“Azərbaycan xalqı həmişə demokratiya arzuları ilə yaşayıb”

ABŞ prezidentindən Azərbaycana 28 May təbriki

ABŞ prezidenti Barak Obama 28 May Respublika Günü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Azərbaycanın dövlət başçısını və Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edən ABŞ prezidenti məktubunda yazıb: “1918-ci il mayın 28-də Azərbaycan fərəh və iftixar hissi ilə müstəqil dövlətini qurdu.

Azərbaycan xalqı həmişə demokratiya arzuları ilə yaşayıb və 70 ildən artıq müddətdən sonra 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi həmin arzuları bir daha canlandırdı.

Bu il biz, eyni zamanda, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında tərəfdaşlığın mühüm tarixini qeyd edirik, belə ki, 2012-ci ildə ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının iyirminci ildönümü tamam olur. Bu əhəmiyyətli hadisə münasibətilə mən hökumətlərimiz və xalqlarımız arasında vacib əlaqələri, eləcə də birgə əldə etdiyimiz mühüm nailiyyətləri qeyd etmək istərdim.

Bütün Azərbaycan xalqına dinc və firavan il diləyərək, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.