“Əxlaqsızlıq Əli Kərimli bir fikir səsləndirən kimi onun evi qarşısında yaramaz aksiyalar təşkil etməkdir”
Aslan İsmayılov: “Avropa doğrudan pis gündədir, ona görə ki, əli həsənovların ona buynuz göstərməsinə imkan verib”
“Əli Həsənovun çıxışı Azərbaycanı uçuruma aparan bir çıxışdır. Hakimiyyət bunun fərqinə varmalıdır”. Bu sözləri “Azadlıq”a tanınmış vəkil Aslan İsmayılov Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun “Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu” mövzusunda keçirilən konfransda etdiyi çıxışa münasibət bildirərkən deyib. Vəkil daha sonra deyib: “Əli Həsənov məni də hakimiyyətə gəlmək istədiyim üçün şər-böhtan danışdığımı iddia etməsin deyə, mayın 15-də “facebook” vasitəsilə aşağıdakı məzmunda müraciətimi bəribaşdan onun diqqətinə çatdırıram:
“Sizinlə səmimi bölüşmək istədiyim bir fikri sonadək oxumağınızı və paylaşmağınızı xahiş edirəm. Hakimiyyətlə bağlı söylədiyim bütün fikirlər, bununla bağlı mövqeyim Sizə bəllidir. Lakin “Eurovision” ərəfəsində yaşadığımız bu dönəmə xüsusi həssaslıqla yanaşmağınızı hamınızdan xahiş edirəm. Ola bilsin bu məmləkətin belə bir fürsəti bir daha olmayacaq. Bu ölkə iqtidarın yox, hamımızındır. Bu ərəfədə atdığımız hər bir addımın iqtidarın yox, ölkəmizin adı ilə bağlı olacağı hər birimiz üçün aydındır. Çünki bura gələn hər bir turist xaricdə bizim haqqımızda formalaşan, Qarabağ probleminin həllinə təsir göstərəcək fikrin daşıyıcısı olacaq. Bu fikrin formalaşması isə yalnız bizdən və atdığımız addımlardan asılıdır. Heç şübhəsiz gələn turistlərin arasında çox çətin xarakterə malik olanları olacaq. Ələlxüsus ictimai-iaşə obyektlərində çalışanlardan təmənnam bu cür turistlərə də xüsusi anlayışla yanaşmalarıdır. Hakimiyyəti tənqid edənlərdən xahişim isə odur ki, irəlidəki 10-15 gün ərzində elə addım atsınlar ki, bəzi hakimiyyət nümayəndələri onlara qarşıdakı 10-15 il ərzində fürsətçi damğasını vurmasınlar. Ölkəmizə təşrif buyuran qonaqların xoş təəssüratla Bakıdan ayrılması üçün əlimizdən gələni edək!”.
İndisə Əli Həsənovun yalanları barədə. Əli Həsənov hakimiyyətin “uğurları” barədə danışır. İlk olaraq bu hakimiyyətin xarici siyasətinə diqqət çəkmək istəyirəm. Hələ Barak Obama prezident seçilməmişdən əvvəl bu hakimiyyətin başbilənləri ümidlərini Makkeynə bağlayaraq ona açıq-aşkar dəstək verdilər. Sonda bəlli oldu ki, ciddi səhvə yola veriblər.
Digər tərəfdən bu gün hakimiyyət Azərbaycanı bütün dünya ilə üz-üzə qoyub. Qarabağ məsələsində ən azı neytral mövqedə olan Almaniyaya savaş açıb. Dünyanın BBC, CNN, “Əl-Cəzirə”, “Euronews” kimi telekanallarına, “Spiegel”, “The İndependent”, “The Guardian” kimi nüfuzlu dərgilərinə müharibə elan edib. Bütövlükdə Avropanı hədəf götürüb. Bu siyasətlə Qarabağ problemini həll etmək olar? Bu hakimiyyət eyni vaxtda İranla da döyüşür, ABŞ-la da. Bu Azərbaycanı fəlakətə aparan siyasi xəttdir. Bəli, vaxtilə Sarkozi, Berluskoni Qəzzafi və digərilərinə dayaq olub. Ancaq onlar artıq yoxdurlar. Doğrudan Avropa pis gündədir, ona görə yox ki, bütün hakimiyyət təmsilçiləri istirahətə, oxumağa, müalicəyə bu gün söydükləri ünvanlara gedirlər, ancaq onların brendlərindən geyinirlər, ona görə ki, əli həsənovların onlara buynuz göstərməsinə imkan veriblər”.
Vəkil hakimiyyətin daxili siyasətinə diqqət çəkərək Azərbaycanda ciddi problemlərin olduğunu bildirib: “Azərbaycanda sosial-iqtisadi vəziyyət göz önündədir. Azərbaycanın biznes qura bilən, pul qazana bilən insanları Əli Həsənovun söydüyü Avropa ölkələrinə axışır. Yaxşı əgər, Avropa pis gündədirsə, onlar ora niyə gedir? Özü də təkcə sahibkarlar xaricə getmir, vətəndaşlar da orada yaşamağa üstünlük verir, gənclər təhsil almaq üçün Avropaya üz tutur.
Azərbaycanın büdcəsinin 20 milyon olması ilə öyünürlər. 20 milyon yaxşı rəqəmdir. Amma məsələ burasındadır ki, narkoman iynəyə oturdulan kimi dövlət büdcəsi də neft pullarına oturdulub. Əgər Əli Həsənovun söydüyü Avropa Azərbaycan neftini almasa, nə olacaq? Hakimiyyət bu barədə düşünübmü?.
Əli Həsənov jurnalistləri ittiham edir ki, xaricilərə dağılmış yolları göstərirlər. O yolları jurnalistlər dağıtmayıb ki?! Jurnalistlər olanı göstərib. Əli Həsənov rayonlara demirəm, heç olmasa Sulutəpəyə getsin, ora da Bakıdır, görsün camaat hansı şəraitdə yaşayır. Yoxsa Əli Həsənov üçün Bakı, Prezident Aparatından Zuqulbadakı iqamətgaha gedən, kənarına mərmər düzülmüş 25 kilometrlik yoldan ibarətdir?
Bu hakimiyyətin bəyənmədiyi Gürcüstanda paytaxtın Kutaisiyə köçürülməsi prosesi başlanıb. Azərbaycanda isə bütün rayonları Bakıya köçürürlər. Bir strateci iş görmək istədilər. 600 milyon xərcləyib Bakı-Quba yolunu çəkdilər. 3 il keçməyib artıq dağılır. Anar Məmmədxanovun yaratdığı, Qafqazda ən oxunaqlı olan day.az saytını, inkişaf edən çoxsaylı zavodları sahiblərindən aldınız və onları bacarıqsızlığınızdan viran qoydunuz”.
Aslan İsmayılov Əli Həsənovun ictimai-siyasi sahə ilə bağlı söylədiyi fikirlər barədə deyib: “Əli Həsənov dünyada Azərbaycan qədər QHT olmadığını iddia edir. Onun diqqətinə çatdırım ki, hələ 2000-ci ildə 5 milyon əhalisi olan Danimarkada 30 min QHT var idi. Azərbaycanda isə 2000 QHT var. Onun da 99 faizi hökumətin nəzarətindədir. Qalan 1 faizi isə sındırmaqla məşğuldurlar.
Müxalifət partiyalarının dinc aksiyalarına icazə verilmir. Lakin AXCP sədri Əli Kərimli bir fikir səsləndirəndə dərhal YAP-ın gənclərini yığıb onun evinin qarşısında yaramaz aksiyalar keçirirlər. Xanımların siyasi aksiyalarda iştirakı deyil, bax bu, əxlaqsızlıqdır.
Əli Həsənov deyir ki, bizim kimi düşünməyənlərə ictimai nifrət aşılamalısınız. Bu, ölkəni vətəndaş qarşıdurmasına sürükləməyin anonsudur. Əgər “yuxarılar”da dövlətçilik nə olduğunu bilirlərsə, Əli Həsənov bir gün də bu hakimiyyətdə təmsil olunmamalıdır”.
Vəkil Əli Həsənovun saxta vətənpərvərliyinə də toxunub: “O, həvəslə Qarabağ problemindən danışır. Heydər Əliyev Mərkəzinin açılışında bu problemin kökü olan Sumqayıt hadisələrindən danışdı. Hər kəsə bəllidir ki, bu hadisələrlə bağlı sənədlər əsasında yazılmış “Sumqayıt- SSRİ-nin süqutunun başlanğıcı” adlı kitab var. Hökumətə bu kitabı müxtəlif dillərdə yaymaq üçün müraciət etmişəm. Amma əllərini ağdan qaraya vurmayıblar.
Əli Həsənovun Azərbaycan Xalq Cumhüriyyətindən danışması isə lap absurddur. Mən onun yerinə xəcalət hissi keçirdim.
Bu adam indiyə qədər o cümhuriyyəti quran kişilərin adını dilə gətirməyib. Əksinə onun başçılıq etdiyi təbliğat maşını Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Həsib bəy Yusifbəyli və digərlərinin adını insanların yaddaşından silməklə məşğul olub. Rəsulzadəni anmaq üçün Ankaraya gedirik. Əli Həsənov onlardan danışanda heç utanmırmı?
Sonda İsa müəllimin mənə xatırlatdığı yunan filosofu Antisfenin fikirlərini xatırladıram: “Quzğunlara yem olmaq, yaltaqlara qulaq asmaqdan yaxşıdır, çünki birincilər ölüləri didib yeyirlər, ikincilər isə diriləri yeyirlər”.
Vidadi Məmmədov