Daha bir Britaniya qəzeti Əliyevlərdən yazdı

“Azərbaycandakı insan haqlarının vəziyyətindən daha acınaqcaqlı bir şey yoxdur”

Azərbaycanda ictimai-siyasi vəziyyət və insan haqlarının durumuyla bağlı daha bir məqalə İngiltərədə yayımlanan və dünyanın aparıcı qəzetlərindən biri olan “The Daily Express”də dərc olunub. Məqalə “Eurovision” utancının sahibi” başlığıyla yayımlanıb. Məqalənin əvvəlində gənc reper Camal Əlinin gənclərin etiraz aksiyası zamanı oxuduğu mahının sözlərinə görə təzyiqlə üzləşdiyi, təhdid və təziqlərə səbəbəindən Azərbaycanı tərk etdiyi yazılıb.

“The Daily Express” daha sonra yazır ki, bir çoxları 57-ci “Eurovision” musiqi yarışmasını qəbul edən ölkənin necə pis vəziyyətdə olduğunu bilmir. “125 milyon tamaşaçının izləyəcəyi yarışma Böyük Britaniyada yaşayan birisinə əyləncə kimi görünə bilər. Ancaq Azərbaycandakı insan haqlarının vəziyyətindən daha acınaqcaqlı bir şey yoxdur”, – deyə qəzet yazır.
“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatının rəsmisi Con Dalhauzen isə ingilis qəzetinə açıqlamasında belə deyib: “İşin ironiyası ondadır ki, “Eurovision “kimi musiqi yarışmasını qəbul edən Azərbaycan hakimiyyəti dinc aksiyalarda iştirak edən musiqiçiləri döyür və susmağa məcbur edir”.

Britaniya qəzeti ölkəmizin tarixi haqqında da qısa məlumat verir. Qeyd olunur ki, Avropa və Asiyanın qovşağında yerləşən, Xəzər dənizi ilə əhatə olunan Azərbaycan təbii ehtiyyatlarla zəngin ölkədir. “Azərbaycan XX əsrin əvvəllərində müsəlman aləmində və Şərq dünyasında ilk parlamentli respublikanın əsasını qoyub. Lakin qısa müddət sonra Sovet İttifaqının tərkibinə daxil olub və yalnız 1990-cı ildə öz müsətqilliyinə qovuşub. Sovet İttifaqı zamanında – ötən əsrin 60-70-ci illərində Azərbaycana sərt idarəçilik xarakteri olan Heydər Əliyev rəhbərlik edib. Sovet İttifaqının dağılmasından və Azərbaycanın müstəqil dövlət olmasından sonra o yenidən hakimiyyətə qayıtdı. Ömrünün son günlərinə qədər ölkəni idarə etdi. Sonra hakimiyyət onun oğlu İlhama keçdi. İlham Əliyev tez-tez korrupsiya və avtoritarizmdə günahlandırılır”, – deyə məqlədə qeyd olunur.

“The Daily Express” ölkəmizin “Eurovision” yarışmasındakı qələbəsinə və Azərbaycan hökumətinin müsabiqəyə hazırlıq işlərinə də toxunub. Qəzet yazır ki, İlham Əliyev ailəsi “Eurovision” yarışmasını səylə ələ keçirib: “Onun həyat yoldaşı Mehriban Əliyeva yarışmaya hazırlıq üzrə təşkilat komitəsinin sədridir. Müğənni kürəkəni Emin Ağalarov yarışmanın fasilə hissəsində oxuyacaq. 25000 yerlik “Crystal Hall” konsert zalının titkintisi zamanı hakim ailənin buradan maddi qazanc əldə etdiyinə dair iddialar da yayılıb”.
Məqalədə Bakının mərkəzində aparılan tikinti işləri və paytaxt sakinlərinin üzləşdiyi zorakılıqlar da vurğulanıb. Həmçinin Əliyev ailəsinin “ofşor şirkətlər vasitəsilə təbii ehtiyyatların işlənməsini həyata keçirən mədənlərdə paya sahibi olduğu” xatırladılır. Hakim ailənin bu yolla külli miqdarda qazanc əldə etdiyi yazılıb.

Qəzet “Eurovision” yarışmasını üçün Bakıya gələn qonaqların Azərbaycanla bağlı fikirlərinə də yer ayırıb. Onlardan Daniel Quld adlı biri fikrini belə ifadə edib: “Burda bulvarlar, klassik arxitekturalı binalar, qala divarları var. Aparılan kosmetik təmirlərdən aydın olur ki, burada çoxlu pul yuyurlar. Ölkə rəhbərinin öz hakimiyyətini və prestijini möhtəşəmlik və cah-cəlalla təqdim etdiyi bir diktatura təəsüratı yaranır”.

Siyasət şöbəsi