Behbud xan Cavanşir…
Azərbaycan Xalq Cümhuriyyətində önəmli vəzifə tutan və sonradan erməni terrorunun qurbanı olan şəxslərdən biri də məşhur Cavanşirlər nəslinin nümayəndəsi Behbud xan Cavanşirdir.
Onun həyatı və fəaliyyəti uzun illər araşdırılmayıb. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra Behbud xan haqqında çoxlu yazılar nəşr olunub və tədqiqatlar aparılıb. Xalq Cümhuriyyəti haqqında əsl gerçəklər üzə çıxarıldıqdan sonra onunla bağlı arxivlərdəki həqiqətlər işıq üzü görüb. Behbud xan haqqında yazılı mənbələrdə maraqlı məlumatlar var.
1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: “Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən “Difai” antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qarabəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsabəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur”.
Bu məlumatda adları çəkilən ziyalıların vaxtaşırı Behbud bəyin Qarabağın Azad Qaraqoyunlu kəndindəki evində yığılması xəbər verilir.
Behbud xan Cavanşir 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. Demokratik hakimiyyət dövründə Ticarət və Sənaye nazirinin müavini vəzifəsində çalışan Behbud xan Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsidir. O, 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub. Behbud xan burada Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. Sonra 1902-ci ildə Almaniyaya gedib Frayberq Dağ-Mədən Akademiyasına daxil olan Behbud xan burada mükəmməl təhsil alıb. Akademiyanı fərqlənmə diplomu ilə bitirərək mühəndis ixtisasına yiyələnib. Behbud xan alman dilinə mükəmməl yiyələndikdən sonra ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçib, 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb.
Yazılı mənbələr göstərir ki, 1908-ci ildə Bakıda “Daşnaksütyun” partiyasını möhkəmləndirmək məqsədi güdən xəyanətkar Stepan Şaumyan pərdələnərək Behbud xanın sayəsində “Xalq evinin” müdiri təyin olunur. Dubinski-Muxadzenin “Şaumyan” kitabında bu məsələlərə aydınlıq gətirilir. Orada bildirilir ki, realnı məktəbdə altı il birgə oxuyub, ürək sirlərini bir-birinə açan Azərbaycanlı xanın oğlu Behbud Cavanşirin erməni Şaumyanın həyatındakı rolu böyük olsa da, Stepanla Behbud çox vaxt eyni yolla getməyiblər. Onları bir-birindən çox şey ayırırdı – ictimai vəziyyət, həyat idealları, siyasi baxışlar.
Daxili işlər naziri…
1918-ci il iyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin yaratdığı hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutan Behbud xan Cavanşir həmin il oktyabrın 6-da Sənaye və Ticarət nazirini də əvəz edir. O, sonradan vəzifədən uzaqlaşdırılsa da, parlamentdə iştirak edir və 18 iyul 1919-cu ildən “Dəyanət” kommersiya şirkəti açıb xarici ticarətlə məşğul olur, bu sahədə misilsiz müvəffəqiyyət qazanır.
Sovet zamanında Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə Cənubi Qafqaz Soveti Xarici Ticarət Təmsilçisi kimi, neft-mədən avadanlığı almaq üçün bir müddət Almaniyada yaşayan Behbud xan Cavanşir 1921-ci ilin yayında milliyyətcə rus olan həyat yoldaşı Tamara xanım, eləcə də qardaşları Surxay və Cümşüdlə birlikdə İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olur. Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım xatirələrində yazır: “Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi, onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi…. Azərbaycan daxili işlər naziri Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə başındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən evimizi tərk edib “Pere Palas” mehmanxanasına yerləşdilər. Ertəsi gün səhər tezdən anamla Behbud xanın axşam “Pere Palas” mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik” (Vilayət Quliyev).
17 iyul 1921-ci ildə Behbud xan Cavanşir İstanbulda erməni terrorçu Torlakyan tərəfindən öldürülür. Ölümündən üç gün sonra bəzi qüvvələrin müqavimətinə baxmayaraq, Behbud xanın Beşiktaşda Yəhya əfəndi dərgahındakı dəfn mərasimi kütləvi nümayişə çevrilir. Amma məhkəmə prosesində az qala, millət qəhrəmanına çevrilən Torlakyan cəzasız qalaraq sərbəst buraxılır…
Məhkəmədə şahid kimi çıxış edən “Azərbaycan” qəzetinin müxbiri Şəfi bəy Rüstəmbəyov onun barəsində bunları demişdir: “Rus inqilabından əvvəl Cavanşir məşhur bir mühəndis idi. Sadəcə, peşəsi ilə məşğul olub siyasi işlərə qarışmazdı. İnqilabdan sonra namuslu bir vətənpərvər kimi, Azərbaycanın siyasi və milli məsələlərinə qoşuldu. Azərbaycan hökuməti qurulmamışdan əvvəl Müsavat firqəsinə mənsub idi. Ermənilərlə müsəlmanlar arasındakı ixtilafı sülh yolu ilə düzəltmək istəyirdi. Cavanşir sülhsevər insan olub ermənilər və müsəlmanlar tərəfindən təşkil edilən heyət üzvlərindən biri kimi, Gəncə və Qarabağa getmişdi. Cavanşirin Bakı erməniləri arasında bir xeyli dostu vardı. Cümhuriyyət dövründə daxili işlər naziri olmuşdu. Nazirliyi dövründə fəal adam olduğundan ermənilər və müsəlmanlar ondan çox razı idilər. Onun nazirliyi dövründə ölkənin heç bir yerində çatışmalar olmayıb. Azərbaycan və türk ordusu Bakını aldıqdan və hökumət Gəncədən Bakıya köçdükdən sonra onun əmrləri sayəsində Bakıda asayiş bərpa olunmuşdu”.
Qatil məhkəmə zalından sərbəst buraxıldı
Bundan başqa, məhkəmədə iştirak edən hüquq fakültəsinin tələbəsi Sürəyya xanım Ağaoğlu xatirələrində yazır: “Kiçik, zəif adam olan qatil tir-tir titrəyirdi. Prokuror onun üçün ölüm cəzası istədi. Tələb bizi də heyrətləndirdi. Bu gənc zabitdən belə cəsarəti gözləmirdik. Lakin həmin prokuror 24 saatın içərisində Türkiyədən uzaqlaşmağa məcbur edildi. Yerinə gələn yeni prokuror isə müttəhimin bəraətini istədi. Təbii, qatilə bəraət verildi və həmin gecə buradakı ermənilər tərəfindən “vəkili ilə birlikdə Amerikaya qaçırıldı” fikri səslənməyə başladı”.
Bu faktın özü də siyasi şounun acı nəticələrini təsdiqləyir.
Behbud xanın ölümündən sonra kiçik qardaşları Cümşüd və Surxay ömürlük Türkiyədə qalırlar. Tamara xanım ömrünün sonuna qədər Moskvada tənha yaşayır. 1948-ci ildə sürgündən qayıdan Behbud bəyin bacısı oğlu Əkbər Cavanşir yolüstü Tamara xanımın qonağı olarkən ondan ailə qurmamasının səbəbini soruşur. Tamara xanım belə cavab verir: “Behbud xan kimi bir kişi tapmaq mümkünsüzdür”.
Məhkəmədə vəkil kimi çıxış edən Haydar Rıfat bəyin qızı Hamiyet xanım ilə Cümşüd Cavanşirin izdivacından dünyaya gələn Behbud Cavanşir xatirələrində atasının vətən həsrətindən söz açır. Cümşüd bəyin turist kimi Sibirə gedərək öz qohumlarını orada soraqlamasından, xüsusən qardaşı Rəşidin kiçik qızları Zəminə ilə Bəturədən nigarançılığından söz açır: “Son olaraq atam Cümşüd xan bir ara SSRİ konsulluğuna baş vurub minbir əziyyətlə icazə alaraq Azərbaycanda qalan Rəşid əmimizin qızlarını Türkiyəyə gətirməyə nail olmuşdu…”