Britaniya mediasının Əliyev hakimiyətinə hücumları davam edir
Britaniyanın nüfuzlu “The Telegraph” qəzetində Azərbaycanla bağlı növəbti məqalə dərc olunub. Qəzetin köşə yazarı Kliv Ceyms BBC-də Azərbaycandakı rejim haqqında gedən tənqidi reportaja münasibət bildirib. Müəllif yazır ki, BBC-nin reportajından sonra ölkəmizlə bağlı gəldiyi qənaət budur: Azərbaycan polis dövlətidir.
Kliv Ceyms Azərbaycandakı vəziyyəti “Eurovision-2012”nin finalı fonunda işıqlandırıb: “Əmin ola bilərsiniz ki, mahnı və rəqs kollektivləri səhnədə sənətlərini nümayiş etdirəndə Bakı küçələrində dissidentlər döyülürdü. BBC-in jurnalistləri İngiltərə ifaçısı Engelbert Hamperdinkdən Azərbaycandakı rejimi tənqid etməsi üçün fikir bildirməsini istədi. O isə “bu axmaqlar məzhəkə üçün yarayır” demək əvəzinə diplomatik şəkildə susdu. İngiltərə ifaçısının məğlubiyyəti şərh verməyə belə dəymir. İsveçli Lorinin oxuduğu “Eyforiya” mahnısı isə nəyəsə dəyərdi. ABBA nümunəsində olduğu kimi, biz yenidən İsveç musiqi mədəniyyətinin təsirini yaşadıq”.
Britaniyanın başqa bir nüfuzlu qəzeti “The Guardian”ın köşə yazarı Timoti Qartin Eş isə son zamanlar beynəlxalq idman və mədəni tədbirlərin insan haqlarının pozulması səbəbiylə boykot edilməsinin gündəmə gəlməsinə toxunub. Müəllif Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya qarşı qeyri-insani rəftarı əsas gətirərək bu ölkədə keçirilməsi planlaşdırılan futbol üzrə Avropa çempionatının Avropa Birliyinə üzv dövlətlər tərəfindən boykot edilməsi təklifini şərh edib.
Onun yazdığına görə, universal dəyərləri müdafiə edən ölkələrin mədəni və idman tədbirlərini boykot etməsi üçün xüsusi qərarın qəbuluna ehtiyac yoxdur. Çünki insan haqlarının pozulmasına, söz azadlığının mədhdulaşdırılmasına görə narahat olan hər bir ölkə öz iradəsinə uyğun qərar verməlidir. Universal dəyərlərin qorunması naminə fərdi qərarlar da əhəmiyyətli sayıla və bu, tendensiyaya çevrilə bilər. “The Guardian”ın yazarının fikrincə, “Çin, Rusiya və Azərbaycan kimi avtoritar və korrupsioner rejimlərin hökm sürdüyü ölkələrdə” mədəni və idman tədbirlərinin boykot olunması ilə bağlı qərarlar da zamanında qəbul edilsəydi yaxşı olardı.
İnformasiya şöbəsi