Agentlik Yavər Camalovun oğlunun professoru döydüyünü deyir, universitetin mətbuat xidməti xəbəri təkzib edir
Bakı Dövlət Universitetinin (BDU) profesoru xüsusi amansızlıqla döyülüb. Bu barədə informasiyanı “Olaylar” yayıb. Saytın yazdığına görə, hadisə universitetin beynəlxalq hüquq fakultəsində baş verib: “Universitet müəllimini nazir oğlu xüsusi amansızlıqla döyüb. Belə ki, nazir oğlunun Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakultəsində 3-cü kurs tələbəsi olan nişanlısı dərsdə saqqız çeynəyib və müəllim bunu görüb. Müəllimin etirazına qızın saqqız çeynəyə-çeynəyə cavab verməsi qalmaqalla nəticələnib. Əsəblərini cilovlaya bilməyən müəllim tələbəni dərsdən qovub. Əvvəlcə auditoriyadan çıxmaq istəməyən tələbə qız müəllimlə dalaşıb və onu söyüb dərsdən çıxıb. Elə hadisə də bundan sonra baş verib. Məlumata görə, qız məsələ ilə bağlı nişanlısı – müdafiə sənayesi naziri Yavər Camalovun oğluna məlumat verib və onu universitetə çağırıb. Bir neçə qoluzorlu ilə birlikdə universitetə gələn nazir oğlu nişanlısının dərsdən qovulmasını özünə təhqir bilib universitetə daxil olub. Nazir oğlu yanındakı idmançı görkəmli dostları ilə birlikdə auditoriyaya soxulub müəllimə hücum edib. Məlumata görə, o, dəstəsilə birlikdə müəllimi tələbələrin gözü qarşısında döyməyə başlayıb. Nazir oğlu və onun dostlarının özbaşınalığına dözməyən tələbə oğlanlar müəllimi onların əlindən almağa çalışsalar da, mümkün olmayıb. Müəllimin xüsusi amansızlıqla döyüldüyünü görən tələbələr məcburiyyət qarşısında hadisə yerinə polis çağırmalı olub. Mənbənin dediyinə görə, Yavər Camalovun oğlu müəllimi döyəndən sonra onu döşəmədə atıb universiteti tərk edib. Professora xəbərdarlıq edilib ki, şikayət ediləcəyi təqdirdə onun və ailəsinin həyatı təhlükə altında olacaq”.
Məlumatı dəqiqləşdirmək üçün ötən gün BDU-ya yollandıq. Universitetin mühafizə xidmətinin əməkdaşları ilə söhbət etdik. Onlar bu barədə heç nə deyə bilməyəcəklərini vuğuladılar.
Universitet müəllimləri də bu olay barədə bizə nəsə deyə bilməyəcəklərini söylədilər. BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova “Azadlıq”a açıqlamasında bildirdi ki, yayılan məlumatların heç bir əsası yoxdur: “Universitetdə belə bir insident baş verməyib. Onu da bildirim ki, artıq 3 ilə yaxındır Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq fakültəsi fəaliyyət göstərmir. İndi bu ada yaxın fakültə Beynəlxalq münasibətlər və iqtisadiyyat adlanır ki, burada da son günlər buna bənzər hadisə baş verməyib. Nəinki bu fakültələrdə, ümumiyyətlə, universitetdə bu cür hadisə olmayıb”.
Ramin DEKO