Cəbhəçi gənci işdən çıxartdılar

AXCP gənclər komitəsinin üzvü Dəyanət Babayev işdən çıxarılıb. Bu barədə “Azadlıq”a məlumatı D.Babayevin özü verib. Onun sözlərinə görə, mayın 25-də İctimai Palatanın Xalq Gəzintisində iştirak edərkən qanunsuz yerə bəbs olunması işindən də edib: “Biz İctimai Palatanın keçirmək istədiyi səssiz yürüşdə iştirak edəcəydik. Gəzinti dinc xarakterli və şürasız nəzərdə tutulmuşdu, ancaq bizi heç bir əsas göstərilmədən zorakılıqla polis maşınına mindirdilər və mənə 6 sutka həbs cəzası kəsdilər”.
Cəbhəçi gənc azadlığa çıxandan sonra türk şirkəti olan “Güvən”ə gedib. Orada ona deyiblər ki, işdən azad olunub. Səbəbini soruşanda məlum olub ki, siyasi baxışlarına görə işdən azad edilib: “Mən həbsdə olan zaman iş icraçısına naməlum nömrədən zəng gəlib. Ona deyiblər ki, mənimlə danışıqlarına qulaq asıblar və dəfələrlə ondan pul aldığımı bildiriblər. İş icraçısı deyib ki, mən şirkətdə fəhlə işləyirəm və verdiyi pulda gündəlik 10-12 manatlıq fəhləlik puludur. Onu polis idarəsinə izahata çağırıblar. Sonra dayısı – şirklətin rəhbəri məsələni yoluna qoyub və məni işdən azad ediblər”.
Dəyanət Babayev deyir ki, həbs olunmazdan 20 gün öncə işə düzəlmişdi. Cəbhəçi gəncin başına gələn bu cür hadisə birinci dəfə deyil. O, 2 il öncə – 15 may 2010-cu il tarixində AXCP-nin keçirdiyi etiraz aksiyasında iştirak etdiyi üçün Milli Parkda yerləşən restoranların birində ofisiant işindən də çıxarılmışdı: “Hökümət hər gün ölkədə işsizliyin azaldığını deyir. Ancaq biz bunu görə bilmirik. Mən Bakıda kirayədə qalıram. İşləməsəm mənim kirayə haqqımı kim ödəyəcək? Ona görə də ABŞ-ın, Norveçin, Almaniyanın, Fransanın və başqa Avropa ölkələrinin Azərbaycandakı səfirlərindən xahiş edirəm ki, rəhbəri olduğu idarədə fəhləlikdən tutmuş istənilən bir iş varsa məni ora cəlb etsinlər. Azərbaycanda öz haqqını tələb edən şəxslərə qarşı repressiv addımlar atılır, bu və ya digər formada problemlər üzləşirik”.

Ramin DEKO