Dövlət Departamenti Azərbaycanı sərt tənqid etdi

ABŞ xarici siyasət idarəsi növbəti illik hesabatını açıqlayıb

ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı yayılıb. 2011-ci ili əhatə edən sənədin Azərbaycana aid hissəsində qeyd edilir ki, Azərbaycan Konstitusiyasında hakimiyyət bölgüsü nəzərdə tutulsa da, faktiki olaraq bu ölkədə prezident icra, qanunverici və məhkəmə hakimiyyətləri üzərində dominant mövqeyə malikdir.

Hesabata görə 2010-cu ildə keçirilmiş sonuncu parlament seçkisi ATƏT-in əsas demokratik seçki standartlarının bir çoxuna uyğun olmayıb. Ölkədə 50-dən çox partiya olsa da prezidentin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası siyasi sistemdə dominant rola malikdir.

“Etnik erməni separatçıları Dağlıq Qarabağın əsas hissələrini bu regionun ətrafında olan Azərbaycanın yeddi rayonunu nəzarətdə saxlayır” – deyə hesabatda yazılır.

Azərbaycanda insan haqlarının vəziyyətindən bəhs edən hesabat müəllifləri bu sahədə 3 əsas problem olduğunu bildirirlər: “Son 1 ildə nəzərə çarpan əsas insan haqları pozuntusu ifadə, toplaşma və birləşmə azadlıqlarının məhdudlaşdırılmasıdır. Xüsusilə yaz aylarında ölkədə demokratik islahatlar və hökumətin istefası tələbilə keçirilən etiraz aksiyaları zor tətbiq edilməklə dağıdılıb. Həmin aksiyalarda tutulanlardan 15 nəfəri 8 aydan 3 ilə qədər azadlıqdan məhrum ediliblər. Etiraz aksiyaları keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə göndərilən müraciətlər bütün il ərzində rədd edilib.

2-ci əsas problem, – sənədə əsasən, – icra hakimiyyəti orqanlarının məhkəmə hakimiyyəti üzərində hədsiz təsirinin olması ilə bağlıdır. Bu da siyasi motivli məhkəmə hökmləri, müstəqil vəkillərə qarşı tədbirlər görülməsi, polis, və ya hərbi idarələrdə təcridxanalarda işgəncələr haqda məlumatlarla müşayiət olunur. Belə təcridxanalarda azı 9 nəfərin həlak olması barədə xəbərlər var.

3-cü əsas problem insanların zorla evlərindən çıxarılmaları, şübhəli əsaslarla onların evlərinin sökülməsi və namünasib kompensasiya təklifi kimi hallarla müşayiət olunan mülkiyyət hüquqlarının pozulmasıdır.”

Hesabatda vurğulanır ki, həbsxanalarda bəzən insan həyatı üçün təhlükəli şərait, hökumətin siyasi rəqiblərinin qəsdən tutulması, onların məhkəməyə qədər uzun müddət həbsdə saxlanılması halları il ərzində davam edib: “Hökumət siyasi motivlərlə insanları həbsini, bəzi islam və xristian dini qrupların azadlıqların məhdudlaşdırılmasını da davam etdirir. Məhkəmə və başqa hüquq-mühafizə orqanlarını da əhatə etməklə ölkədə çox geniş yayılmış korrupsiya var.”

Dövlət Departamenti hesabatında əlavə edir ki, hökumət insan haqları pozuntuları ilə bağlı cinayətləri araşdıra bilmir. Cəzasızlıq əsas problem olaraq qalır (“Azadlıq” radiosu).

Bunlar Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair hesabatından Azərbaycanla bağlı hissənin qısa xülasəsidir. Hesabatı daha geniş formada təqdim edəcəyik.