“Səfəri zamanı siyasi fəalların təhdid edilməsinə və həbsə atılmasına, mitinqlərin dağıdılmasına, mətbuat azadlığına diqqət yetirməlidir”
Qərargahı Nyu-Yorkda yerləşən nüfuzlu insan haqları və demokratiyanın müdafiəsi təşkilatı “Freedom House” ABŞ dövlət katibi Hillari Klintonu Cənubi Qafqaz turnesi zamanı xüsusən Azərbaycanda və Ermənistanda insan haqları problemlərinə diqqət göstərməyə çağırıb. Təşkilatın prezidenti Devid Kremer yaydığı bəyanatında bildirib ki, dövlət katibi Qafqaz regionunda insan haqları və demokratiya problemlərini keçirdiyi görüşlərdə və verdiyi bəyanatlarda ən mühüm məsələ kimi qabartmalıdır.
“Qafqaz regionunda demokratik sistemin bərqərar olması ABŞ-ın maraqları üçün çox mühümdür” deyə, o bildirib. D.Kremer bəyanatında göstərib ki, o, ABŞ dövlət katibinin səfər zamanı müzakirə edəcəyi strateji məsələlərin diapazonunun geniş olduğunu anlayır. “Buna baxmayaraq ”Freddom House” səfər zamanı bütün region boyu, xüsusən də Azərbaycanda və Ermənistanda insan haqları və demokratiya dair narahatlıqlara xüsusi diqqət göstərməyə çağırır” deyə, bəyanatda bildirilir.
Təşkilat rəhbəri bildirir ki, H.Klinton Azərbaycana səfəri zamanı siyasi fəalların təhdid edilməsinə və onların həbsə atılmasına, anti-hökumət mitinqlərinin dağıdılması zamanı gücdən olduqca qeyri-korrekt istifadəyə, həmçinin mətbuat azadlığına diqqət yetirməlidir. “Freedom House”ə görə Ermənistanda islahatlara siyasətlə biznes arasında dərin əlaqələr mane olur, bu da məsuliyyət və şəffaflıq çərçivəsini daraldır. Gürcüstana gəldikdə isə ABŞ dövlət katibi bu ölkədə daha geniş islahatlara dair vədlərin yerinə yetirilməsinin vacibliyini xatırlatmalıdır (“Yeni Müsavat”).