Dedilər qabaqda gedəniniz kimdir, dedim Əli Həsənov
Azərbaycanda siyasi fəaliyyət üçün yaradılan şərait harda yaradılıb, deyə son çıxışında Prezident Administrasiyasının sözçüsü Əli Həsənov hamımıza sual verdi.
Mən cavab verim. Əli müəllim, bu sualı hələ bu qədər uca səslə verməyə ehtiyac yoxdu. Bir az səbr etməmiz gərəkdir. İnşallah, Çin, Şimali Koreya, Türkmənistan, İran və Belarusu tezliklə geridə qoyarıq, bax onda deyərsiniz, di kim var bizdən başqa, çıxsın qarşınıza. Hələlik təmkin, təmkin. Hocam, nə demişlər bax; səbr edən dərviş murada yetmiş…
Əli Həsənov Avropanın mədəni baxımdan Odlar Yurdundan geridə qaldığını da dedi. Buna örnək olaraq 1918-ci ildə qurulan Xalq cümhuriyyətini, ilk operanı, qadınlara seçki hüquq verilməsini sadaladı.
Bunlar çox yaxşı idi. Amma başa düşmədim, Əli müəllim niyə demədi ki, o cümhuriyyət Heydər Əliyev ideyaları əsasında qurulub. Üzeyir bəy o möhtəşəm operaları Emin Ağalarovun təkrarsız ifalarını düşünərək ərsəyə gətirib. Bunlar deyilməli idi. 1 milyon iş yeri açıldığını utanmadan deyə bilirik, bunları yox? Olmaz. Dünya ictimaiyyəti bu həqiqətləri bilməliydi. Bundan başqa, Əli müəllim qadınların seçki hüququna ötəri toxundu. Çox əlamətdar olar, növbəti çıxışında o bildirsin ki, Azərbaycan qadına səsvermə hüquq verməkdə ilkin olduğu kimi, Şərqi Avropada ilk dəfə kişilərin də səsvermə hüququnu ləğv etməkdə öncüldür.
Bəli, ola bilər ki, bu öncüllüyə dodaq büzənlər olsun. Hansı yeniliyə, ilkə bəşəriyyət əl çaldı ki? Cəsur ol, Əli müəllim, dilə gətir qadınlı-kişili hamımızın səs hüququmuzun geri alınmasını. Uzaq başı buna görə üstümüzə çox gələrlər. Səsimizi o məxməri səsinizə qatıb deyərik ki, kül sizin başınıza!!
Əli müəllimin daha bir çağırışı var; bizdən xahiş edir ki, bəzi pozucu ünsürlərin (xüsusən “Eurovison” zamanında xaricilərlə əlbir olanların) küçəyə çıxmasına imkan verməyək, onlara “ictimai nifrət bəsləyək”.
Hamı bu çağırışdan özü üçün nəticə çıxarmalıdır. Mənim siyahım bəllidir; Şahvələd Çobanoğlu, Anar Məmmədli, Rövşən Hacıbəyli, Rəsul Cəfərov… sizə “ictimai nifrət” bəsləyirəm!
Çalışacam bu adamların avtomobillərinin təkərini yırtım. Son günlər idmanı gücləndirdiyimdən özümə inamım var, bu adamları küçədə təpiyimin altına da salmağa hazıram.
Əli müəllimin dür süzülən çıxışında bir yer də var. O deyir ki, bəzən Avropa dövlətləri Azərbaycan məmurlarını bir il viza üçün süründürür. Əli müəllim, bu çox pis hadisədir. Məncə, siz də sayıqlığı itirmisiniz. Bir halda ki, sizin doğru vurğuladığınız kimi, Avropa acından ölür, orda xəstəlik baş alıb gedir, narkomaniya-filan ərşə qalxıb, siz o məmurlara sual verməlisiniz; ay qardaş, sənin nə itin azıb Avropada? Niyə bu cənnət məkanı qoyub gəzməyə, görməyə Avropa gedirsən? Niyə görə? Gedib nəyə görə ölkəmizə Hepatit C, ADİS, qarınağrısı daşıyırsınız?
Əli müəllimin çıxışında daha bir ürəkaçan nəticə. Bildiyiniz kimi, uzun müddət idi ki, Azərbaycanda siyasət lənətlənmişdi. Hökumət vətəndaşları siyasətdən vəbadan qoruyan kimi qoruyurdu. Siyasi partiyalar peşiman idi hansısa problem barədə danışsın, o dəqiqə Əli müəllim və onun analoqları deyirdilər: məsələni siyasiləşdirməyin!
Ancaq son çıxışında Əli müəllim QHT-ləri (QHT-lər siyasətdən kənarda dayanmalıdır) siyasiləşməyə təhrik etdi. Açıq-aşkar təhrik idi. QHT-lərə barmaq silkələyib dedi ki, verdiyimiz qrantlar burnunuzdan gələr, müxalif siyasi partiyalara qarşı danışın. Hə, danışın sözü burda yerinə düşmür, burda başqa söz olmalıydı. Beləliklə, bu ölkədə siyasətin də çiçəyi açdı.
“Malades”, Əli müəllim. Kül bizim başımıza ki, sizi sevə bilmirik!