç nə edə bilməzlər. Hə, mümkündür ki, ayrı-ayrı adamlardan kimsə tutula, təzyiqə, şantaja məruz qala bilər, ancaq bu gedişatı dəyişdirmək mümkün olmayacaq.

Natiq