Neft gəlirləri məzənnəyə qurban verilir

dollarNeft Fondunun büdcəyə ödəməli olduğu manatı Mərkəzi Bankda saxlaması ilə bağlı açıqlaması iqtisadçılar arasında birmənalı qarşılanmayıb. Belə çıxır ki, büdcənin həmin manat kütləsinə ehtiyacı yox idi. Bəs, bu halda Fond neft dollarlarını niyə manata çevirməli idi? Təxminən 2 milyarda yaxın vəsaitin Mərkəzi Bankda 4,9 faizlə saxlanılması məlumatı da həqiqətə uyğun gəlmir.

Maliyyəçi-ekspert Ramin Rəhimov bildirir ki, Neft Fondu öz vəsaitlərini xarici banklarda saxlayır. Mərkəzi Bankda isə dövlət büdcəsindən maliyyələşən strateji qurumların hesabı olur. Bu halda isə hesablara görə Mərkəzi Bank hər hansı faiz ödənişi həyata keçirmir.

Məlumdur ki, Neft Fondu bu il büdcəyə 7,6 milyard manat transfert etməli idi. Artıq noyabr ayının sonunda Fond valyuta hərraclarına çıxartdığı dollar kütləsi ilə həmin vəsaitin manat ekvivalentini əldə etmişdi. Fond dekabrın 9-na olan məlumata görə, 5,6 milyard manatı büdcəyə transfert edib. Yerdə qalan vəsaitin büdcəyə transfertinə isə ehtiyac yoxdur. Çünki büdcə qənaət rejiminə keçib, iqtisadiyyata kredit qoyuluşları kəskin azalıb. Bir sözlə, dövriyəyə manat kütləsinin çıxarılmasının qarşısını alan hökümət bu yolla    həm də manatın sterilizasiyasını davam etdirir. Təbii ki, mövcud iqtisadi vəziyyət bu addımların atılmasını diqtə edir. Lakin yeganə mənfi məsələ isə gələcək nəsillərə saxlanmalı olan neft pullarının heç bir məqsəd olmadan manata çevrilməsidir. (Fins.az)