Ehtiyatsızlıqdan adam öldürmə maddəsilə cinayət işi başlanıb, mərhumun oğlu isə atasının qətlə yetirildiyini düşünür
Keçmiş müdafiə naziri Rəhim Qazıyevin, sabiq baş nazir Surət Hüseynovun məhkəmələrində dövlət ittihamını müdafiə etmiş, Xızı rayonunun prokuroru olmuş Qaraxan Ağayevin ölümü ilə bağlı CM-nin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda deyilir ki, 58 yaşlı Qaraxan Ağayev dekabrın 9-da Sabunçu rayonunda, “Küləfirəngi” restoranının qarşısında 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilsə də, dekabrın 21-də orada vəfat edib.
Məlumatda qeyd olunur ki, keçmiş işçisinin ölümünün səbəblərini Bakı şəhər prokurorluğunun İstintaq idarəsi araşdıracaq. İstintaqın gedişi Baş Prokurorluğun rəhbərliyinin nəzarətində olacaq.
Baxmayaraq ki, cinayət işi ehtiyatsızlıqdan adam öldürməyə görə açılıb, amma mərhum prokurorun oğlu İldırım Ağayev bu versiyanı qətiyyən yaxına buraxmır. O, əmindir ki, atasını baş nahiyəsindən küt alətlə (İldırım Ağayev hadisənin beşbarmaqla törədildiyini düşünür) qəsdən öldürüblər. Ona görə də bu versiya üzrə araşdırma getməlidir.
İldırım Ağayevin sözlərinə görə, ekspertiza da, 12 gün ərzində koma vəziyyətində olduğu xəstəxananın həkimi də atasına baş nahiyəsindən küt alətlə xəsarət yetirilməsi haqda rəy verib: “Atamın üzərində üç dəfə cərrahiyyə əməliyyatı aparılıb. Həkim dedi ki, adam azı üçüncü mərtəbədən yıxılmalıdır ki, başı bu vəziyyətə düşsün. O boyda hündürlükdən yıxılsaydı da, üzərində buna xarakterik başqa xəsarətlər də olmalıydı”.
İldırım Ağayev atasının ölümündə şübhələndiyi əsas şəxs kimi Nizami Tağıyevin adını çəkir. Vaxtilə Qaraxan Ağayev Xızının prokuroru olanda bu Tağıyev də həmin rayonun polis rəisi olub. İldırım Ağayev şübhələnməyinə əsas verən səbəbləri də açıqlayır. Deyir ki, atası sonuncu dəfə evdən Nizami Tağıyevlə görüşmək adıyla çıxıb. Onlar görüşüblər də. Üstəlik, atasını xəstəxanaya da o çatdırıb. Amma baş verənlər haqda onlara heç bir xəbər çatdırmayıb. Hadisə günü bütün gecəni səhərə qədər ailə üzvləri onu axtarıb. Bir sutkadan sonra xəbər tutublar ki, xəstəxanadadır.
İldırım Ağayevin sözlərinə görə, atası evdən çıxanda cibində 1100 və 320 manat olmaqla, ümumilikdə 1420 manat pul olub. Xəstəxanaya çatdırılanda 1100 manat üstündə olmayıb. Ehtimal edir ki, 1100 manatı onun cibindən götürüblər, o biri pul şalvarın arxa cibində olduğundan bundan xəbər tutmayıblar. Qaraxan Ağayevin telefonu da ortalıqda yoxdur.