Avropa Birliyinin prezidenti Herman van Rompey iyulun 5-də Azərbaycana səfər edəcək
Bu barədə APA-ya açıqlamasında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.
Onun sözlərinə görə, bu, yüksək səviyyəli prezident səfərdir və AB prezidentinin Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq: “Bu, Avropa Birliyi prezidentinin regiona ilk səfəridir. Bu səfər göstərir ki, AB region ölkələri, o cümlədən Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir”.
Səfər zamanı AB prezidenti Azərbaycanda bir sıra məsələlər, o cümlədən Azərbaycanla qurum arasında əlaqələr, Dağlıq Qarabağ münaqişənin həlli barədə müzakirələr aparacaq.
R. Kobia Avropa Komissiyasının prezidenti Manuel Barrozo və AB-nin Təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Ketrin Eştonun Dağlıq Qarabağ münaqişənin həllində AB-nin daha aktiv rol oynamaq istədiyini dəfələrlə bəyan etdiklərini xatırladıb.


