Cəmil Həsənli: “Azərbaycan qadınlarına hörmət hər kəsin, eləcə də hakimiyyət yetkililərinin borcudur”
Eldəniz Quliyev: “Əli Həsənov Azərbaycan kişisinə layiq olmayan fikirlər səsləndirib”
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun mayın 24-də İctimai Televiziya qarşısında keçirilən piketdə iştirak edən qadınlarla bağlı dedikləri ictimaiyyətin qəzəbinə səbəb olub. Xatırladaq ki, aksiya zamanı xanımlar polisin gözü qarşısında mülki geyimli şəxslərin zorakı hərəkətlərilə üzləşsələr də, Ə.Həsənovu hədəfi polislər yox, qadınlar olub. Həmin xanımları Azərbaycan qadınına yaraşmayan hərəkətlərdə ittiham edən Ə.Həsənov onları təhqir etməkdən də çəkinməyib: “Təsəvvür edirsiz, İctimai Televiziyanın qarşısında bunlar nə oyundan çıxdılar. Adamın dili gəlmir oradakılara xanım desin. Özlərini atıb yerə, nələri vardı tökdülər camaatın qarşısına. Ayıbdır. Dədə-babadan görmüşük ki, xanımlar xeyirdə-şərdə bəlli bir məsafə gözləyərlər. Məgər bu, Azərbaycan xanımına yaraşan hərəkət idimi?”.
Ə.Həsənovun təhqir etdiyi qadınlar məhkəməyə müraciət etmək və işi Avropa Məhkəməsinə qədər aparmaq niyyətindədilər.
Öz növbəsində ictimaiyyət nümayəndələri isə Ə.Həsənovun bu fikirlərinin heç bir çərçivəyə sığmadığını deyirlər.
Ziyalılar Forumunun üzvü Cəmil Həsənli hesab edir ki, öz konstitusion hüquqlarını yerinə yetirməyə çalışan qadınlara belə münasibət sərgiləmək doğru deyil: “Hesab edirəm ki, kimliyindən asılı olmayaraq Azərbaycan qadınlarına, onların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq hər kəsin, eləcə də hakimiyyət yetkililərinin borcudur”.
Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev hesab edir ki, Ə.Həsənov Azərbaycan kişisinə layiq olmayan fikirlər səsləndirib: “Ümumiyyətlə kişiyə layiq olmayan sözlər deyib. Azərbaycanın daxili siyasətinin sözçüsü olan Əli Həsənov son zamanlar olduqca ekssentrik fikirlər səsləndirir. Hesab edirəm ki, bu fikirlər heç kimə başucalığı gətirmir. Bu gün azadlıq və demokratiya naminə meydanlara qadınlarımız da çıxırsa, bunu ancaq alqışlamaq lazımdır. Əli Həsənov heç olmasa, susmalı, ağzına gələni danışmamalı idi”.


