Sabirabadın Qalaqayın kəndində məmur özbaşınalığı baş verib. Bu barədə məlumat “Azadlıq”a AXCP-nin Sabirabad rayon təşkilatından daxil olub. Məlumata görə, Qalaqayın kənd bələdiyyəsinin sədri Mirnəsihət Məmmədov qardaşı Seyidrəsul və 30-a qədər qoçu dəstəsi ilə kənd sakini Eyzam Tağıyevi qəddarlıqla döyüblər: “Hadisə mayın 25-də baş verib. Yerə yıxılan Eyzama zərbələr endirən dəstə onun öldüyünü zənn edərək ondan əl çəkiblər. Hadisə magistral yolun kənarında olan ərazilərin bələdiyyə tərəfindən satılmasına görə baş verib. Belə ki, magistral yolun yenidən çəkilməsinə başlanılıb. Buna görə yol kənarında bütün obyektlər sökülməlidir. Bələdiyyə sədri Mirnəsihət əhalini aldadaraq həmin əraziləri xırda sahibkarlara və sadə əhaliyə satır ki, yolun kənarını genişləndirəndə torpaq sahibləri dövlətdən kompensasiya alsınlar. Eyzam da bu qanunsuzluğa etiraz etdiyinə görə cəzalandırılıb”.
Ramin


