Partiya sədri Əliyevi Yezidlə müqayisə edib

Möhsün Səmədov: «Azərbaycan xalqı ayağa qalxmalı və zalım rejimin hakimiyyətinə son qoymalıdır»

Azərbaycan İslam Partiyası (AIP) məktəblərdə hicabın qadağan edilməsinə qətiyyətlə etiraz edir və bunu Azərbaycan xalqının mənəviyyatına zərbə kimi qiymətləndirir. Partiya sədri Möhsün Səmədovun yanvarın 2-də Partiyanın Baş Məclisində çıxışı əsasən buna həsr olunmuşdu. Islam Partiyası liderinin çıxışı YouTube-da yerləşdirilib.
Səmədov hicaba dəstək aksiyalarının xarici qüvvələr tərəfindən təşkil edilməsi barədə iddiaları təkzib edib. Daha sonra o, hakimiyyətin 4 mln. insanın ölkəni tərk etməsinə gətirib çıxaran siyasətini pisləyib.
Ədalətsizlik və rüşvətxorluq elə bir miqyasa çatıb ki, hətta Kürün təmizlənməsi üçün ayrılmış vəsait mənimsənilib və daşqın on minlərlə insanın evini su altında qoyub.
Elə həmin vaxt Bakıda on milyonlarla vəsait sərf edib gül bayramı təşkil ediblər, deyə Səmədov bildirib.
O, telekanalların əxlaqsızlığı təbliğ etməsindən gileylənib. Hazırda Məhərrəm ayı olduğunu xatırladan Səmədov bugünkü Azərbaycanla 1400 il əvvəl Kərbəlada baş vermiş hadisələri müqayisə edib. Daha sonra o, prezident Ilham Əliyevi Məhəmməd peyğəmbərin nəvəsi Imam Hüseyn və onun tərəfdarlarını amansızca qətlə yetirən Yezid ibn Müaviyə ilə müqayisə edib. Yezid cavanlıqda qumar oyunlarına həvəsli idi, mətbuatda gedən xəbərlərə görə, Əliyevə də bu, yad deyil. Yezid hakimiyyətə gəlişi ilə azanın qarşısını almağa səy etmişdi, bu gün də Azərbaycanda bu proseslər gedir, məscidlər sökülür, deyə Səmədov qeyd edib.
Yezid Müaviyə kimi bütləri səhnəyə gətirmişdisə, bu gün Azərbaycan cəmiyyətində Heydər Əliyevin bütünü təşkil edib, insanları ona sitayişə sövq edirlər. Yezid Imam Hüseynin şəhadətindən sonra onun tərəfdarları ilə hesablaşmağa başladı, hətta azyaşlı uşaqları səhraya sürgün etdi. Azərbaycanda indi hicaba xəyanət əli uzadırlar, deyə Səmədov qəzəbini dilə gətirib.
Məhəmməd peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AIP lideri qeyd edib ki, hazırda Azərbaycanda məhz belə vəziyyət yaranır.
Onun fikrincə, bundan sonra ölkədə daha çox faciə baş verəcək, belə ki, ölkə hökuməti tamamilə yəhudilərin ixtiyarındadır. “Buna görə Azərbaycan xalqı ayağa qalxmalı və zalım rejimin hakimiyyətinə son qoymalıdır”, deyə Səmədov bildirib. Toplantı iştirakçıları bu sözləri “Allahu Əkbər!”, “La Ilahə Illəllah!” şüarları ilə qarşılayıblar (Turan).