Hakimiyyətdəki isterikanın ifadəsi

“Eurovision” bitdi, bəs hanı AzTV-də İlham Əliyevin xarici siyasət dastanları?..

İndi danışmağa sözləri yoxdur. Ona görə də hər kəsi təhqir edirlər. “Eurovision” yarışmasının nəticələri barədə daha bir yazı yazmaq fikrindəyik. Amma bu dəfə başqa məqamı araşdıracağıq. Niyə Əliyevlər bu tədbirlə bağlı təbliğatı davam etdirmirlər? Niyə susublar? Təşkilat Komitəsi yarışmanın qalibini niyə təbrik etmədi? İlham Əliyev bu tədbirlə qurmaq istədiyi geopolitik dəngəni əldə edə bildimi? Qısası, onlar nə gözləyirdilər, nə baş verdi?

Bu tədbir hara getdi?

Siz Bakıda belə bir beynəlxalq tədbirin keçirildiyini hiss edirsinizmi? AzTV İlham Əliyevin xarici siyasəti nəticəsində Loren adlı azadlıq carçısının qalib gəldiyini deyirmi? Demir. Hərçənd, bir musiqi yarışmasında qalib gəlmiş xanımın qələbəsini demokratiya prosesi baxımından bu qədər önəmsəməyi tənqid edənlər də tapıla bilər. Amma söhbət “Loren demokratiya gətirəcək” qədər bəsit yanaşmaya söykənmir. Məsələ burasındadır ki, artıq avtoritarizmin nəhəng pullarının yaratdığı və dəstəklədiyi estetika uduzur. İlham Əliyevin bu tədbirin dividendləri sırasında hesabladığı bir addım da insan haqlarından danışan qızcığazın uduzması idi. Belə olmasaydı, Lorenə səs verənlərin qapalı istintaq prosesi barədə xəbərlər yayılmazdı.
Bəli, hakimiyyət artıq öz taleyinə təsir edəcək faktorlar sırasına arıq, qara qızın oxuduğu mahnını da qatıb. Bu isə onların artıq siyasi mübarizəlik bir güc olmadıqlarının sübutudur. Amma İlham Əliyev İran və Qərb arasında planlaşdırdığı dəngənin beləcə, sıradan çıxacağına heç inanmazdı. Bu təbii ki, Qərbin “amansız” siyasi prinsiplərinin nəticəsi idi. Əliyevə İsraillə birləşib regionda gərginlik yaratmamağı ABŞ prezidenti şəxsən tövsiyə etmişdi. Onun nəticəsi isə bu oldu. Yəni, hər kəs sözünün üstündə durdu. Siyasət kimsənin gözünün yaşına baxmır. Dünya mediasının bu cür dəqiqliklə tənqidləri isə onu göstərdi ki, onlar daha Əliyevlərin eyibini örtmək istəmirlər. Bu isə o halda baş verir ki, onunla işbirliyi nəinki arzu olunmur, heç təsəvvür belə edilmir.

Müxalifət nə gözləyirdi?

Azərbaycan müxalifəti, daha konkret desək, İctimai Palata öncədən bəyan etmişdi ki, bu yarışma ərəfəsində siyasi məhbuslar azadlığa buraxılmasa və əsas siyasi hüquqlar bərpa olunmasa, bu, ölkənin imicinə ağır zərbə olacaq, mövcud problemləri aradan qaldırmaq tələbilə etiraz aksiyaları keçiriləcək. Bu aksiyalar keçirildikdə isə hakimiyyət guya, ölkənin imicinin qayğısına qalaraq, müxalifəti ittiham etməyə başladı. Amma insanlara toplaşmaq haqqı verməyən, fikir və düşüncəsinə görə onları həbsə atan hakimiyyət bu nəticəni elə öz siyasətinin yaratdığını etiraf etmək istəmir. Əksinə, “vətənpərvərlik” pərdəsilə gizlənərək öz günahlarının üstünün örtülməsini tələb edir. İctimai Palata aylar öncədən hakimiyyətə öz şərtini və tələbini bildirmişdi. Hakimiyyət isə bu tələbə qulaq asmadı, amma proseslər elə bir həddə çatdı ki, bir “fləşmob”a görə AXCP sədri Əli Kərimlini bir neçə saatlıq da olsa, həbs edəcək qədər isterik duruma düşdü. Və bunu yarışmanın final günü etdi…

Kim nə itirdi?

İctimai Palata və bütövlükdə Azərbaycan cəmiyyəti bu yarışmadan ümumi bir itki ilə çıxdı. Bu da ondan ibarətdir ki, hakimiyyətin ipə-sapa yatmayan, məntiqi zorlayan fəaliyyətinin nəticəsi olaraq, ölkəni dünyaya daha yaxşı tanıtdırmaq mümkün olmadı. Amma onu göstərə bildi ki, Azərbaycan cəmiyyəti öz hüquq və azadlıqları uğrunda dinc, iradəli bir mübarizə aparır. Bu mübarizə sonuna qədər düşünülüb və şüurlu təşkil olunub.
Hakimiyyət isə həm pul xərclədi, həm də dünya mediasında ifşa olundu. Həm də geridə qalmış bütün əlaqələrini və imicini itirdi. Bu yarışma ən ciddi siyasi nəticəni onunla göstərdi ki, İlham Əliyevin iki sözçüsündən biri olan Əli Həsənov bütün cəhətlər üzrə Qərbdən-Şərqə hər kəsə hücum etdi, hər kəsi təhqir elədi. Bu isterikanın ifadəsini tapmaq çox çətin olduğundan mən sadəcə, özünü söndürmək istəyən adamın qətran çəlləyinə atılması kimi təsvir edə bilirəm.

Seymur Həzi