Heç bir işin qulpundan yapışmayan adamların kənardan ona-buna ağıl verməsi nə zamansa indiki qədər qıcıq doğurmayıb. Çünki internet dövrüdür, Facebook-dan bunu eyni vaxtda minlərlə insan görür, minlərlə insan tərəfindən paylaşılır, anlaşılır. Quş dimdiyindən tanındığı kimi, indi insan “statusundan” tanınır. Yəni sosial şəbəkədə yazdığı qeydindən, mesajından. Lakin bir şeyi də deyim ki, çox pis qıcıq yaradan o cür adamlara da bir təhər dözmək olur, qıraqdan sakitcə dayanıb haqsızın uğuruna tamaşa edənlərə, əl çalanlara isə dözmək olmur. Belələri bir nəfər, yüz nəfər olsa nə var, çağırar deyərsən ki, ay insan, ay kişi, sənin gördüyün işin adı filan şeydir. Adam da bu “filan şeyi” bir xeyli düşünər, bəlkə də yolunu başqa səmtə salar…
İndi danışacağım əhvalatın təsvir edildiyi əsərin adını yazmayacağam, müəllifini də. Çünki hamınız oxumusunuz onu. Bir nəfər görür ki, şəhərdə getdiyi səmtdə xeyli insan yığışıb nəyəsə gülür. Yaxınlaşır. Görür ki, balaca bir it böyük bir iti qabağına qatıb qovur. Adamlar da buna baxıb gülür, əl çalır. Bu tamaşanı görən adam isə başlayır ağlamağa. Ona görə ki, həmin gülən adamların əl çalmasının balaca itə güc verdiyini, üz verdiyini anlayırdı. Ağlaya-ağlaya düşünürdü ki, məhz adamların belə etməsi üzündən həmin şəhərin əhli it günündə yaşayır. Bu “it günündə olmaq” ifadəsi də ayrı bir söhbətdir…
Daşkəsəndə, Qubada, Tovuzda dilimizdəki “it günündəsən” ifadəsi təzadlı görünməyə bilər. Bakıda isə kefi kök, günü ağ, görkəmi üslublu və gözəl olan itlər çoxdur. Məsələ həm də təkcə onların yaxşı gün-güzaranında deyil. İnsanların toplum olaraq necə ağırlıqlar yaşaması bir yana, böyük şəhərin ən gözəl yerində də uzanıb-qalmış, bürüşüb-durmuş və itdən də pis gündə olan adamlar görmək olar. Sayı da az deyil. Onları görəndə adam fikirləşə bilər ki, itə nə olub ki?! İt… bayaq incə-mincə bir xanımın qucağında daranmış və ətirlənmiş keçdi. Yaxud maşının dalında baxa-baxa gedirdi. Eləsi var quzuya oxşayır, eləsi var pişiyə. Eləsi var sanki cüyürdür. Bəzilərinin saçlarının parik olduğunu düşünürsən.
Bütün bunlardan sonra adam kiməsə “it günündəsən” deməyə çətinlik çəkir. Təzadlıdır. Lakin daha təzadlısı odur ki, yenə də deyirsən və deməyə bilmirsən.
İt insanın ən yaxın dostuna çevrildi, ov heyvanı oldu, ev heyvanı oldu. Bəzək-düzək istifadəçisinə, gedək-gəzək yoldaşına çevrildi. Amma it mənfi çalarını, qaxı anlamını, söyüş yükünü itirmədi. Əsl təzad bundadır.
Nə qədər təəccüblü olsa da, təsərrüfatını qurddan it vasitəsilə qoruyan insan oğlu “it” sözünü söyüş kimi istifadə etdiyi halda, qurda hörmət edir, onu dəyərləndirir. İt qurddan fərqli olaraq bir aşağılıq da ifadə etməkdədir.
Niyə belə olduğunu izah etməyə tək bir dəlilimiz var. Dəlil deyəndə, əslində, söhbət gördüyümüz və bildiyimiz bir gerçəkdən gedir.
İt darana da bilər, şampunlanıb-ətirlənib qızıl boyunluq və timsah dərisindən ağızlıq da daşıya bilər. Ailə süfrəsinin ətəyində əyləşib çini qabda quzu əti də yeyər. Kondisionerli “Mersedes”in arxasında və ya sarışın gözəlçənin qucağında çimərliyə də gedər. Lakin bunların hamısı bu heyvana verilir. Hamısı ən sonda pay, yal və sığal qismindədir. Onun özünün əldə etdiyi, qapdığı, qazandığı, aldığı deyil.
Onun qurddan fərqi də bundadır. Əl və ev heyvanı olmaq üçün əhliləşməyən, qabağına atılan əti yeməyən, başqasının ovuna dişini vurmayan qürurlu həmcinsindən özgəliyi bundadır. İt və it günündə olmaq budur!
Bu isə həm gülməlidir, həm ağlamalı…