ABŞ Dövlət Departamenti Suriyada hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunan razılığa münasibət bildirib.
Departamentin rəsmisi Mark Toner münaqişə tərəflərinin razılaşmaya sadiq qalacağına və ona tam şəkildə əməl edəcəyinə ümid etdiyini deyib.
«Reuters»in məlumatına görə, Toner zorakılığı dayandıran, insan həyatını xilas edən və siyasi danışıqlara şərait yaradan istənilən cəhdi alqışladıqlarını bildirib.
«Barışıq haqda xəbər hadisənin müsbət istiqamətə inkişafıdır. 6 ildir davam edən bu münaqişənin hərbi yolla həlli mümkün deyil. Ümid edirik ki, bütün tərəflər bu razılaşmaya əməl edəcək», deyə Toner əlavə edib.
Toner razılaşmanın əldə edilməsində ABŞ-ın iştirak etmədiyini, sonrakı detallarla bağlı Moskva və Ankaraya müraciət edilməli olduğunu bəyan edib.
Xatırladaq ki, Putin dünən Suriyada atəşin dayanması və sülh danışıqlarının başlaması ilə bağlı razılığıa gəlindiyini elan edib.
Putinin sözlərinə görə, Suriyada üç sənəd imzalanıb. Suriya hökuməti ilə silahlı müxalifət arasında imzalanan birinci sənəd ölkə ərazisində atəşkəsi nəzərdə tutur.
İkinci sənəd atəşkəsə necə riayət olunduğuna nəzarət və bu istiqamətdə kompleks tədbirlərlə bağlıdır.
Üçüncü sənəddə isə tərəflərin sülh danışıqlarına hazır olduğu bəyan edilir.
Razılığa əsasən Suriya ordusu dekabrın 30-u gecə saat 24.00-dan etibarən başlayaraq bütün ölkə ərazisində atəşi dayandıracaq.
Barışıq sazişi İŞİD, «Ən-nüsra Cəbhəsi» və onlara bağlı qruplaşmalara şamil edilməyəcək.
Gültəkin



