Azadlıq üçün ağır hesab

saadet-cahangir-koseSəadət Cahangir

Dünyanın harasında bir qazan qaynasa, içindən mütləq rus çömçəsi çıxacaq, inanın. Dünən Qara dəniz üzərində qəzaya uğrayan rus hərbi təyyarəsinin hər hansı qazanla bağlı olub-olmadığını deyə bilmərəm. Amma acı həqiqət odur ki, həlak olan 92 nəfərlik heyətin əksəriyyəti mülki adamlardır-hərbi orkestrin solistləri, jurnalistlər, ictimai təşkilat nümayəndələri, həkimlər. Nə olursa-olsun, heç bir qəza-qədərə və ya terror hadisəsinə alqış tutacaq deyiləm. İnsanlar heç bir halda şovinist düşüncəli ölkə başçılarının qurbanına çevrilməməlidir. Anlaqlı və ya anlaqsız şəkildə onu dəstəkləsələr belə. Ancaq göründüyü kimi, əsas qurbanlar elə həmin insanlar olur. Qəzaya uğrayan rus təyyarəsinin Suriyaya uçduğunu və orada məsum insanların qarışqa kimi qırıldığını da nəzərə alsaq, acı gerçək ortada. Göründüyü kimi, qazanı qarışdıranlara bir şey olduğu yox, nə cəbhənin o tərəfində, nə də bu tərəfində. Minlərlə günahsızın ölümü, ortalığın qan gölünə dönməsi, şəhərlərin yerlə yeksan olması kimsənin vecinə deyil. Ortada günahsızlıq, məsumluq, insanlıq ölüb gedir, sadəcə…

 

Misir inqilabı zamanı dəhşətli bir fakt çıxmışdı ortaya, xatırlayarsınız. Etiraz mitinqlərində əsgəri qüvvələr bilərəkdən etirazçıların gözlərini nişan alırmış. Bu vəhşiliyin nəticəsində nə az, nə çox, 1500 adam ağır yara almış və onlardan 60 nəfəri həmişəlik gözlərini itirmişdi. Hadisələr zamanı gözlərini itirən həkim Əhməd Harara “Time” jurnalına demişdi ki,  “heç bir şey əvəzsiz verilmir, o ki, qaldı azadlıq…” O zamandan bəri dünyada baş verən dəhşətli hadisələri xatırlayıram və düşünürəm ki, heç bir siyasi oyun Harara kimi azadlıq istəyən insanların gözünün işığına dəyməz. Hətta o işığın bir zərrəsinə belə dəyməz. Suriyada etiraz aksiyaları yeni başlayanda da FB fəallarından biri Mugira eş Şerif türk jurnalistin onun Amerikaya bağlı olduğuna dair sualına belə cavab vermişdi: “Bunların hamısı iftira. Sizin azad yaşamaq haqqınız varsa, bizim də var. Azadlıq istəmək üçün nədən Amerikada təhsil almamız gərək ki?.. Baas yönətimi bizdən azadlığımızı, vətənimizi aldı. Suriyalı gənclər də bütün insanlar kimi azad olmaq istəyirlər. Əsəd ailəsi 40 ildir Suriya xalqına zülm edir, insanlarımızı zindanlara doldurur. Əsədin atası Hamada on minlərcə suriyalını öldürdü. Suriya xalqı 40 ildir bu günləri, azadlıq vaxtının gələcəyi zamanı gözləyirdi. İnşallah bu səfər Baas devriləcək və aylardır xəyalını qurduğumuz devrim gerçəkləşəcək.” Bu gənclərin azadlıq xəyalları dünənki rus təyyarəsi kimi niyə suya düşdü bilirsiniz? Qaniçən diktator Əsəd və Putin kimilərin üzündən. Bəs on illərdir qəlbi qan ağlayan, həyatı darmadağın olan, arzuları gözündə qalan o insanların xəyalları gerçəkləşəcəkmi görəsən? Gerçəkləşəcək, əlbət. Tez, ya gec gerçəkləşəcək. Amma kim qaytaracaq o gedən canları, paramparça olan həyatları, yer üzündən silinən şəhərləri, yurd-yuvaları? “İki şeyə haqqım olduğuna qərar verdim: azadlıq və ölüm. Birinə sahib ola bilməsəm, o birini istərəm, çünki heç kim məni canlı dustaq edə bilməz” –deyir Harriet Tubman. Harara da doğru deyirdi, şübhəsiz: heç bir şey əvəzsiz verilmir. Ancaq bu  verilən hesab da çox ağır deyilmi, sizə görə?