“Bu qiyamla ölkənin bütün uğurlarının üstündən xətt çəkilib”
“Bu qiyamda iştirak edənlər xalq və tarix qarşısında cavab verməli olacaqlar”
1993-cü ildə AXC hakimiyyətinə qarşı qalxan “4 iyun qiyamı” dünən İctimai Palatanın müzakirə mövzusu oldu. “4 iyun”la bağlı dəyirmi masaya o zamanın dövlət məmurları, ictimai xadimləri qatılmışdı.
Tədbirin aparıcısı İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rahim Hacıyev iyun qiyamını 28 aprel – Sovet istilası ilə müqayisə etdi. Bildirdi ki, 1920-ci ilin 28 aprelində Azərbaycan müstəqillik və azadlığını, 4 iyunda isə təkrar azadlığını itirib: “1993-cü ilin 4 iyun qiyamından sonra Azərbaycanda elə bir siyasi hakimiyyət iqtidara gəldi ki onların sərvət toplamaqdan başqa heç bir marağı yoxdur. 4 iyundan sonra ölkəmizdə heç bir qayda-qanunla, bəşəri dəyərlərlə hesablaşmayan zehniyyət iş başındadır”.
Rahim Hacıyev həmçinin milli demokratik düşərgənin itirilən azadlığı bərpa etmək əzmində olduğunu vurğuladı.
Çətin aşırım

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli nəzərləri qiyamdan sonra itirilən imkanlar üzərində cəmlədi. AXCP sədri çıxışında əvvəlcə xatırlatma edərək, qiyamın hansı şəraitdə baş verdiyini təsvir etdi:
– Baxmayaraq ki, Azərbaycan Xalq Cəbhəsi cəmi bir il idi hakimiyyətdə idi, amma ciddi uğurlara nail olmuşdu. Berlində və Varşavada rus qoşunları qalsa da, Azərbaycanı tərk etmişdi, qanununvericilikdə siyasi-iqtisadi islahatlarla bağlı ciddi işlər görülmüşdü; çoxpartiyalı sistemin əsası qoyulmuşdu, təhsildə ciddi islahatlar başlamışdı, Qarabağ münaqişəsilə bağlı irəliləyişlərə nail olunmuşdu. Azərbaycan elə bir dövrə gəlib çatmışdı ki, mühüm gözləntilər vardı, o da aşılsaydı, dayanıqlı, sabit demokratiya bərqərar olacaqdı.
Kəlbəcərin azad olmasının önünü qiyam kəsib

Kəlbəcərin işğalından sonra Azərbaycan hökumətinin apardığı məqsədyönlü siyasət nəticəsində indi bizim hamımızın öyündüyü BTM Təhlükəsizlik Şurasının məlum qətnamələri çıxdı. Digər rayonlar işğal olunanda həmin qətnamə müxtəlif nömrələrlə təkrarlanıb. Bundan sonra ABŞ, Rusiya və Türkiyənin iştirakı ilə üçtərəfli təşəbbüslər başladı. Bunların nəticəsində Ermənistana təzyiqlər o qədər artdı ki, onlar BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin yaxın iki ayda azad edilməsilə bağlı qrafikini təsdiqlədi. Deməli, bu proses davam etsəydi, söhbət Ermənistanın təklənməsindən, 2 ayda Kəlbəcərin azad edilməsindən gedirdi.
Nizami ordunun astanasında…

Ordu qururculuğunda da əhəmiyyətli işlər görülürdü. Bizdən əvvəlki hakimiyyətin zamanından qalan müxtəlif hərbi qruplaşmalar vardı, onların hamısı nizami orduya çevrilmişdi. Axıra qalan 709-cu hərbi hissə də tərk-silah olsaydı, tam nizami ordu mərhələsi başlayırdı. Hər hansı siyasətə aidiyyəti olan silahlı birləşmələr olmayacaqdı.
1993-cü ilin yazından Türkiyədən dəvət etdiyimiz zabitlərin iştirakı ilə 14 xüsusi komandos taborlarının hazırlığına başlanmışdı. Hazırlıq sentyabrda başa çatacaqdı. Yada salmaq istəyirəm ki, hazırlanan belə bir tabor – Ağdərə taboru bir aydan artıq müddətdə o böyük rayonun müdafiəsini həyata keçirdi, yüzdən artıq şəhid verdi, amma mövqeyini tərk etmədi.
Təsəvvür edin ki, o komandos taborları sentyabra hazır olsaydı, Azərbaycan üçün hansı imkanlar yaranacaqdı…
“Xalqımız həmişə demokratiyanı seçib”

Qiyam ərəfəsində Azərbaycan hökuməti hazırladığı neft müqaviləsini imzalamağa hazırlaşırdı. Bu müqavilələrin necə hazırlandığı barədə sonradan İngiltərənin baş naziri də danışdı. Bu müqavilələrdə Azərbaycan xalqının mənafeyinin qorunması üçün hər bir dolların, hər bir sentin hesabı aparılmışdı.
Belə bir mühüm məqamda Azərbaycanın müstəqil və demokratik inkişafını istəməyən bütün qüvvələr hakimiyyətə qarşı qiyam qaldırdı. Qiyamda əlbəttə ki, xarici qüvvələrin ciddi rolu oldu. Müstəqilliyimizi, azadlığımızı istəməyən xarici qüvvələr qiyamçılara dəstək verdilər. Burdan mühüm nəticə çıxır ki, xalqımızın işinə qarışan olmayanda, onun sərbəst seçim imkanı olanda həmişə demokratiyanı seçir. 1918-ci ildə də belə olub, 1992-ci ildə də.
1920-ci ildə kənardan birbaşa hərbi müdaxilə ilə azadlığımızı boğublar, 1993-cü ildə də bu işi yenə kənardan dolayısıyla etdilər. Biz yaxşı bilirik ki, o zaman Rusiya kəşfiyyatının generalı, İranın o vaxtkı səfiri hansı fəallığı göstərirdi. Bunları ona görə xüsusi vurğulayıram ki, son 19 ildə Azərbaycanı bərbad hala salanlar xalqımızın guya, demokratiyaya hazır olmadığı fikrini ortaya atıblar. Bir çox xalqlar həqiqətən də demokratiyaya başqa dövlətlərin köməyilə qovuşublar. Amma mənim yuxarıda göstərdiyim nümunədəki kimi, Azərbaycan xalqı heç bir kənar kömək olmadan iki dəfə öz əli ilə demokratiyasını qurub. Hər ikisi də xarici əllərlə boğulub.
Bu qiyam olmasaydı…
Əvvəla, Azərbaycanda ciddi demokratik sistem formalaşacaqdı. Qısa bir müddətdə Azərbaycanda çoxpartiyalı sistemin əsası yaradılmışdı. Siyasi partiyalar, QHT-lər, həmkarlar, məhkəmələr haqqında qanun qısa müddətdə qəbul olundu və illərlə Azərbaycana xidmət etdi. Yalnız uzun müddətdən sonra hakimiyyət onları daha mürtəcelərilə əvəzlədi.
Qiyam olmasaydı, Azərbaycanda gerçək siyasi sistem olacaqdı, demokratik seçkilər keçiriləcəkdi, hakimiyyətin dəyişməsi ənənəsi formalaşacaqdı. İndiki kimi, rejim anlayışı olmayacaqdı.
O zaman aparılan xarici siyasət davam etsəydi, Qarabağla bağlı indiki çətinliklər olmayacaqdı. Azrbaycanın o gözəl guşələri işğal altında qalmayacaqdı. Bizim ordumuz Qarabağın xeyli hissəsini işğalçılardan azad etmişdi.
Azərbaycanda böyük fürsətlər əldən verildi
Həmin milli, üzərində ictimai nəzarət olan şəffaf hakimiyyət davam etsəydi, neft sərvətlərindən düzgün istifadə olunsaydı, indi ölkədə çox ciddi iqtisadiyyat qurulmuşdu. Qətiyyən neft sənayesindən asılı olmayan qeyri-neft sektoru yaradılardı.
Elçibəy hakimiyyəti korrupsiyaya bulaşmamışdı
AXCP sədri yuxarıdakı fikirlərini belə əsaslandırdı ki, Elçibəy hakimiyyəti hazırkı rejimdən fərqli olaraq, dürüst olub, dövlət səviyyəsində korrupsiya ilə məşğul olmayıb. Bu fakt o qədər parlaqdır ki, hətta ən kəskin opponentlər belə, Elçibəy hakimiyyətinin rüşvətə bulaşması barədə fikir söyləyə bilmirlər:
– Neft Fondunda, ləl-cəvahirət fondunda aylarla araşdırma apardılar. Məlum oldu ki, onların bir qəpiyinə də toxunulmayıb. Təsəvvür edin ki, belə bir hakimiyyət iş başında olsaydı, xalqın inkişafı üçün nələr edərdi… Belə olsaydı, milyonlarla insanımız Rusiyaya gedərdimi? Minlərlə gənc ailələr evsiz qalardımı? Kənd təsərrüfatı indiki kimi bərbad duruma salınardımı? Qətiyyətlə deyirəm ki, yox!
Məqsəd
Ə.Kərimli dedi ki, diqqəti hazırkı rejimin Azərbaycan cəmiyyətinə vurduğu zərbələrə çəkmək lazımdır:
– Deyirlər ki, Heydər Əliyev olmasaydı, Azərbaycan olmayacaqdı. Öz rüsvayçı əməllərinə haqq qazandırmaq üçün milləti şantaj edirlər.
AXCP sədri bildirdi ki, indi məqsəd 20 ilə yaxın gecikmədən sonra olsa da, o yaraları sağaltmaq və Azərbaycanı qiyam nəticəsində hakimiyyətə gələn bu rejimdən xilas etməkdir.
Qiyam və Qarabağ
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, keçmiş baş nazir Pənah Hüseyn diqqəti 4 iyun qiyamı haqqında Azərbaycan ictimaiyyətinə məlum olmayan məqamlara çəkdi. P.Hüseyn bildirdi ki, bu qiyam Qarabağın işğaldan azad edilməsi prosesinin qarşısını alıb. Onun sözlərinə görə, Kəlbəcərin işğalından sonra Azərbaycanın beynəlxalq aləmdə vəziyyəti möhkəmlənmişdi: “Ermənistanın hərbi uğuru bu ölkənin təcrid olunmasıyla nəticələndi. Həmin vaxt Azərbaycan diplomatik sahədə ən ciddi uğurlarını qazandı. Kəlbəcərin işğalından sonra geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsi ciddi şəkildə təhrif olunub. Kəlbəcərin işğalı avantürist addım idi. Bu hadisəyə görə Ermənistanla qondarma Qarabağ Respublikası arasında siyasi böhran başlamışdı. Onların işğalçı planının üstü açıldı. Onlar özlərini müdafiə edə bilmirdilər. Klinton on gün ərzində Qarabağla bağlı Elçibəyə iki dəfə məktub göndərdi. İngiltərənin prosesə daxil olmaq səyləri meydana gəldi. Kəlbəcərin işğalından sonra Türkiyə proseslərin tərəfi kimi meydana girdi. Türkiyə prezidenti Tutqut Özalın vəfatı Azərbaycanın haqlı davasına mənfi təsir göstərdi… 1993-cü ilin martında Bakı-Ceyhan kəmərinin çəkilməsilə bağlı Elçibəy və Dəmirəlin iştirakıyla ilkin razılıq sənədi imzalandı. Bu iki mühüm hadisə Azərbaycanın geosiyasi vəziyyətini dəyişmişdi. Bunlar Elçibəyin apardığı siyasi kursun nəticəsində baş vermişdi”.
Burada sirr var…
P.Hüseyn dedi ki, o zaman ABŞ və Qərb dövlətləri ilə Ermənistan arasında bu zamana qədər təfərrüatları açıqlanmayan danışıqlar prosesi gedib: “Surət Hüseynovun yaratdığı hərbi birliyin “Xalq Məclisi”ndə Azərbaycan hakimiyyətinə qarşı sürülən ultimativ tələblərdən biri danışıqların dayandırılması idi”.
P.Hüseyn bildirdi ki, 4 iyun qiyamında S.Hüseynova dəstək verən xarici havadarları və indiki iqtidarda təmsil olunan şəxslərin rolu araşdırılmalıdır: “Təsadüfi deyil ki, 4 iyun hadisələri barədə məhkəmə işləri yarımçıq saxlanılıb”.
Heydər Əliyev izi
O zaman Ali Sovetin deputatı olan İbrahim İbrahimli Heydər Əliyevin bu proseslərdə iştirakını diqqətə çatdıraraq dedi ki, milli hakimiyyətə qarşı iki müxalifət olub: “Onlardan birincisi Heydər Əliyevin rəhbərlik etdiyi, ikincisi isə hərbi müxalifət idi. Baş verən hadisələr zamanı Elçibəy hakimiyyətinin devrilməsi üçün İran və Rusiyadan birbaşa dəstək gəlmişdi. Milli qüvvələr zəifləsə də, cəmiyyəti və özünü ayaqda saxlaya bildi. Bu hadisələrin ssenarisi Heydər Əliyev tərəfindən yazılmışdı”.
Müsavat başqanının müavini Tofiq Yaqublu əlavə etdi ki, 4 iyun qiyamı 6 rayonun işğalı ilə nəticələnib.
Elçibəy və vəzifə hərisləri
Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi ki, 4 iyun hadisələrinə həsr olunan dəyirmi masanın təşkilində məqsəd qiyamın Azərbaycanda hansı fəsadları yaratdığı haqda danışmaq, həqiqətləri cəmiyyətə çatdırmaqdır. İ.Qəmbər qeyd etdi ki, 1993-cü ilin yay-payız dönəmində neft müqaviləsinin imzalanmasına, özəlləşdirmə prosesinə, parlament seçkilərinin keçirilməsinə hazırlıq gedirdi:
– Parlament seçkiləri ilə azad siyasi sistemdə irəliləyiş olacaqdı. Azad, demokratik cəmiyyət bərqərar olunacaqdı. Test üsulu normal təhsil sistemi üçün atılan uğurlu addım idi. Elçibəyin siyasi rəqiblərinin övladları da universitetlərə qəbul olundular. İndiki hakimiyyət 4 iyun haqqında danışanda deyir ki, Elçibəy səriştəsiz idi. Ölkə dağılırmış və guya, bunlar bizi xilas ediblər. Biz iddia etmirik ki, ideal idik. Amma bu hakimiyyət millətə xidmət edən, millət üçün hər cür fədakarlıqlara hazır olan bir hakimiyyət idi. Artıq Əliyevlər hakimiyyətinin arqumentləri lağa qoyulur. Bu hadisə Moskva və Tehranın müəyyən dairələrinin dəstəyilə planlaşdırılmış olay idi. Həmin qüvvələr 4 iyunun ilhamvericisi idilər. Azərbaycanda vəzifə hərisləri o dövrdə də ortaya çıxmışdılar.
Cinayətlərə görə cavab verilməlidir!
İsa Qəmbər qeyd etdi ki, həmin dövrdə baş verənlərə diqqətlə nəzər salanda Elçibəyin diqqətli davranışını, vətəndaş müharibəsinə yol vermək istəmədiyini görməmək mümkün deyil:
– Xaricdən “Kəlbəcərin işğalından sonra Elçibəy hakimiyyəti ayaqda qaldı, görək daxildə qiyamdan sonra da ayaqda qala biləcəklərmi?” deyə açıq iddialar gəlirdi. Hadisələr haqqında danışanda onun xırda detallarına yox, səbəblərinə və fəsadlarına diqqət yetirmək lazımdır.
Müsavat başqanı sonda onu da əlavə etdi ki, qiyamla hakimiyyəti qəsb edən Əliyevlər hakimiyyəti tarix qarşısında cavab verəcək: “Yaxşı olardı ki, 4 iyunda törətdikləri cinayətlərə görə cavab vermək haqda düşünsünlər”.
Natiq



