Müxalifət istiqlal bayramını Novxanıda izdihamla qeyd etdi (FOTO/VİDEO)
İctimai Palata mayın 28-də Respublika Günü münasibətilə Novxanıda – Məmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbiri keçirib. Tədbirin aparıcısı olan İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rahim Hacıyev 1918-ci ildə Cümhuriyyətin qurulmasının Azərbaycan xalqının qürur duyduğu hadisə olduğunu vurğulayaraq, tədbirə toplaşanları bu gün münasibətilə təbrik edib.




Rəsulzadə xalqımıza azadlıq daddırdı…
Açılış nitqindən sonra ilk çıxışçı Müsavat başqanı İsa Qəmbər olub. Müsavat başqanı çıxışında demokratik qüvvələrin Rəsulzadə ideyaları uğrunda mübarizəsindən danışıb, bu mübarizənin tezliklə qələbə ilə bitəcəyinə inamını ifadə edib:
– Bu, Azərbaycan xalqının tarixində ən şərəfli günlərin yəqin ki, birincisidir. 94 il əvvəl Rəsulzadənin rəhbərliyi ilə yoxdan bir bayraq yaradılaraq, Azərbaycan xalqına və dünyaya təqdim edildi. Bu dövlət bir xalqın yüz illərlə yaşamasına, azadlıq, demokratiya uğrunda mübarizəni davam etdirməsinə nümunə oldu. Təsadüfi deyil ki, xaricilərlə görüşlərdə ölkəmizi təqdim edərkən Şərqdə ilk demokratik cümhuriyyət olduğumuzu bildiririk, həmin cümhuriyyətin insan haqları sahəsində atdığı addımları, o cümlədən qadınlara səsvermə hüququ verməsini sadalayır, bununla da Azərbaycanın müasirliyini göstərməyə çalışırıq. Düzdür, bugünkü hakimiyyət həmin işləri kimlərin etdiyini deməyi “unudur”, Müsavatın, Rəsulzadənin adını çəkmirlər. Rəsulzadə xalqımıza azadlıq daddırdı. Bunlar isə istəyirlər ki, xalq azadlığın dadını bilməsin. Bu iki zümrə arasında əsas fərq də budur: Xalq üçün və özləri üçün çalışanlar.
“Borcumuz demokratik cəmiyyət qurmaq, ölkəni görməmiş hakimiyyətdən azad etməkdir”
Dostlarımızın bir qismi bu bayramı növbəti dəfə zindanda qarşılayır. Arif Hacılı başda olmaqla, onların hamısını bayram münasibətilə təbrik edirəm. Onlar zindanda da azadlıq uğrunda mübarizələrini davam etdirirlər.
Son iki ildə Azərbaycanda demokratiya uğrnda mübarizənin çox önəmli səhifələri yazıldı. İctimai Palata yaradıldı, hakimiyyətə təkliflərini bildirdi, Azərbaycan xalqını dünyaya bir daha təqdim etdi. Bunun nəticəsidir ki, bu gün dünya gözünü Azərbaycana dikib. Azərbaycanın demokratik qüvvələrinin mübarizəsi dünya mediasının diqqətini ölkəmizə cəlb etdi. Bu xalq azadlığa layiq xalqdır.
Ötən yüz ildə Azərbaycan xalqı böyük nümunələr ortaya qoyub. Borcumuz bu böyük insanların yolunu davam etdirməkdir. Həqiqi demokratik cəmiyyət qurmaq, torpaqlarımızı işğaldan, ölkəmizi bu quldur, görməmiş hakimiyyətdən azad etmək, Azərbaycan vətəndaşını dünyanın ən qürurlu vətəndaşı halına gətirməkdir.



Respublikamızı geri qaytaracağıq!
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir də çıxışında Rəsulzadənin “heçdən bir bayraq yaratdığını”, Sovetlərin işğalı ilə endirilən o bayrağın müstəqillik uğrunda mübarizə nəticəsində yenidən ucaldıldığını xatırladıb. Publisist çıxışında “Respublikamızı geri qaytaracağıq”, – deyə vurğulayıb: “28 May respublikaçılığın doğum günüdür. Biz bu gün respublikamızın davasını aparırıq. Məhəmməd Əmin Rəsulzadə üçrəngli bayrağı endirəndə açıb ürəyinin başına qoyub. Özü də deyib ki, mən bu bayrağı yaratdım. Amma indi onu endirmək məcburiyyətindəyəm. Bu bayraq yerə yox, Azərbaycan türkünün yanmış ürəyinə enir. Məhəmməd Əmin Rəsulzadədən sonra ikinci böyük öndərimiz Əbülfəz Elçibəy üçrəngli bayrağımızı parlamentin binasına asdı”.
Hakimiyyətin Respublika Gününə ögey münasibəti
ADP sədri Sərdar Cəlaloğlu isə hakimiyyəti Respublika Gününü onun adına, mahiyyətinə uyğun keçirmədiyi üçün ittiham edib. Bildirib ki, vaxtilə Rəsulzadə xalqa müstəqilliyin şirin dadını daddırdıqlarını bildirirdi, indiki iqtidar isə şirinlikdən əsər-əlamət qoymayıb: “Bu gün Azərbaycandakı hakimiyyət xalqı dövlətə yadlaşdırmaqla məşğuldur. İki gün əvvəl “Eurovision” kimi dəbdəbəli tədbirə ev sahibliyi etsə də, Respublika günü kimi müqəddəs və önəmli gündə heç bir təbdir görmədi. Ona görə də Azərbaycan xalqına layiq iqtidarı bərqərar etməliyik”.
Ölkəmizə demokratiya qazandıracağıq!
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn isə siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlını təbrik etdi: “Çünki bu, Azərbaycan xalqının bayramıdır. Azərbaycana müstəqillik qazandırdıq, demokratiya da qazandıracağıq. Müstəqil Azərbaycan həm də demokratik Azərbaycan olacaq!”
İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli də çıxışına xalqı təbrik etməklə başladı. O, Müsavat ideyalarının daşıyıcılarına qarşı təzyiqlərdən danışdı: “Amma bu ideyalar uzun illər Azərbaycan xalqının qəlbində yaşadı. Və nəhayət, Elçibəyin rəhbərliyi ilə ikinci dəfə Azərbaycan Demokratik Respublikası bərpa olundu”.
Süni bayramların ömrü indiki rejiminki qədərdir
Sonda AXCP sədri Əli Kərimli çıxış etdi. Bu günün əhəmiyyətindən danışan AXCP sədri bildirdi ki, indi Azərbaycanda xalqının dəyərlərini bölüşməyən iqtidar olduğundan Respublika Gününə bu günə layiq olduğu qiymət verilməyib.



Respublika Gününün tariximizdə və təqvimimizdəki xüsusi yeri olmasından bəhs edən AXCP sədri onu qutsal adlandırıb və bildirib ki, bu gün Azərbaycan xalqı üçün təkcə müqəddəs deyil, həm də sabaha istiqamətdir. Əli Kərimli deyib:
“Azərbaycanda xalqın seçmədiyi, bu xalqın dəyərlərini bölüşməyən hakimiyyət olduğuna görə bu günə layiq olduğu qiymət hələ də verilməyib. Ona görə də mən diqqəti bu günün nə qədər qutsal olmasına cəlb etmək istəyirəm.
Bizim bir çox bayramlarımız var, biz böyük sevinclə tək bizim yox, bir çox Şərq xalqlarının qeyd etdiyi Novruzu qeyd edirik. Biz bəşəriyyətin böyük çoxluğuna qoşulub Yeni İli sevinclə, coşqu ilə keçiririk. Biz dini bayramlarımızı bütün müsəlman dünyası ilə qeyd edirik. Bir də xalqımıza sırınan süni bayramlar var. Onların da ömrü indiki rejiminki qədərdir, ona görə də biz onları saymırıq, boykot edirik. Amma biz azərbaycanlıların bir gerçək milli bayramı var. O, bu gündür – istiqlalımızın elan edildiyi, qürurlu bir gün.
Əziz həmvətənlərim, bu gün bizim üçün yalnız müqəddəs bir tarix deyil. Bu gün bizim üçün həm də sabaha istiqamətdir. Baxın, hazırda millət olaraq nə qədər məhrumiyyət içindəyik. Sərvətlərimiz bir qrup acgöz talançı tərəfindən məhv edilir, mənimsənilir. Azərbaycan vətəndaşlarının hüquqları, azadlıqları əllərindən alınır və ölkəmiz dünyada 25 azad olmayan dövlətlər sırasındadır. Torpaqlarımızın 20 faizini 20 ildir düşməndən ala bilmirik. Azərbaycan hakimiyyətini isə 40 ildir bir ailə əsir götürüb, onu da azad edə bilmirik. Bütün bu baş verənlərə görə əslində bizdə bir özündən bədgümanlıq yaranardı, düşünərdik ki, yəqin bu, bizim millət olaraq keyfiyyətimizə dəlalət edir. Amma yox, bu işıqlı nümunə bizdə natamamlıq kompleksi yaranmağa qoymur. Hər dəfə xatırlayırıq ki, yaşadığımız məhrumiyyətlər millətimizin təbii halı deyil. Millətimiz süni şəkildə bu vəziyyətə salınıb. Çünki bu millət 94 il əvvəl 25 ən qabaqcıl millətin biri olubsa, 94 il sonra düşdüyü vəziyyətə görə millət yox, onun içindən çıxan bu acgözlər, nadanlar, feodal düşüncəlilər məsuliyyət daşıyır. Bu nümunə – AXC bizim hamımızı çağırır ki, Azərbaycanımızı xilas edək. Ona görə mən dedim ki, AXC dünənki şərəfli tarix olmaqla yanaşı, sabaha yönələn hədəfdir, mayakdır. Biz o hədəfə yetişib millətimizi azad edəcəyik.


Ey böyük İnsan, sənin yolundayıq!
Biz hər il həm də bura böyük Məhəmməd Əmin Rəsulzadəyə hörmətimizi ifadə etməyə gəlirik. Bu böyük insan çox təzadlı tale yaşayıb. Allah ona böyük istedad vermişdi. O, gözəl siyasətçi, tarixçi, ədəbiyyatçı, yazar idi. Təpədən dırnağa qədər Azərbaycan sevdalısı, mübariz idi. Onun bəxtinə çox çətinliklər də düşmüşdü. Rəsulzadə həyatı boyunca nə qədər haqsızlıqlar, məhrumiyyətlər yaşadı… Ona olan bu haqsızlıqlar nə yazıq ki, o dünyasını dəyişəndən sonra da davam elədi. Bu gün natamamlıq kompleksi ilə yaşayan Azərbaycan yönəlticiləri hələ də Rəsulzadəyə qısqanclıqla yanaşır, onun böyük kimliyini etiraf etmək istəmirlər. Lazım olanda onun böyüklüyünə sığınırlar, beynəlxalq tədbirlərdə öyünürlər ki, bəli, 94 il öncə ilk dəfə Şərqdə, müsəlman dünyasında Azərbaycanda demokratik respublika qurulub. Buna baxmayaraq yenə də əllərinə fürsət düşən kimi Rəsulzadəni aşağılamaq vərdişlərindən əl götürmürlər. Ona görə də biz bu böyük insana layiq olduğu qiyməti vermək istəyirik. Burda bildiririk ki, başqa böyük öndərimizin – Əbülfəz Elçibəyin dediyi kimi, zaman hər şeyi yerbəyer edir. Nə 70 illik Sovetlər Məhəmməd Əmini xalqın gözündən sala bildi, nə də 20 illik sülalə rejiminin yalanı onun tarixdəki rolunu kiçildəcək. Bu millət Rəsdulzadəyə rəğbətini, sevgisini günü-gündən artıracaq. Mən bu bayram günündə deyirəm ki, ey böyük İnsan, sənin yolundayıq, sənin başlatdığın bu müqəddəs yolu davam etdirəcəyik. Bizlərə əmanət qoyduğun demokratik cümhuriyyəti təzədən bərpa edəcəyik, bu yolda optimizmimiz azalsa, səndən güc alacağıq, səndən dözüm, mətnlik alacağıq, səndən Azərbaycanı sevməyi öyrənəcəyik.
İndi isə bu böyük insana, bu millətə, bu dövlətə sevgimizi ifadə etmək üçün hamımız səsimizi o böyük öndərin səsinə qoşub deyəcəyik:
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı, Azərbaycan!”.


AXCP sədrinin çıxışından sonra bayram tədbiri dövlət himninin oxunması ilə başa çatıb. Liderlər M.Ə.Rəsulzadənin Novxanı qəbiristanlığında dəfn olunan yaxınlarının məzarını, daha sonra isə Fəxri xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət etdilər.
Hatiq Güləhmədoğlu



