“Tərlansan, göydən enməzsən…”

Arzuları nakam Müşfiq

1937-1938-ci illərin amansız repressiya dalğası gənc şair, 29 yaşlı Mikayıl Müşfiqdən də yan keçmədi. 1938-ci ilin yanvar ayının 6-da onu sorğusuz-sualsız güllələdilər… Mikayıl Müşfiq qısa ömründən geriyə çox xatirələr qoyub getdi, çox şeirləri dillər əzbəri oldu…
İsmayılzadə Mikayıl Əbdülqadir oğlu 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində doğulub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı Darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsindən məzun olub.
Əmək fəaliyyətinə pedaqoq kimi başlayan Mikayıl Müşfiq, Bakı orta məktəblərində yeddi il müəllimlik fəaliyyətiylə məşğul olub. Son iş yeri isə 18 saylı Bakı şəhər orta məktəbi olub. Bu məktəb indi mərhum şairin adını daşıyır. Mikayıl Müşfiq poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeiri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxışlarla adını ədəbiyyat aləmimizin parlaq səhifələrində həkk edib. Mərhum şairimiz ədəbi yaradıcılığı ilə yanaşı tərcümə işi ilə də ciddi məşğul olub.

Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?

Mikayıl Müşfiq bu misraları ölümündən beş il əvvəl qələmə alıb. O zaman hələ 29 yaşına çatmamışdı. Zirvəyə doğru getdiyi bir yolda onu nələr gözlədiyindən də xəbərsizdi. Müşfiq qətlə yetirildi və hələ neçə-neçə şeirləri qəlbindəcə  susduruldu.  
Müşfiqin bütün kitabları “Ana” şeiri ilə açılır. Mikayıl Müşfiqin həyatda ilk itkisi də Ana olmuşdu və illər keçdikcə heç nə o itkini əvəz edə bilməmişdi.

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda.
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Böyük eşqin acı sonu

Mikayıl Müşfiq Dilbərlə öz sevgisinə, öz xoşbəxtliyinə qovuşdu…. Dilbər xanım şairin sevgisini belə ifadə etmişdi: “Evləndiyimiz vaxt Müşfiq “Azərnəşr”də redaktor vəzifəsində və 18 saylı məktəbdə müəllim işləyirdi. Qazancı da pis deyildi. Balaca otağımızda Müşfiq dağ şəlaləsi kimi coşub-daşır, yazıb-yaradırdı. Müşfiqin bütün varlığı şeirlə nəfəs alırdı. O, məni yuxudan şeirlə oyadar, şeirlə söhbət edər, axşamlar şeirin xoş zümzümələri ilə yatırardı”…
Bu əsl sevgiydi və bu Mikayıl Müşfiqin həyatda qazandığı ilk xoşbəxtliyi idi… Dilbərlə 7 il birlikdə yaşadılar. Dilbər xanım deyirdi ki, “Müşfiq elə nadir istedad idi ki, 7 il müddətində mən onu tamamilə dərk edə bilməzdim. Onun coşqun qəlbinin döyüntülərini, parlaq zəkasını bütünlüklə qavramaq üçün uzun illər lazım idi. Lakin Müşfiqlə keçirdiyim qısa həyatımı həmişə ömrümün bahar fəsli kimi xatırlayıram”…
Müşfiqin şeirlərində böyük bir eşq var – Dilbərə olan eşq. Bu eşq taleyin amansız rüzgarları ilə darmadağın olub, Xəzərin dalğalarında yox olub getdi…
1937-ci il noyabr ayının 1-də M.Müşfiqin həyat yoldaşı kimi Dilbər Axundzadənin həbsi üçün də qərar çıxarılır, noyabrın 2-də isə Dilbər Rza qızı İsmayılzadə-Axundzadənin həbsi üçün order yazılır. M.Müşfiqin güllələnməsinə dörd gün qalmış Dilbər İsmayılzadə-Axundzadə vətən xaininin həyat yoldaşı kimi həbs edilir. Həyat yoldaşının güllələnməsindən bir ay keçməmiş təhlükəsizlik leytenantı Q.B.Avanesov ilk dindirmə aparır. Dilbər xanım iki aylıq əzab-əziyyətli ingəncələrə dözməyərək psixi gərginlik keçirir. O, 28 fevral 1938-ci ildə 1 saylı Əsəb xəstəlikləri xəstəxanasına müalicəyə göndərilir. 7 mart 1939-cu ildə Respublika prokurorluğunun xüsusi işlər şöbəsi D.Axundzadənin həbsdən azad olunması üçün təqdimat yazır. 10 mart 1939-cu ildə NKVD-nin rəis müavini Kərimovun imza qoyduğu qərara əsasən D.Axundzadə həbsdən azad edilir və istintaq işi arxivə verilir…  

Mikayıl Müşfiqin kitablarını vərəqləyəndə bu qədər cavan yaşında həyatı tərk etmiş bir insanın qısa bir ömür ərzində nə qədər klassik əsərlərə imza atdığına heyrətlənməmək olmur. Maraqlıdır ki, Müşfiq ilk qələm təcrübələrindən başlayaraq nə yazıbsa, hamısı gözəldir. Onun lirik şerlərini oxuduqca anlamaq olmur ki, bu cür zəngin mənəviyyatlı şairə necə “xalq düşməni” damğası vurmaq olardı. Halbuki, Mikayıl Müşfiq təpədən dırnağa lirik şair idi. Qəlbinin dediklərini, ruhunun pıçıldadıqlarını can yanğısı ilə kağızlara naxışlayan bu nakam taleli şair hansı fəhmin gücünəsə sanki ömrünün yarımçıq tamamlanacağını bilirdi…

“Öldü bir usta ki, ustalar başı…”

Böyük dramaturq Cəfər Cabbarlı vəfat edəndə buna öz şeiri ilə haray çəkən də Mikayıl Müşfiq olmuşdu…
Öldü! – Xəbər verin aşnaya, dosta, –
Ruhlar mühəndisi o böyük usta !
Öldü bir usta ki, ustalar başı,
Bütün yoldaşların əziz yoldaşı!

Cəfər Cabbarlı ucalığını poeziya ilə bu ağırlıqda, bu zənginlikdə ifadə edən ikinci bir şair olmayıb.
Müşfiq Nargin adasında qətlə yetirilmişdir. O zaman heç ona şeir də həsr edən olmamışdı…
NKVD-nin 27 may 1937-ci ildə təhlükəsizlik kapitanı Çinmanın tərtib etdiyi arayışda göstərilir ki, guya Mikayıl Müşfiq Qədir oğlu İsmayılzadə hal-hazırda Müsavat gənclər təşkilatı ilə əlaqə saxlayır. O, partiya və hökumətin ünvanına böhtanlar deməkdən çəkinmir. Bundan əlavə, M.Müşfiq Azərbaycanın öz azadlığı yoxdur, o, Rusiyanın koloniyasında yaşayır kimi qızışdırıcı sözləri ilə xalqın arasında narazılıq yaratmaq istəyir. M.Müşfiq burjua-millətçi fikirləri ilə, əksinqilabi düşüncələri ilə ədəbiyyat sahəsində bu yöndə iş aparmasında günahkar bilinir. O əksinqilabi təşkilatın qrupuna daxildir. Həbs olunmuş müttəhimlərin könüllü surətdə yazdığı izahatlar da nəzərə alınmış və müstəntiq tərəfindən hazırlanan həmin arayışa əsasən Mikayıl Müşfiqin adına 3 iyunda 508 nömrəli order yazılmış, 4-də isə həbs edilmişdi.  

İstintaq materiallarından aydın olur ki, 1926-cı ildən 1930-cu ilə qədər əks-inqilabçıları müdafiə etmək nəticəsində Almaz İldırımzadə və Nəsir Quluzadə tərəfindən İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu əksinqilabi müsavat ruhlu şəkildə hazırlanmışdır. M.Müşfiq 1930-cu ildə Nəsirzadə tərəfindən dəvət almış və qanunsuz gənc “Müsavat” təşkilatına cəlb edilmişdir. 1930-1935-ci illərdə İsmayılzadə qəddar əksinqilabi millətçi “Müsavat” təşkilatının üzvüdür. Bu əksinqilabi hərəkatı keçmiş müsavatçılardan Ə.Cavad,  H.Cavid və həmçinin başqa millətçilər tərəfindən dəstəklənib. 1935-ci ildə İsmayılzadə əksinqilabi millətçi hərəkətlərinə görə Məmmədkazım Ələkbərli tərəfindən təşkilata üzv olunmuşdur. İsmayılzadə M.Ələkbərli tərəfindən cəlb olunduğunu, onun Sovet dövlətinə qarşı iş apardığını boynuna almışdır. İsmayılzadə Mikayıl Müşfiq boynuna almışdır ki, o, əksinqilabi təşkilatın bütün qərarlarını demək olar ki, yerinə yetirib.   
Buna görə də, İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu Azərbaycan SSR cinayət məcəlləsinin 64,70,73 maddələri ilə təqsirli bilinir. Bundan sonra SSRİ Ali Məhkəməsinin Səyyar Hərbi Kollegiyasının 5 yanvar 1938-ci il 11.20 dəqiqədə başlanan məhkəməsi 11.40-dəqiqədə İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlunun güllələnməsi hökmü ilə başa çatır. Hökm yanvar  ayının 6-na keçən gecə həyata keçirilir.