Leyla Əliyeva: “Avropa Birliyinin ünvanına bu cür açıqlamalar verməsi Azərbaycana yaxşı heç nə vəd etmir”
Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnaməyə rəsmi Bakı “müharibə” tonunda cavab verib. Xatırladaq ki, mayın 24-də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətanmədə sanksiyalara çağırış da var.
Belə ki, Avropa Parlamenti Avropa Birliyinin xarici əlaqələr üzrə ali nümayəndəsi Ketron Eştonu və Avropa Komissiyasını “Eurovision” müsabiqəsindən sonra Azərbaycandakı vəziyyəti müşahidə etməyə və AB üzvü olan ölkələri Azərbaycanda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb. Qətnamədə Azərbaycan hakimiyyətindən fikir azadlığı və sərbəst toplaşmaq azadlığına qarşı hücumları dayandırmaq tələb edilir. Parlamentin spikeri Oqtay Əsədov Avropa Parlamentinin sədrinə etiraz məktubu göndərib. Spikerin fikrincə, Azərbaycana qarşı qəbul edilən qətnamə qərəzli və ədalətsizdir.
YAP icra katibinin müavini Mübariz Qurbanlı isə hesab edir ki, Avropa Parlamentinin qəbul etdiyi bu sənəd öz ruhuna görə qərəzlidir və Avropanın bütövlükdə bu bölgədəki siyasəti ilə uzlaşmır. AŞ PA-dakı nümayəndə heytimizin rəhbəri Səməd Seyidov isə vurğulayıb ki, belə bir sənəd Azərbaycanı Avropa Birliyi ilə münasibətlərə yenidən baxmağa vadar edə bilər. Bəs Azərbaycanın Avropa Birliyi ilə münasibətləri yenidən sərtləşdirmə xətti tutması ölkəyə nə vəd edir?
Politoloq Leyla Əliyevanın fikrincə, hazırda dünyada demokratikləşmə dalğasının növbəti mərhələsi yaşanmaqdadır. Hazırda Avropa Birliyinin də öz prinsiplərinin müdafiəsi istiqamətində aktiv siyasət yürütdüyünü deyən L.Əliyeva vurğuladı ki, Brüssel demokratiyanın müdafiəsi sahəsində ona ünvanlanan ittihamları cavabsız buraxmaq niyyətində deyil: “Hazırda Avropa Birliyinin bir sıra ölkələrində – Bolqarıstanda, Macarıstanda demokratiya sahəsində yaşanan geriləmələr qurumu hərəkətə kətirib. Ona görə Avropa Birliyi hazırda öz nüfuzunun qorunmasına və demokratiya sahəsində imicinin korlanmamasına çalışır. Bu baxımdan Azərbaycanla əlaqələr də istisna deyil. Əgər əvvələr Azərbaycan kimi ölkələrin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə formal yanaşılırdısa, indi münasibət tamamilə başqa cürdür. Çünki Avropa Birliyi heç bir halda öz dəyərlərini təhlükə altına atmaq niyyətində deyil”.
AB-nın Azərbaycana münasibətdə də Belarusa sərgilədiyi mövqeyi ortaya qoyacağını istisna etməyən L.Əliyeva vurğuladı ki, ona görə yaxın zamanlarda Azərbaycana bir-birinin ardınca daha sərt iradların tutulacağı gözləniləndir. AB-ın yanaşmasının dəyişməsində beynəlxalq ictimaiyyətin mövqeyinin də mühüm rol oynadığını düşünən L.Əliyeva söylədi ki, Azərbaycan məmurlarının AB-yə qarşı sərt reaksiya sərgiləməsi heç də düşünülmüş və dövlət maraqlarına uyğun deyil: “Dövlət məmurları hazırda əllərində olan sərvətə güvənərək bu cür açıqlamalarla çıxış edirlər. Amma artıq anlamaq lazımdır ki, dünyadakı münasibətlər sistemi dəyişib. Qərb artıq daha sərt və ardıcıl formada dəyərlərinin müdafiəsinə qalxıb. Ona görə belə bir dönəmdə məmurların Avropa Birliyinin ünvanına bu cür açıqlamalar verməsi Azərbaycana yaxşı heç nə vəd etmir”.
Xəyal


