Hakimiyyətdə ikitirəlik

Qərblə qarşıdurma Əliyevin ətrafında çat yaradıb

Azərbaycan hakimiyyətində son baş verən hadisələrlə bağlı ikitirəlik yaranıb. Söhbət Qərbin Azərbaycan hakimiyyətindən  islahatlar tələbi, qarşı tərəfin isə buna isterika ilə cavab verməsidir. Məlumatlara görə, hakimiyyətdə bir qrup Qərbə meydan oxumağın, islahatlar tələbindən isterikaya düşərək şantaj, təhqir yolu seçilməsinin əleyhinədir. Bu qrup hesab edir ki, Qərblə konfrantasiya yolunu tutmaqdansa, müəyyən islahatlara getmək daha yaxşı olardı. Onların fikrincə, bu halda ən azı sanksiyalardan sığortalanmaq mümkündür. Məlumatda deyilir ki, Qərblə qarşıdurmanın əleyhinə olan qrupun belə bir mövqe seçməsi təsadüfi deyil. Bu qrupa əsasən Avropada biznesləri olan, pullarını Avropa banklarına yatıran, övladları Avropa ölkələrində təhsil alan məmur-oliqarxlar daxildir. Qarşıdurma nəticəsində də ən böyük zərbə onlara dəyə bilər. Təkcə Azərbaycan məmurlarına viza qadağasının tətbiq edilməsi onların Avropadakı bizneslərindən ayrılmasına gətirib çıxarar. Biz hələ bank hesablarının dondurulmasını demirik. Bütün bunları düşünən həmin məmurlar təkid edirlər ki, hakimiyyət bəzi güzəştlərə getməlidir. Avropa ilə hər hansı formada əlaqəli olmayan digər qrup isə bunun əksini düşünür. Və prseslərə diqqət yetirəndə hələ ki, onların üstün gəldiyi aydın görünür. Hər halda hakimiyyətin anti-Qərb kampaniyası günbəgün şiddətlənir. Ölkə başçısı İlham Əliyevin də indiki məqamda “mühafizəkar qrupun” yanında olduğu bildirilir. Müşahidələr də bunu göstərir.

İnformasiya şöbəsi